Avropa biznesi İranın dadına çatır

İran-İtaliya biznes forumu

Avropa Birliyinin (AB) biznes liderləri deyirlər ki, İranın nüvə sazişini xilas etməkdən ötrü bacardıqlarını edəcəklər. Danimarkanın kredit agentliyi də Tehrana ixrac zəmanətinin müddətini uzadıb.

Məsələ bundadır ki, ABŞ prezidenti Donald Trump-ın gələn həftə İranın nüvə sazişini icrasına təminat verməyəcəyinə dair gözləntilər var. O, ötən həftə ABŞ ordu liderləriylə görüşdə deyib ki, Tehran «razılaşmanın ruhuna» əməl etmir və daha sonra bildirib ki, hazırda «fırtınadan öncəki sükuta» şahidlik edirlər.

«Trump sazişə zəmanət verməmək qərarına gəlsə belə, Avropanın biznes icması ümid edir ki, bu razılaşmanın iqtisadi faydaları İranı öhdəliklərini yerinə yetirməsinə həvəsləndirəcək. Hətta əgər ABŞ fikrindən daşınsa belə», – «The Guardian» qəzeti belə yazır.

94 FAİZLİK ARTIM

Ötən həftə Sürixdə Avropa-İran forumunda çıxış edən Avropanın Xarici Hərəkət Xidmətinin baş katibi Helga Schmid biznes liderlərini əmin edib ki, AB nüvə sazişinə sadiqdir.

***Buna da bax-İran raket məsələsinin müzakirəsinə hazır olduğu barədə ABŞ-a siqnallar verir?

2015-ci ildə İranın beş ölkəylə imzaladığı nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Trump-ın sənədə zəmanət verməməsi heç də sanksiyaların avtomatik geri qayıtması demək deyil. Ancaq bu, ən pis ssenari olaraq qalır.

Schmid ötən həftə bildirib ki, razılaşma birtərəfli dəyişdirilə bilməz.

«Çox aydın bir mesaj vermişik: nüvə sazişi işləyir və onsuz dünya daha az sabit olardı», – o, sözlərinə əlavə edib.

Bu ilin birinci yarısında İran-Avropa ticarətində ötən ilin eyni dövrüylə müqayisədə 94%-lik artım qeydə alınıb. Schmid-in sözlərinə görə, iranlıların sazişin faydasını birbaşa hiss etməsi vacibdir.

İran bankı

30 BANK SWIFT-Ə QOŞULUB

O, Avropa Komissiyasının Avropa İnvestisiya Bankına gələcəkdə İranda çalışmağa icazə verməklə bağlı təklif irəli sürdüyünü vurğulayıb.

Böyük banklar hələ də İran tranzaksiyalarına könülsüz yanaşırlar. Ancaq İranın 30 bankı artıq SWIFT - elektron bank sisteminə yenidən qoşulub və 200-dən artıq beynəlxalq kreditor İrandakı tərəfdaşlarla korrespondent münasibətlərə başlayıb.

***Buna da bax-ABŞ-ın baş komandanı İranla sazişdən çıxmağın əleyhinədir

İranın mötədil prezidenti Hassan Rouhani sentyabrda Nyu-Yorkda deyirdi ki, ABŞ sazişdən çıxsa, ölkə ona «qətiyyətlə» cavab verəcək. Digər İran rəsmiləri ABŞ Avropa sərmayələrini əngəlləməzsə, sazişə əməl edəcəklərinə eyham vurublar.

Danimarkanın EKF ixrac kredit agentliyinin departament direktoru Jørn Fredsgaard Sørensen bildirib ki, Tehranın Maliyyə Nazirliyi ilə razılaşma imzalanıb. Bu saziş çərçivəsində hətta sanksiyalar qayıtsa belə, EKF Danimarka mallarını İrana ixrac etmək istəyənlərə 100%-lik maliyyə təminatı verəcək.

İRAN BANKLARIYLA SAZİŞLƏR İMZALANIR

Danimarkanın ən böyük bankı olan «Danske bank» da İranın 10 bankıyla razılaşma imzalayıb.

«Bunun hələ də İranla işləməyə həvəsli olmayan banklara rahatlıq gətirəcəyinə ümid edirik. Yəni onlar artıq İranla işləyə bilərlər, çünki biz buna sadiq qaldığımızı göstəririk», – Sørensen Avropa-İran forumu çərçivəsində qəzetə deyib.

Avstriya və İtaliyanın kredit agentlikləri də İranla oxşar razılaşmalar imzalayıblar, onlar ixrac zəmanətlərinin və kredit xətlərinin müddətini uzadıblar. Avstriyanın «Oberbank»ı bu yaxınlarda 14 İran bankıyla Avstriya layihələrinin maliyyələşdirilməsinə dair oxşar sazişlər bağlayıb.

Avropanın transmilli şirkətlərindən birinin rəhbəri adının açıqlanmaması xahişiylə deyib ki, ABŞ prezidentinin nüvə sazişinə zəmanət verməyəcəyini gözləyir, ancaq bu, heç də sazişin sonu demək olmayacaq. Onun sözlərinə görə, avropalılar baş nazirlər və siyasi xadimlər səviyyəsində nüvə razılaşmasının saxlanmasını təmin etməyə çalışırlar, üstəlik, 2000-ci illərin əvvəlində olduğu kimi, qabaqlayıcı və qoruyucu qanunvericiliklə bağlı danışıqlar aparılır.