İlham Əliyev yenə 'mətbuat azadlığının düşmənləri' sırasındadır

"Mətbuat azadlığının düşmənləri 2026"

Azərbaycan prezidenti İlham Əliyev bu il də Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) "mətbuat azadlığının düşmənləri" siyahısına daxil edilib.

Noyabrın 2-si Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıq hallarına son qoyulması günüdür. RSF bu gün münasibətilə "mətbuat azadlığının düşməni" elan etdiyi 33 siyasətçi və qurumun profilini yayımlayıb. Qurum bəyan edir ki, mətbuat azadlığına nifrət bəsləmək onların ortaq cəhətidir.

Mətbuatı susdurmaq vasitələrinə gəlincə, bura müstəqil səslərin boğulması, informasiya əldə etmək hüququnun tapdanması, qətllər, həbslər, eləcə də təbliğat və trol ordularından istifadə daxildir.

İnformasiya səhrası

Azərbaycan bu il RSF-in "Dünya Mətbuat Azadlığı İndeksi"ndə 180 ölkə arasında 171-ci yerdə qərarlaşıb.

Prezident Əliyev ölkəsində informasiyanı boğan liderlər sırasında göstərilir. RSF bildirir ki, onun hakimiyyəti dövründə Azərbaycan informasiya səhrasına çevrilib: hökuməti tənqid edən bütün səslər susdurulub, müstəqil media qurumları qapadılıb və ya ölkədən didərgin salınıb. 2022-ci ildə qəbul edilmiş "Media haqqında" qanunla isə senzura institusionallaşdırılıb. Jurnalistlər davamlı təzyiqlərlə üzləşirlər və hazırda 27 media nümayəndəsi həbsdədir. Üstəlik, həbs cəzaları getdikcə daha da sərtləşir.

RSF konkret olaraq 2026-cı ildə baş verən hadisələr sırasında ToplumTV-nin beş əməkdaşına 14 ilədək həbs cəzası kəsilməsini nümunə gətirir. Qurum bunun ölkədə jurnalistlərə indiyədək verilmiş ən ağır həbs cəzası olduğunu vurğulayır.

Ali Məhkəmə isə korrupsiya araşdırmalarına görə "AbzasMedia" jurnalistlərinə kəsilmiş 9 ilədək həbs cəzasını qüvvədə saxlayıb. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların sırasındadır.

RSF İ.Əliyevin bu il fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi "Dünyada müstəqil media yoxdur" sözlərinə də diqqət çəkir. Təşkilat ölkədə media azadlığını boğmaq üçün əsas silahın "institusionallaşdırılmış senzura" olduğunu bildirir.

Hakimiyyət isə ölkədə mətbuat azadlığının tam qorunduğunu bəyan edir və jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunması ilə bağlı iddiaları əsassız sayır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan bu il də Ermənistan və Gürcüstandan geridə qaldı

Tramp da siyahıya düşüb

Bu siyahıya Əliyevlə yanaşı, ABŞ prezidenti Donald Trampın da adı salınıb. RSF onun ötən il bu siyahıya düşməkdən son anda yayındığını xatırladır. Trampın siyahıdakı bəzi digər şəxslər kimi ölümcül üsullara əl atmadığı, amma ikinci prezidentlik dövründə ABŞ-də jurnalistikanı siyasi təbliğat alətinə çevirməyə çalışdığı vurğulanır. Hazırda ABŞ RSF-nin "Dünya Mətbuat Azadlığı İndeksi"ndə 64-cü yerdədir.

Digər tərəfdən, Tramp administrasiyası öz addımlarını mətbuat azadlığını məhdudlaşdırmaq yox, medianın qərəzliliyinə qarşı mübarizə aparmaq kimi qiymətləndirir. Ağ ev Trampın ikinci prezidentlik dövrünün ilk 100 günündə əsas media qurumlarında yayımlanan materialların 92 faizinin mənfi olmasını qərəzlilik göstəricisi sayır.

"Bu, hakimiyyətə ictimai nəzarət edən azad mətbuatdan daha çox, kameralarla idarə olunan siyasi bir əməliyyata bənzəyir", – Ağ evdən bildirilib.

Siyahıda Rusiya prezidenti Vladimir Putin və Nikaraqua lideri Daniel Orteqa da yer alıb.

RSF bildirir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hindistanlı sahibkar Qautam Adaninin rəhbərlik etdiyi konqlomerat da "mətbuat azadlığının düşmənləri" sırasına qoşulub. "Onlar media qurumları və jurnalistlərinə qarşı hüquqi prosedurlardan sui-istifadə etməklə jurnalist fəaliyyətini cinayət müstəvisinə keçirməyə çalışırlar", – RSF bəyan edir.

"İqtisadi" kateqoriyada isə "Alphabet" və "Meta" kimi texnologiya nəhənglərinin, həmçinin Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu, nüfuzlu milyarder Bidzina İvanişvilinin adlarına rast gəlinir. Onların müstəqil medianı zəiflətmək üçün maliyyə təzyiqlərindən rıçaq kimi istifadə etdikləri vurğulanır.