İranda internetə nəzarətlə bağlı köhnə layihə yeni adla geri qayıdır

Yeni sənəd təxminən 90 milyon əhalisi olan ölkədə dövlətin internetə nəzarətini sərtləşdirəcək.

İranda deputatlar onlayn senzuranı sərtləşdirmək, internetə çıxışı məhdudlaşdırmaq üçün yeni qanun layihəsi hazırlayıblar.

"Kiberməkanın tənzimlənməsi planı" kəskin tənqidlərdən sonra gündəmdən çıxarılan əvvəlki qanun layihəsinin yenilənmiş versiyasıdır.

"Kiberməkanın qorunması haqqında qanun layihəsi" adlanan əvvəlki sənədin ən mübahisəli müddəaları yeni layihəyə salınmayıb. Amma tənqidçilərin fikrincə, məqsəd dəyişməyib.

Yeni qanun layihəsi avqustun 26-da deputatlara təqdim edilib, nə vaxt səsverməyə çıxarılacağı bilinmir.

Səlahiyyəti bir qurumda cəmləşdirmək

Yeni sənəd təxminən 90 milyon əhalisi olan ölkədə dövlətin internetə nəzarətini sərtləşdirəcək. Ölkənin internet şlüzləri üzərində idarəçilik Ali Kiberməkan Şurasına verilir. Bu qurum İranda internetə nəzarət və onun filtrlənməsi ilə məşğuldur, üzvlərini ölkənin ali rəhbəri şəxsən seçir.

"Ali Kiberməkan Şurası həm də qaydalar qoyan, qanunverici və tənzimləyici qurum, müəyyən mənada isə hakim rolunu oynayır. Plana görə, bütün bu səlahiyyətlər şuranın əlində cəmləşib", – Sloveniyada yaşayan iranlı kibertəhlükəsizlik eksperti Puyeş Əzizəddin AzadlıqRadiosunun fars xidmətinə bildirib.

Əzizəddin bildirib ki, səlahiyyətlərin hökumətdən, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyindən alınıb başqa quruma verilməsi nəzərdə tutulur. İnternet xidməti təminatçılarından istifadəçilərin şəxsiyyətini təsdiqləmək tələb olunur. Bu addım internetdə anonimliyə xələl gətirəcək. Qanunu pozan onlayn platformalar cərimələnə və ya lisenziyalarını itirə bilər.

"İranlı istifadəçi ciddi şəkildə məhdudlaşdırılan, geniş nəzarət altında olan internetin ümidinə qalır", – Əzizəddin deyib.

Əvvəlki layihədə VPN-dən istifadəni cinayət əməli sayan müddəa var idi, yeni sənədə salınmayıb.

Digər müddəalar isə saxlanılıb.

Xarici onlayn platformalar İranda fiziki nümayəndəlik açmalı olacaqlar. Yerli platformalar isə hər hansı pozuntuya görə yüksək məbləğdə cərimələnə və lisenziyalarını itirə bilər.

Əzizəddin bu layihəni yeni saymır, deyir, "hər dəfə gündəmdən çıxarılanda adı dəyişdirilərək yenidən geri qaytarılır".

Layihə qanuna çevriləcəkmi?

Qanun layihəsi İranın ABŞ ilə müharibəsi fonunda hazırlanıb. Münaqişə nəticəsində onlarla yüksək vəzifəli rəsmi öldürülüb, mühafizəkar qüvvələr hakimiyyətə nəzarəti gücləndirib.

Ölkədə təhlükəsizlik tədbirləri də sərtləşdirilib. İri şəhərlərə təhlükəsizlik qüvvələri yerləşdirilib, hökumətin tənqidçiləri həbs olunub. Hakimiyyət interneti üç ay müddətinə kəsib və bu, müasir tarixdə ən uzunmüddətli internet kəsintilərindən biri olub.

Müşahidəçilərə görə, sərt xətt tərəfdarları müharibə şəraitindən yararlanaraq internetə nəzarəti sərtləşdirməyə çalışırlar.

AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, yeni qanun layihəsi hökumətdə bəzi qurumların, elə İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin ciddi etirazına səbəb olub.

İslahatçı prezident Məsud Pezeşkianın administrasiyası dəfələrlə bildirib ki, iranlıların internet məhdudiyyətlərinin yumşaldılması ilə bağlı tələblərini anlayır. Ancaq ölkədə son qərarı ölkənin ali rəhbəri verir.