SEPAH Hörmüzdə dəniz minalarından yayınmaq üçün alternativ marşrutlar göstərir

Hörmüz boğazı

İranın sərt xətt tərəfdarı olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aprelin 9-da Hörmüz boğazından keçən gəmilər üçün alternativ marşrutlar müəyyən etdiyini açıqlayıb. Korpus boğazdakı əsas zonada dəniz minaları riskinin olduğunu bildirib.

"Hörmüz boğazından keçmək niyyətində olan bütün gəmilərə bildirilir ki, dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və mümkün mina toqquşmalarından qorunmaq üçün... onlar boğazda hərəkət üçün alternativ marşrutlardan istifadə etməlidirlər", – dövlət mediasının yaydığı bəyanatda SEPAH bildirib. Bəyanatda alternativ giriş və çıxış yolları ilə bağlı təlimatlar da verilib.

Vaşinqton və Tehran mümkün sülh razılaşması üçün əlavə danışıqlar aparmaq məqsədilə iki həftəlik atəşkəs əldə ediblər.

ABŞ administrasiyasının əsas tələblərindən biri boğazda gəmilərin hərəkət azadlığıdır. İran isə müharibə başlayandan bu yolu, əsasən, bağlamışdı. Tehran bildirib ki, gəmilərin hərəkətinə yenidən icazə verəcək, ancaq gəmilər İran hərbçiləri ilə koordinasiya etməlidir.

Dünya üzrə xam neft və təbii qazın 20 faizi bu boğazdan keçən gəmilərlə vasitəsilə daşınır.

Kiriakos Mitsotakis

"Qəbuledilməzdir"

Yunanıstanın baş naziri isə İranın müharibədən sonra Hörmüz boğazından keçən gəmilərdən ödəniş almaq cəhdlərini tənqid edib. Kiriakos Mitsotakis deyib ki, dünya üçün bu kritik su yolunda azad və təhlükəsiz gəmiçilik təmin olunmalıdır.

"Beynəlxalq ictimaiyyətin İranın boğazdan keçən hər gəmi üçün rüsum qoymasını qəbul edəcəyini düşünmürəm. Bu, mənə görə tamamilə qəbuledilməzdir", – o aprelin 8-də CNN-ə deyib.

Mitsotakis vurğulayıb ki, boğazla bağlı beynəlxalq razılaşma lazım ola bilər, lakin buraya ödənişlər daxil olmamalıdır: "Belə bir şey baş versə, bu, naviqasiya azadlığı üçün çox, çox təhlükəli presedent yaradacaq".

Yunanıstan dünyanın ən böyük ticarət donanmalarından birinə malikdir.

Almaniya da Hörmüzdən keçid üçün rüsum tətbiqini "qəbuledilməz" adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, bu boğaz yalnız İran sularında yerləşmir, BMT-nin Dəniz Hüququ Konvensiyası ilə tənzimlənir.