Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə narkotik vasitə keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.
Xidmətin məlumatına görə, hadisə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Əraziyə baxış zamanı PUA ilə daşınan 10 kiloqram 600 qram narkotik vasitə (10 kiloqram 550 qram marixuana və 50 qram tiryək) aşkarlanaraq götürülüb.
Qurum əlavə edib ki, son günlərdə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Hələlik bu rəsmi məlumata İranın məsul qurumlarından hər hansı münasibət almaq mümkün olmayıb.
Rəsmi Bakı vaxtaşırı olaraq İrandan Azərbaycana narkotik tranzitinin qarşısının alınması barədə məlumatlar dərc edir. Məsələn, elə ötən ay Baş Prokurorluq ölkəyə qayıqla 373 kiloqram narkotik maddə keçirməkdə ittiham olunan üç İran vətəndaşı barəsindəki cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını açıqlamışdı.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından isə hələ 2022-ci ildə açıqlandığına görə, həmin ilin ilk 10 ayında ələ keçirilən xarici mənşəli narkotiklərin 95 faizindən çoxu ölkəyə məhz İran vasitəsilə qaçaqmalçılıq yolları ilə gətirilib.
Son illərdə də narkotik tranzitində əsasən İranın adı çəkilsə də, rəsmi qurumlar artıq konkret faiz göstəriciləri açıqlamırlar. Tehran tərəfi isə bu qəbildən olan rəsmi ittihamları əksər hallarda şərh etməkdən yayınır.