Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Fazil Qasımov mayın 17-dən etibarən aclıq aksiyasına başlayıblar. 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbusların yaxınlarının yaydığı məlumata görə, aksiya Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) start götürdüyü günə təsadüf edir.
Məhbusların birgə bəyanatında aksiyanın məqsədi belə izah olunub: "Azərbaycandakı siyasi məhbus probleminə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və ölkədə aparılan siyasi repressiyalara etiraz etmək məqsədilə mayın 17-si saat 15:00-dan etibarən aclıq aksiyasına başladığımızı elan edirik".
Bu məlumatı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmirlər.
WUF13 mayın 23-dək davam edəcək.
Hafiz Babalı
Jurnalist H.Babalı 2023-cü ilin dekabrında "AbzasMedia işi" çərçivəsində saxlanılıb. Bu iş üzrə onunla birgə nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadə həbs edilib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadəyə 9 il, N.Absalamova və E.Qasımovaya 8 il, M.Kekalova isə 7 il 6 ay həbs cəzası verilib. Jurnalistlərin hamısı ittihamları rədd edir.
Fazil Qasımov
İqtisadçı F.Qasımov 2023-cü il avqustun 8-də — iqtisadçı Qubad İbadoğlunun həbsindən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu saxlandığı gün ofisindən tapıldığı iddia edilən 40 min dolların hüquq-mühafizə orqanları tərəfindən atıldığını bildirmişdi. Professor ötən il ev dustaqlığına buraxılıb və onun işi ümumi icraatdan ayrılıb.
F.Qasımovun işi isə məhkəməyə göndərilib və Bakı Ağır Cinayətlər Məhkəməsi ona 9 il həbs cəzası kəsib. İttihamı qəbul etməyən F.Qasımov cinayət işindəki bəzi sənədlərin saxtalaşdırıldığını bildirir, rəsmi qurumlar isə bu iddianı təsdiqləmir.