Trampın elçisindən təklif: Dünya Kubokunda İranı İtaliya əvəzləsin

İtaliya əsilli amerikalı işadamı və ABŞ-nin Qlobal Tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli

ABŞ prezidenti Donald Trampın yüksəkvəzifəli elçisi futbol üzrə Dünya Çempionatında İranın İtaliya ilə əvəzlənməsini təklif edib. "The Financial Times" Paolo Zampollinin artıq bu barədə FIFA-ya müraciət ünvanladığını yazır.

Zampolli təklifini həm FIFA prezidenti Canni İnfantinoya, həm də turnirə ev sahibliyi edən ölkənin lideri kimi Trampa çatdırıb. Məsələdən agah mənbələrə görə, o, İtaliyanın dördqat dünya çempionu olmasını əsas gətirərək bu komandanın turnirə layiq olduğunu vurğulayıb.

Bu təklifin həm də Tramp ilə İtaliyanın baş naziri Corca Meloni arasındakı gərginliyi aradan qaldırmaq niyyəti güddüyü deyilir. Trampın İran müharibəsi kontekstində Papa XIV Leonu tənqid etməsindən sonra tərəflər arasında münasibətlər pisləşib.

Rəsmi Tehran aprelin 22-də yaydığı bəyanatda çempionata tam hazır olduqlarını və turnirdə mütləq iştirak edəcəklərini bildirib.

"Dörd titulla onların buna haqqı çatır"

İtaliya yığması Dünya Çempionatına vəsiqə qazana bilməyib. Turnir ABŞ, Meksika və Kanadada keçiriləcək.

Zampolli FT-yə müsahibəsində təklifini belə əsaslandırıb: “Mən italiyalıyam və ABŞ-də keçirilən turnirdə "Azzurri"ni görmək arzumdur. Dörd titulla onların buna haqqı çatır".

İtaliya yığmasının Bosniya və Herseqovina ilə həlledici pley-off oyunundakı məğlubiyyəti ölkədə ciddi siyasi narazılıq yaratmış, nəticədə İtaliya Futbol Federasiyasının rəhbəri istefa vermişdi.

ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan sonra İran əvvəlcə çempionata getməyəcəyini bildirmişdi. İran tərəfi oyunlarının Kanada və Meksikaya keçirilməsini istəsə də, FIFA təklifi rədd edib.

Tramp da İran futbolçularının ABŞ-yə gəlişinin onlar üçün təhlükəli ola biləcəyini qeyd edib.

FIFA İtaliya yığması ilə bağlı lobbiçilik cəhdləri barədə sualları cavabsız qoyub. İnfantino ötən həftə deyirdi ki, İran komandası çempionatda mütləq iştirak edəcək.