Kluni Ədalət Fondunun (CJF) "TrialWatch" proqramı "Abzas Media" korrupsiya araşdırmaları nəşrinə qarşı açılmış cinayət işi barədə yeni hesabat yayıb. Bu iş üzrə yeddi jurnalist və media əməkdaşı 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar maliyyə xarakterli bir sıra cinayətlərdə təqsirli bilinsələr də, özləri məhz jurnalist fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
"TrialWatch" proqramının eksperti, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş vitse-prezidenti Fransuaza Tülkens bu prosesi "ədalətin məsxərəyə qoyulması" kimi qiymətləndirib.
Hesabatda bildirilir ki, təqsirləndirilən şəxslər Azərbaycanın öhdəlik götürdüyü İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla qorunan əsas ədalətli məhkəmə araşdırması hüquqlarından məhrum ediliblər.
Sənəddə təqsirləndirilən şəxslərdən biri olan iqtisadçı-jurnalist Fərid Mehralızadənin məhkəmə ifadəsinə də yer ayrılıb. O bildirib ki, saxlanıldığı dövrdə müstəntiqlər onu döyüb və hədələyiblər. Onun sözlərinə görə, müstəntiqlər ona "Çox danışsan, axırın belə olacaq, bilmirdin" deyiblər.
Hesabatın hüquqi təhlil hissəsində aşağıdakı nəticələrə gəlinib:
- Prokurorluq hər bir təqsirləndirilən şəxsin fərdi cinayət məsuliyyətini sübuta yetirə bilməyib;
- İrəli sürülən ittihamlar məhkəmədə təqdim olunan sübutlarla təsdiqlənməyib;
- Müdafiə tərəfinin ittihamları mübahisələndirmək imkanları dəfələrlə məhdudlaşdırılıb;
- Məhkəmə prosesi Azərbaycanda müstəqil jurnalistlərin və hökuməti tənqid edən şəxslərin hədəfə alınmasının daha geniş tendensiyasının tərkib hissəsi olub.
Hesabatda Azərbaycanda məhkəmə sistemindən müstəqil jurnalistikanı hədəfə almaq üçün istifadə olunduğuna dair ciddi narahatlıqlar ifadə edilir.
Hökuməti tənqid edənlərin təqibi
İş üzrə təqsirləndirilən şəxslər - "Abzas Media"nın təsisçisi və direktoru Ülvü Həsənov; baş redaktor və qrant layihələrinin koordinatoru Sevinc Abbasova; nəşrdəki rolu mübahisələndirilən tərcüməçi Məhəmməd Kekalov; nəşrin jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova; "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdırmaçı-jurnalist Hafiz Babalı; AzadlıqRadiosunun jurnalisti və iqtisadçı, hökumətdəki korrupsiya hallarını ifşa edən yazıları ilə tanınan Fərid Mehralızadədir. Onun "Abzas Media" ilə əlaqəsi də məhkəmə boyu dəfələrlə mübahisələndirilib.
Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, saxtakarlıq, qaçaqmalçılıq, vergidən yayınma və mütəşəkkil cinayətkar dəstədə iştirak ittihamları irəli sürülüb. Amma hesabatda deyilir ki, irəli sürülən ağır ittihamlara baxmayaraq, məsələ donorların maliyyələşdirdiyi "Abzas Media" platformasının fəaliyyətindən qaynaqlanırdı.
Hesabat müəlliflərinə görə, bu cinayət təqibləri Azərbaycan hökumətini tənqid edənlərə qarşı aparılan məqsədli təzyiqlərin bariz nümunəsidir. Sənəddə bildirilir ki, bu yanaşma daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin siyasi motivli hesab etdiyi "Rəsul Cəfərov Azərbaycana qarşı", "Məmmədli Azərbaycana qarşı" və "Əliyev Azərbaycana qarşı" işlərinə bənzəyir. Hesabatda vurğulanır ki, hakimiyyət maksimum halda yalnız İnzibati Xətalar Məcəlləsi ilə tövsif edilə biləcək məsələlərə görə ağır cinayət ittihamları irəli sürüb və məhkəmədə təqdim edilən sübutlar bu ittihamları doğrultmayıb.
Təqsirsizlik prezumpsiyası pozulub
Hesabatın nəticəsinə görə, prokurorluğun və Bakı Ağır Cinayətlər Məhkəməsinin rəftarı təqsirləndirilən şəxsləri təqsirsizlik prezumpsiyası, qərəzsiz məhkəmə araşdırması, eləcə də ittiham tərəfinin sübutlarını mübahisələndirmək hüquqlarından məhrum edib. Məhkəmə bütün şübhələri ittiham tərəfinin xeyrinə həll edib, bununla da təqsirsizlik prezumpsiyasını pozub və müdafiə tərəfinin səmərəli müdafiə qurmaq imkanlarını məhdudlaşdırıb. Apellyasiya şikayətləri tamamilə rədd edilib, Ali Məhkəmə də aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.
Hesabat müəlliflərinin fikrincə, Ali Məhkəmə də qaldırılan hüquqi məsələlər üzrə məzmunlu təhlil aparmayıb.
Sənədə görə, məqsəd yalnız təqsirləndirilən şəxslərin orta və uzunmüddətli jurnalist fəaliyyətinə son qoymaq deyil, həm də onları həbsdə saxlamaqla hökumətin fəaliyyətini araşdıran yeni materialların hazırlanmasının qarşısını almaq olub.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.
Hökumət təmsilçiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə, yaxud siyasi səbəblərlə həbsdə deyil. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri konkret əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar.
Beynəlxalq insan haqları təşkilatları isə hökuməti haqsız yerə tutulanları dərhal azad etməyə çağırıb.