İranlılar ayağa qalxacaqmı

İranın Ali lideri Əli Xameneinin öldürülməsindən sonra Tehranda izdiham

ABŞ və İsrail İrana qarşı koordinasiyalı zərbələrə başlayandan sonra ABŞ prezidenti Donald Tramp iranlılara müraciətlə deyib ki, azadlıqları öz əllərindədir. Amerika İranda rejimin dəyişməsini istəyir, bu aşkardır. Bəs iranlılar ayağa qalxıb xarici zərbələrin işini başa çatdıracaqmı?

"Politico" nəşrində Deniel Blok siyasi təhlilçilər və iranlı ekspertlərlə müsahibələrinə əsasən yazır ki, onların hamısı Tehrana yeni liderlərin gəlməsini istəyir. Amma bu kütləvi hava zərbələrinin İranda rejimi dəyişəcəyinə şübhə edirlər.

Məsələ ondadır ki, indiyədək bombardmanlar heç bir ölkədə rejim dəyişikliyinə səbəb olmayıb.

İkincisi, İranın güclü repressiya maşını xalq etirazını yatırmaqda təcrübəyə malikdir.

Üçüncüsü, hətta Vaşinqton İslam Respublikasını parçalamağa və ya zəiflətməyə müvəffəq olsa belə, yorğun, sarsılmış iranlılar küçələrə çıxmağa qorxa bilərlər. Son etirazlarda minlərlə insan öldürülüb. Digər yandan, ölkənin siyasi müxalifəti də zəifdir, parçalanmış durumdadır.

Müəllif 1991-ci ilin fevralında ABŞ prezidenti Corc Buşun İraq xalqına müraciətini yada salır. O, İraq xalqını taleyini öz əlinə alaraq Səddam Hüseyni devirməyə çağırmışdı. Amerika bombardmanı dayandırandan sonra minlərlə kürd, şiə sünni hökumətə qarşı üsyana qalxdı. Onlar zəiflədilmiş ordunun məğlub olacağını düşünürdülər. Amma belə olmadı, Səddam qüvvələri beş həftədən də az müddətdə 50 minədək iraqlını qətlə yetirdi. Səddam daha 12 il də hakimiyyətdə qaldı.

ABŞ rəsmiləri də skeptikdir

"Reuters" isə ABŞ-nin bir çox aparıcı rəsmilərinə istinadla İrana qarşı hərbi əməliyyatın yaxın gələcəkdə rejim dəyişikliyinə səbəb olacağına skeptik yanaşdığını yazır.

Onların heç biri İran hökumətinin çökəcəyini tamamilə çıxdaş etmir, amma bunu yaxın gələcəkdə mümkün saymır.

İki mənbənin dediyinə görə, fevralın 28-də qətlə yetirilmiş ali lider Əli Xameneini SEPAH-dan sərt xətt tərəfdarları, yaxud eyni mövqeyi ruhanilər əvəzləyə bilər. Bir rəsmi deyir ki, SEPAH könüllü təslim olan deyil, çünki onlar daxili sədaqət qarşılığında nəhəng himayə şəbəkəsindən faydalanıblar.

ABŞ kəşfiyyat qurumunun hesabatına görə, yanvardakı kütləvi etirazlar vaxtı SEPAH-dan fərarilik qeydə alınmayıb. Fərarilik istənilən inqilabın uğurlu olması üçün ön şərt sayılır.

"Reuters" yazır ki, ABŞ kəşfiyyat cameəsində Xameneinin mümkün qətlinin təkcə rejim dəyişikliyinə səbəb olub-olmayacağı müzakirə olunmayıb. Bu ölümün İranın ABŞ ilə nüvə proqramı üzrə mövqeyini necə dəyişəcəyi, ölkəni raket və nüvə obyektlərini yenidən qurmaqdan necə çəkindirəcəyi də götür-qoy edilib.

Yanvar etirazlarından sonra Trampın xüsusi elçisi Stiv Uitkoff İranın müxalifət fiquru, keçmiş vəliəhd şahzadə Rza Pəhləvi ilə dəfələrlə danışıb. Amma iki rəsminin dediyinə görə, ABŞ-nin yüksək rütbəliləri Vaşinqtonun dəstək verdiyi istənilən müxalifətçinin ölkəni idarə edə biləcəyinə bədbin yanaşırlar.

Vaşinqtondakı Atlantika Şurasında çalışan Conatan Panikoff deyir ki, İran xalqı küçələrə çıxsa belə, rejimin sonu əsgərlərin onlara qoşulmasından asılı olacaq: "Əks halda, rejimin qalıqları, silahı olanlar hakimiyyətdə qalmaq üçün onlardan istifadə edəcək".