ABŞ prezidenti Donald Tramp deyir ki, İrandakı nefti ələ keçirmək istəyir, Xarq adasını da tuta bilər. O, Vaşinqtonun İranla danışıqlarının "çox yaxşı" getdiyini, sülh razılaşmasının tezliklə əldə ediləcəyinə "tamamilə" əmin olduğunu da dilə gətirib.
Tramp martın 29-da "The Financial Times" qəzetində dərc olunmuş müsahibəsində, bundan bir saat sonra isə "Air Force One" təyyarəsində jurnalistlərə bu haqda danışıb.
Prezident jurnalistlərə deyib ki, İranla danışıqlar birbaşa və "ağıllı" liderlər vasitəsilə aparılır. O, Tehranın Hörmüz boğazını qismən açdığını söyləyib. Tramp detallı danışmayıb.
Tehran ötən həftə Pakistanın çatdırdığı 15-bəndlik sülh planını aldığını, nəzərdən keçirdiyini və rədd etdiyini demişdi.
"Fikrimcə. Onlarla saziş əldə edəcəyik. Bundan çox əminəm. Amma etməyə də bilərik. Orada artıq rejim dəyişib. İran rejimi məhv edilib, dağıdılıb. Hamısı öldürülüb", – Tramp əlavə edib. O, indiki liderlərin "çox ağıllı" olduğunu da vurğulayıb.
"İran neftini ələ keçirməyə üstünlük verirəm"
Tramp FT-yə müsahibəsində deyib ki, "nefti ələ keçirməyə üstünlük verir". O, vəziyyəti Venesuela ilə müqayisə edib. Yanvarda ABŞ qüvvələri Venesuela lideri Nikolas Maduronu ələ keçirib. Tramp deyib ki, bu ölkənin neft sənayesinə qeyri-müəyyən müddətə nəzarət etmək fikrindədir.
"Səmimi desəm, istədiyim İran neftini ələ keçirməkdir. Amma ABŞ-də bəzi səfehlər deyirlər: Bunu niyə edirsən? Amma onlar səfehdirlər", – Tramp söyləyib.
"Xarq adasını tuta da bilərik, tutmaya da. Variantlarımız çoxdur... Düşünmürəm ki, onların hansısa müdafiəsi var. Onu çox asanlıqla tuta bilərik", – prezident vurğulayıb.
Tramp daha öncə Hörmüz boğazının açılması, müharibənin bitməsi üçün İrana aprelin 6-dək möhlət verib. Əks halda, elektrik stansiyalarının vurulacağını bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İran müharibəsini Azərbaycanın müttəfiqləri bitirəcək?
Pakistan danışıqlara ev sahibliyi etmək istəyir
Martın 29-da Pakistan bildirib ki, bu həftə İslamabadda birbaşa sülh danışıqlarının keçirilməsinə çalışır. Bunu ölkənin xarici işlər naziri İshaq Dar deyib.
Amma Vaşinqton və Tehran arasındakı sərt ritorikada hər hansı səngimə yoxdur. Tərəflər təklif olunan sülh danışıqlarını da şərh etməyib.
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Birləşmiş Ştatları sülh barədə danışarkən gizli quru hücumunu planlamaqda ittiham edib.
"Əminik ki, Amerikanı cəzalandıracaq, İrana hücumu hətta nəzərdən keçirdiyinə peşman edəcəyik", – o vurğulayıb.
Martın 29-da İsrailin Beer-Şeva şəhərinə İranın raket zərbəsindən azı 11 nəfər xəsarət alıb. Şəhər kənarında kimya zavodunda böyük yanğın baş verib.
İsrail ordusu isə martın 29-u axşamadək 24 saat ərzində İrana azı 140 aviazərbə endirdiyini bildirib.
İranın Enerji Nazirliyi paytaxt Tehranda elektrik təchizatı obyektlərinin hədəf alındığını, bir neçə rayonda işıq olmadığını açıqlayıb.