İsrail Müdafiə Ordusu (SAXAL) İrana zərbələrin dayandırıldığını bəyan edib. Bundan öncə İran hakimiyyəti və ABŞ prezidenti Donald Tramp sülh danışıqları aparmaq üçün 14 günlük atəşkəs elan edib.
SAXAL-ın açıqlamasına görə, siyasi rəhbərliyin göstərişi ilə İrana zərbələr dayandırılıb, ancaq ordu yüksək hazırlıq rejimində qalır. Aprelin 8-nə keçən gecə atəşkəs elan olunarkən İran və İsrail qarşılıqlı zərbələri davam etdirib. İranın ballistik raketi İsrailin şimalına düşüb, üç nəfər yaralanıb. İsrail Hərbi Hava Qüvvələri isə raket buraxılış məntəqələrinə zərbələr endirib. Məlumata görə, zərbələr yerli vaxtla təxminən saat 03:00-da dayandırılıb. İranın isə son raketi saat 03:30-da, atəşkəs elan edildikdən sonra buraxdığı bildirilir.
İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələri və ölkənin cənubunda quru əməliyyatını davam etdirir. ABŞ və İsrail "Hizbullah"ı terrorçu təşkilat sayır.
ABŞ və İran arasında vasitəçilik etmiş Pakistan daha öncə bildirmişdi ki, atəşkəs Livanı da əhatə etməlidir. İran isə İsrailin "Hizbullah"a qarşı əməliyyatlarını dayandırmasını sülh razılaşmasının şərtlərindən biri kimi göstərir.
"Reuters"in məlumatına görə, "Hizbullah" İsrailin şimalına və İsrail hərbi qüvvələrinə zərbələri dayandırdığını bildirib. Ancaq bu məlumat mənbələrə istinadən yayılıb, rəsmi açıqlama verilməyib. İsrail zərbələri davam etdirərsə, qruplaşmanın necə davranacağı da aydın deyil.
ABŞ prezidenti Donald Tramp və İran hakimiyyəti aprelin 8-nə keçən gecə 14 günlük atəşkəs elan ediblər. Aprelin 10-da İslamabadda ABŞ-İran danışıqları gözlənilir. Hər iki tərəf müharibədə qalib gəldiyini bildirir.