ABŞ və İran arasında hərbi qarşıdurmaya baxmayaraq, böhrandan çıxışın yeganə real yolu danışıqlardır. Bunu Azadlıq Radiosuna müsahibəsində ABŞ-nin Qətərdə səfiri olmuş Timmi Devis deyib.
Prezident Donald Tramp ABŞ-nin Hörmüzdə İran gəmilərinə qarşı dəniz blokadasının bərpa olunduğunu elan edib. Son günlər ABŞ ilə İran arasında döyüşlər də şiddətlənib. Hazırda diplomatiyaya qayıdış üçün hələ də real imkan varmı? AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlunun bu sualına cavabında keçmiş səfir deyib ki, yeganə real yol məhz diplomatiyaya qayıdışdır. Onun fikrincə, danışıqların və münaqişənin hazırkı vəziyyəti göstərir ki, hər iki tərəf yaşaya biləcəyi bir razılaşmaya nail olmaqda maraqlıdır.
“Bu münaqişənin nəticəsinin hər iki tərəfdən güzəştlər tələb edəcəyi hər keçən gün daha aydın görünür. ABŞ-nin danışıqların gedişindən narazı olduğunu başa düşürəm. Amma eyni zamanda yadda saxlamaq lazımdır ki, Hörmüz boğazında baş verənlərdən asılı olmayaraq dialoq davam edir”, – o əlavə edib.
Prezident Tramp bildirib ki, ABŞ "Hörmüz boğazının mühafizəçisi" olacaq. Bu praktikada regional təhlükəsizlik və İranla gələcək danışıqlar baxımından nə deməkdir?
Hörmüzdə “mühafizəçi olmamalıdır”
T.Devis deyir, bunu zaman göstərəcək. Hörmüz boğazında uzunmüddətli hərbi əməliyyat və ya davamlı münaqişə tələb edən istənilən vəziyyət qalıcı ola bilməz:
“Həll yolu Hörmüz boğazından sərbəst ticarətin bərpasındır. Bu, beynəlxalq su yoludur və əslində, heç bir "mühafizəçi" tələb olunmamalıdır. Müvəqqəti hərbi tədbirlər zəruridirsə, bunu anlamaq olar. Amma sonucda hamı, həm də Körfəz ölkələri əlavə yoxlamalar və məhdudiyyətlər olmadan sərbəst ticarət istəyir”.
Prezident Tramp boğazdan keçən yüklərə ABŞ-nin 20 faiz rüsum tətbiq edilməsini də təklif edib. Əsas müttəfiqlər üçün istisnalar ola bilərmi?
Keçmiş səfir indiki durumun fövqəladə olduğunu deyir. Onun fikrincə, Hörmüz boğazından istifadə üçün uzunmüddətli vergi və ya rüsum sisteminin presedentə çevrilməsi arzuolunmayan variantdır. Bu, artıq qlobal iqtisadiyyata təsir göstərər.
“Rüsumların tətbiqi və ya istisnaların olub-olmaması indiki məqama aid məsələlərdir. Amma son nəticədə həm region, həm də dünya ölkələri sərbəst ticarətin təmin olunmasında maraqlıdır. İstisnalar olsa da, olmasa da, beynəlxalq ticarətdə "imtiyazlı" və "imtiyazsız" ölkələr sistemi olmamalıdır”, - diplomat bildirir.
Keçmiş səfirlə müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz: ‘Watch The Dialogue, Not The Bombing’ In Iran, Former US Envoy Says