İraq Belarusa birbaşa təyyarə reyslərini dayandırır

Belarus-Polşa sərhəddində miqrantlar

Miqrantlarla bağlı vəziyyətə görə Bağdad Belarusla birbaşa təyyarə uçuşlarını dayandırır.

RİA Novosti bu barədə İraq xarici işlər nazirliyinin sözçüsü Əhməd əl-Səhhafa istinadla məlumat yayıb.

Məlumata görə, bundan başqa Belarusun Bağdaddakı fəxri konsulunun iş icazəsi ləğv edilir.

"Bu addım iraqlıları Belarus və Polşa vasitəsilə qeyri-qanuni miqrasiya şəbəkələrinə daxil olmaqdan qorumağa kömək edəcək" deyə RİA Novosti nazirlk sözçüsünün sözlərini sitat gətirir.

İraq rəsmisinin sözlərinə görə, İraqın Moskva və Varşavadakı səfirlikləri Polşa-Belarus sərhədində ilişib qalan vətəndaşların İraqa qaytarılması üçün səyləri əlaqələndirirlər.

Bundan əvvəl İraq və Türkiyənin aviaşirkətləri Avropa İttifaqına miqrantların Belarusa çatdırılmasının qarşısını almaq üçün tədbirlər görəcəyinə söz veriblər.

Xüsusilə Türk Hava Yolları Türkiyədən Belarusa reyslərdə İraq, Suriya və Yəmən vətəndaşlarının daşınmasını dayandıracağını, həmçinin Türkiyədən Minskə birtərəfli aviabiletlərin satışını dayandıracağını açıqlayıb.

Buna da bax: Türkiyə Yaxın Şərqdən gələnləri Minskə buraxmır

Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaker qeyd edib ki, adamların Minskə çatdırılmasını mümkün qədər bloklamaq üçün hazırda Avropa Komissiyası Misir, Qətər, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Omanın aviadaşıyıcıları, habelə miqrantların Aİ-yə göndərildiyi dövlətlərin səlahiyyətli orqanları ilə danışıqlar aparır.

Bu yay miqrasiya böhranı ilə üzləşən Polşa, Latviya və Litvanın hakimiyyət orqanları Belarusla sərhəddə yerləşən ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Həmçinin sərhəddə əsas hasarın çəkilməsi barədə razılığa gəlinib. Amma hələki bu tədbirlər nəticə vermir. Suriya, İrak və Yaxın Şərqin başqa ölkələrindən olan onlarla insan sərhədləri keçməyə cəhd etməkdədir.

Aİ səlahiyyətliləri Belarusun təhlükəsizlik qüvvələrinin və Lukaşenkonun qohumlarının miqrantların köçürülməsində birbaşa iştirak etdiyini bəyan edir və baş verənləri Belarusun Aİ ilə apardığı “hibrid müharibənin” bir hissəsi hesab edirlər.

Miqrantlar dövlət turizm şirkətinin köməyi ilə Minskə, ordan da təhlükəsizlik işçilərinin müşayiəti ilə sərhədə gətirilir. Yaranmış vəziyyətlə bağlı Avropa İttifaqı Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul etməyə hazırlaşır.

Buna da bax: Lukaşenka Avropanı qazı və yolu bağlamaqla hədələyir