Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

İran raket məsələsinin müzakirəsinə hazır olduğu barədə ABŞ-a siqnallar verir?


İran onun ətrafında yaranmış mübahisələrin yoluna qoyulması üçün Qərblə özünün ballistik raket proqramını da müzakirə etməyə hazırdır.

Bu barədə xəbəri “məsələdən xəbərdar olan Qərb və İran rəsmilərinə” istinadən Reuters yayıb.

Tehran özünün raket müdafiəsi qabiliyyətini artırmaq əzmində olduğunu dəfələrlə bildirib və bu, Trump administrasiyasına, onun 2015-ci ildə imzalanmış nüvə sazişinin “ruhunu” pozduğunu bəyan etmək imkanı verib.

Reuters agentlyinin verdiyi xəbərdə deyilir ki, nüvə sazişinin ABŞ prezidenti Donald Trump tərəfindən ləğv olunacağından ehtiyat edən İran rəsmiləri Qərbin siyasi dairələrinə raket proqramına dair danışıqların mümkün olduğunu bildiriblər.

“Bu görüşdən xəbəri olan İran mənbəyi” Reuters agentliyinə bildirib ki, “İran Qərb güclərinə narahatlığın aradan qaldırılması məqsədilə raket proqramını müzakirə etməyə hazır olduğunu bildirib”.

ABŞ və Qərb rəsmiləri bu məsələnin Zarif-Tillerson görüşündə müzakirə olunduğuna dair informasiyanı təsdiq etməyiblər, lakin iki ABŞ rəsmisi bildirib ki, İranın Oman kimi üçüncü tərəflər vasitəsilə Vaşinqtona siqnallar göndərdiyi məlumdur.

ABŞ Müdafiə Nazirliyinin bir keçmiş rəsmisi deyib ki, son həftələrdə İranın belə siqnalları ABŞ-a çatıb.

Mənbə bildirib ki, İran bu məsələdə Obama administarsiyasından qalma fiqurlar vasitəsilə səylər göstərir.

İran tərəfindən edilən bu səylər Donald Trump-ın nüvə sazişini “rüsvayçılıq” adlandırmasından sonraya təsadüf edir.

2015-ci il nüvə sazişinin qalan beş tərəfi - Britaniya, Fransa, Almaniya, Rusiya və Çin razılaşmaya sadiq qaldıqlarını bildiriblər.

Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Rex Tillerson da daxil nüvə sazişinin tərəfləri ilə görüşdə olub
Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Rex Tillerson da daxil nüvə sazişinin tərəfləri ilə görüşdə olub

İran xarici işlər naziri sentyabrın 20-də BMT Baş Assambleyasının keçirildiyi vaxt nüvə sazişini imzalamış altı ölkənin xarici işlər nazirləri ilə görüşüb. Məhəmməd Cavad Zərif ilk dəfə olaraq Rex Tillersonla da görüşüb.

İrandan olan mənbə Reuters-ə bildirib ki, “amerikalılar İranın raket proqramından narahat olduqlarını deyiblər və Zərif bu məsələnin müzakirə oluna biləcəyini bildirib”.

Həmin rəsmi deyib: “Zərif bilir ki, Trump nüvə sazişindən çıxmaq qərarı qəbul etsə, ABŞ başqa 5 ölkə tərəfindən təklənmiş olacaq”.

İran xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi oktyabrın 6-da deyib ki, “Tehranın raket proqramı müdafiə xarakteri daşıyır və müzakirə mövzusu ola bilməz”.

ABŞ Dövlət Departamenti Reuters tərəfindən yayılan bu xəbərə şərh verməyib.

Adının çəkilməsini istəməyən başqa bir İran mənbəyi deyib ki, prezident Həsən Rohani, Zərif və İnqilab Keşikçilərinin komandanı raket məsələsinin ABŞ-la müzakirəsi perspektivini ali rəhbər Əli Xameneyi ilə də müzakirə ediblər.

Həmin mənbə bildirib ki, Xameneyi amerikalılara inanmadığını desə də, təşəbbüsə etiraz bildirməyib.

İran rəsmisi Reuters-ə deyib ki, İran sözü gedən danışıqlarda raket proqramından əl çəkməsə də, müəyyən tip və mənzilli raketlərin ixtisarını qəbul edə bilər.

Üçüncü bir mənbə bildirib ki, İran uzaqmənzilli raketlər məsələsinin müzakirəsinə hazırdır.

Reuters yazır ki, İranla danışıqlar prosesində uzun təcrübəyə malik ABŞ rəsmisinin dediyinə görə Tehranın bu xəbəri sızdırması onun Trump administrasiyası üzərinə təzyiq göstərmək cəhdi kimi başa düşüləndir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG