ABŞ və İsrailin İrana hava zərbələri dünyanın diqqətini Yaxın Şərqə yönəldib.
Bu, resursları və siyasi diqqəti dörd ildən çoxdur Rusiyanın tammiqyaslı işğalına məruz qalmış Ukraynadan yayındıra bilərmi? AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu Vaşinqtonda bu yöndə müzakirələrin qızışdığını yazır.
Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bu narahatlığını dilə gətirib. O, İran böhranının məhdud bir əməliyyat kimi qalacağına ümidini bildirib, amma bunun belə olmayacağı riski də var.
ABŞ rəsmiləri və konqresmenlərinin AzadlıqRadiosuna dediyinə görə, İran kampaniyasının miqyasının məhdud qalacağına inanırlar. Onlar Kiyevin ehtiyaclarının ön planda saxlamaq vədi veriblər.
Nümayəndələr Palatasının Texas ştatından üzvü, Helsinki Komissiyasının komissarı Ceyk Ellzi bildirib ki, ABŞ həm İran, həm də Ukrayna münaqişələrini eyni vaxtda idarə edə bilər. Onun sözlərinə görə, dünyada çox vaxt birdən çox təhlükəsizlik problemini eyni anda həll etmək tələb olunur: "Bəli, İran hazırda diqqəti özünə cəlb edib... Amma Ukrayna da var".
Konqresmen beynəlxalq ictimaiyyətin Ukraynanı dəstəkləməkdə birgə mövqedən çıxış etdiyini vurğulayıb.
"Bizim işimiz İranın hücum qabiliyyətini sıradan çıxarmaqdır. İsraillilər digər elementlərlə məşğuldurlar. Fikrimcə, bu, yetərincə tez bitəcək", – o vurğulayıb.
ABŞ Konqresi
Respublikaçılar Ukrayna ilə strateji əlaqə görürlər
Digər respublikaçı konqresmenlər İrana hücumların Ukraynadakı döyüş meydanına təsirlərindən danışıblar.
Yuta ştatından senator Con Körtis deyib ki, ABŞ-nin İranın hərbi obyektlərinə hücumları dron istehsalını əngəlləyə bilər. Rusiya İrandan aldığı "Şahed-136" dronları ilə Ukraynanın şəhərlərinə, enerji infrastrukturuna hücumlar edir.
Nümayəndələr Palatasının Cənubi Karolina ştatından üzvü Co Uilson ötən həftənin əvvəlində Helsinki Komissiyasının dinləməsində bu fikri səsləndirib. O deyib ki, Tehranın hərbi imkanlarının zəiflədilməsi Ukraynanın müdafiəsinə təzyiqi azalda bilər, çünki bu halda İranın Moskvaya hərbi dəstəyi də təsirsiz ötüşməyəcək.
Tramp administrasiyası İran kampaniyasının müddəti ilə bağlı qarışıq siqnallar verib. Tramp əməliyyatların 100 gün də davam edə biləcəyini bildirib, ABŞ qoşunlarının İran torpağına girəcəyini də istisna etməyib.
Nümayəndələr Palatasının Texasdan respublikaçı üzvü Avqust Pflüqer xəbərdarlıq edib ki, döyüşlərin davam etməsi sursat ehtiyatlarını azalda bilər. O, martın 4-də Heritic Fondunda çıxışında deyib: "İranla döyüş sursat ehtiyatlarımızın bir hissəsini tükəndirəcək... dünyadakı düşmənlərimizi qorxutmağa davam etmək üçün onun yerini doldurmalıyıq".
Demokratların əndişəsi
Demokratlar da oxşar skeptisizm sərgiləyiblər. Onların fikrincə, İran əməliyyatları ABŞ-nin eyni vaxtda qlobal təhdidlərlə mübarizə səylərini çətinləşdirə bilər.
Senator Kris Kuns ötən həftə deyib ki, Tehranın terrorizmi dəstəkləməsi yaxşıca sənədləşdirilib, amma administrasiya İranın ABŞ-yə qaçılmaz təhlükə yaratdığını yetərincə sübut etməyib. Onun sözlərinə görə, Vaşinqtonun onsuz da "təcavüzkar" Çin və Rusiyadan ciddi təhdidlərlə üzləşdiyi bir vaxtda hərbi əməliyyatlara başlamaq ABŞ-nin strateji diqqətinin və hərbi potensialının yükünü artırır.
Bəzi demokratlar isə İran əməliyyatlarında istifadə edilən resursların Ukraynaya yönəldilə biləcəyini söyləyirlər.
Konnektikut ştatından senator Riçard Blumental martın 5-də jurnalistlərə deyib ki, "Epik Qəzəb" əməliyyatına sərf olunan bəzi silahlar Kiyevə dəstəyinə gedə bilərdi.
Elbric Korbi
Pentaqonun hədəfləri
Pentaqonun siyasət rəhbəri Elbric Kolbi martın 4-də Xarici Əlaqələr Şurasında çıxışında İran əməliyyatını Tehranın hərbi gücünü zəiflətməyə yönəlmiş səy kimi təsvir edib. O, birdən çox rəqibin eyni anda hərəkətə keçdiyi ssenarilərə hazırlıq məsələsində çətinliyi də etiraf edib: "Əsas hərbi problem mümkün düşmənlərin eyni vaxtda və ya təxminən eyni vaxtda fəaliyyət göstərmə potensialıdır".
Bəs, müttəfiqlər nə deyir?
ABŞ-nin bəzi müttəfiqləri isə İran və Ukraynadakı böhranlara demokratik ölkələrlə avtoritar rejimlərin daha geniş qarşıdurmasının tərkib hissəsi kimi baxırlar.
Litvanın xarici işlər nazirinin müavini Vidmantas Verbitskas bildirib ki, hadisələrə daha geniş kontekstdə baxılmalıdır. O, ötən həftə Vaşinqtonda AzadlıqRadiosuna danışıb.
"Ukraynada baş verənlər Rusiyanın təcavüzkar müharibəsidir. İranda gördüyümüz isə həm də humanitar fəlakətdir. Bu rejimlər dinc həll yolları axtarmır. Onlar beynəlxalq hüququ məcbur etməyə, əzməyə və ona məhəl qoymamağa çalışırlar", – Verbitskas deyib.
Nazir müavininin fikrincə, demokratik dünya diqqəti bir böhrandan digərinə yönəltmək əvəzinə, bir-birinə bağlı çətinliklərlə üzləşir: "Bu, diqqətin dəyişdirilməsi deyil. Demokratik dünya diktaturalarla mübarizə aparır".
Yaxın Şərqdəki gərginliyin Ukraynaya potensial təsirlərinə gəlincə, Verbitskas qəti nəticələr üçün hələ tez olduğunu vurğulayıb: "Silah təchizatı, neft qiymətləri ilə bağlı çoxlu fərziyyələr var. Enerji bazarlarındakı təlatüm Rusiyaya müvəqqəti kömək edə bilər, lakin təchizat zəncirlərinə də təsir göstərə bilər".