İsrail Livan şəhərinin boşaldılmasını əmr edib

İsrailin təxliyə xəbərdarlığından sonra Sur şəhərini tərk edən insanların nəqliyyat vasitələri yolda sıxlıq yaradıb.

İyunun 9-da İsrailin Livanın cənubundakı Sur şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı səkkiz nəfər həlak olub, 32 nəfər yaralanıb. Bu məlumatı Livanın Səhiyyə Nazirliyi yayıb. İsrail İranın Livana hücum etməməklə bağlı xəbərdarlıqlarına baxmayaraq, "Hizbullah"a qarşı hərbi kampaniyasını genişləndirir.

ABŞ "Hizbullah"ı terror təşkilatı sayır, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını bu siyahıya daxil edib.

Livanın NNA dövlət xəbər agentliyi ölkənin cənubundakı 10-dan çox məntəqəyə zərbələr endirildiyini bildirib. Agentliyin məlumatına görə, İsrail ordusu Surun tam boşaldılması göstərişini şəhərin kənarına endirilən ölümcül zərbədən əvvəl verib. Təxliyə əmri şəhərin xristian məhəllələrinə və yaxınlıqdakı fələstinli qaçqın düşərgələrinə də aiddir.

İsrail ordusunun sözçüsü "X" sosial şəbəkəsində yaydığı xəbərdarlıqda sakinləri ərazini tərk etməyə və Surdan 30 kilometr məsafədə yerləşən Zəhrani çayının şimalına keçməyə çağırıb. "France-Presse" (AFP) agentliyinin müxbirləri sakinlərin şəhərdən çıxdığını və şimal istiqamətində güclü nəqliyyat sıxlığının yarandığını bildiriblər.

İran bir gün əvvəl xəbərdarlıq edib ki, İsrail qüvvələri Livana zərbələri dayandırmasa, Tehran İsrailə qarşı hücumları bərpa edəcək. Tehran regional münaqişəni bitirəcək hər hansı genişmiqyaslı razılaşmaya Livanın da salınmasında israr edir.

Livandakı əməliyyatlar "Hizbullah"ın İsrailə hücumlarından sonra başlayıb. Livan rəsmilərinin məlumatına görə, o vaxtdan bəri İsrailin zərbələri nəticəsində 3 min 600-dən çox insan həlak olub, bir milyondan artıq şəxs isə məcburi köçkünə çevrilib. Atəşkəs elan olunmasına baxmayaraq, tərəflər döyüşləri davam etdirirlər.