İranlı dənizçilər Şri-Lankada xəstəxanadadır. 60 nəfər itkin sayılır

ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı Hind okeanında İran hərbi gəmisinə atəş açaraq batırıb.

Hind okeanında ABŞ sualtı qayığının İran hərbi gəmisinə zərbəsindən sağ çıxmış 32 iranlı dənizçi Şri-Lankada xəstəxanada müalicə olunur.

Sağ qalanlar yüngül xəsarətlərdən müalicə alırlar, günün sonuna doğru xəstəxanadan buraxıla bilərlər. Bunu martın 5-də Qalle liman şəhərindəki xəstəxananın rəsmiləri deyiblər.

Hərbi xilasedicilər 87 meyit tapıblar, təxminən 60 dənizçi hələ də itkin sayılır və axtarış əməliyyatı davam edir.

İranın "IRIS Dena" freqatı martın 4-də SOS siqnalı verib.

ABŞ-nin müdafiə naziri Pit Heqset İranın hərbi gəmisini ABŞ sualtı qayığının batırdığını təsdiqləyib.

"Beynəlxalq sularda təhlükəsiz olduğunu düşünən İran hərbi gəmisini ABŞ sualtı qayığı batırıb. O, torpedo ilə vurulub", – Heqset brifinqdə deyib.

Pentaqonun yaydığı videoda hərbi gəminin güclü partlayışla vurulduğu, gəminin arxa hissəsinin parçalandığı və batdığı görünür.

"Fox News" bildirir ki, sualtı qayıq hücumu gecə həyata keçirilib, İran hərbi gəmisinin altında 4.2 milyon dollarlıq torpedo partlayıb.

Bu hücum Fars körfəzindən yüzlərlə kilometr uzaqda baş verib və bununla da müharibənin coğrafi əhatə dairəsi kəskin genişlənib.

ABŞ və İsrail qüvvələri fevralın 28-də İrana irimiqyaslı hava zərbələri endirməyə başlayıb. Tehran isə İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə raket və dron hücumları edir.