İranı 67 yaşlı elektrik mühəndisi Zəhra Şahbaz Təbərini edam etməməyə, azadlığa buraxmağa çağırırlar. Bu çağırışla dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qadın, BMT ekspertləri ayrı-ayrı bəyanatlarında çıxış ediblər.
Təbərini oktyabrın 25-də Rəşt İnqilab Məhkəməsi İslam Respublikasının əsaslarına qarşı silahlı üsyan ittihamı ilə ölüm cəzasına məhkum edib.
Hökm üzərində "Qadınlar, Müqavimət, Azadlıq" şüarı yazılmış parçaya əsaslanır. Bu şüar 2022-ci ildə İranda etirazların "Qadınlar, Həyat, Azadlıq" şüarına oxşar sayılıb. Hakimiyyət orqanları iddia edib ki, mühəndis bu parçanı ictimai plakat kimi sərgiləməyi planlaşdırıb.
"Dünyada öndə gedən qadın cəlladı"
Aralarında dörd Nobel mükafatı laureatı, bir neçə keçmiş prezident və baş nazirin də olduğu 400-dən çox tanınmış qadın dekabrın 23-də İranı "adambaşına düşən göstəriciyə görə dünyada qadınların edamına görə birinci ölkə" adlandırıb. Müraciəti Böyük Britaniyada yerləşən bir qurum yayıb.
Məktubda deyilir ki, "Zəhranın işi bu terroru açıq ortaya qoyur: İranda qadınların zülmə qarşı müqavimətini bəyan edən bir lövhə tutmaq cəsarəti belə ölümlə cəzalandırıla bilər".
Müraciəti yayan qurum "İranda 1988-ci il qırğınının qurbanları üçün ədalət" adlanır. Bu təşkilat 30 ildən çox əvvəl İranda edam olunmuş minlərlə siyasi məhbusun ailələrini təmsil edir.
Təbəri İsveçdə dayanıqlı enerji üzrə təhsil alıb. O, təxminən dörd il öncə sosial media postundan sonra ilk dəfə saxlanılıb. Üç ay sonra elektron nəzarət qurğusu ilə azadlığa buraxılıb. 2025-ci ilin aprelində təhlükəsizlik qüvvələri Gilan vilayətindəki evinə basqın edərək onu saxlayıblar.
İsveçdə yaşayan oğlu Soruş Səmak bu ilin əvvəlində AzadlıqRadiosunun fars xidmətinə deyib ki, Təbərinin məhkəməsi cəmi 10 dəqiqə çəkib. BMT ekspertləri dekabrın 23-də birgə bəyanatlarında bu məqamı vurğulayıblar. Onlar bildiriblər ki, məhkəmə videokonfrans vasitəsilə keçirilib, o, seçdiyi vəkillə təmin edilməyib.
Müraciəti imzalayanlar İrandan edamın dayandırılmasını tələb edir, bu işi "ədalətə rişxənd" adlandırırlar. Bəyanatda qanunsuz saxlanma, effektiv hüquqi müdafiədən məhrumetmə, silahlı üsyan ittihamını əsaslandırmaq üçün yetərsiz sübutlardan istifadə kimi ciddi prosessual pozuntular vurğulanır.
BMT ekspertləri bildiriblər ki, "gender bərabərliyi uğrunda qadın aktivizmini kriminallaşdırmaq, bu cür fəaliyyəti silahlı üsyanın sübutu kimi təqdim etmək gender ayrıseçkiliyinin ağır formasıdır".
Bu il noyabrın sonunadək İranda azı 1 min 426 edam gerçəkləşdirilib ki, onların da 41-i qadın olub. Bunu Norveçdə yerləşən "İran İnsan Hüquqları" təşkilatı bildirir.