"AbzasMedia işi" üzrə 9 il müddətinə azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalıya cəzaçəkmə müəssisəsində lazımi dərmanların verilmədiyi deyilir.
Yaxınlarının sözlərinə görə, o, artıq bir ay yarımdır ki, zəruri dərmanlarını ala bilmir. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 55 yaşlı jurnalistin dərman təminatını dayandırdığı iddia olunur.
Yaxınları əlavə ediblər ki, damar xəstəliyindən əziyyət çəkən jurnalistin həm də üçüncü qrup görmə əlilliyi var. Onun hətta həkimin təyin etdiyi göz təzyiqini aşağı salan xüsusi dərmanı da əldə edə bilmədiyi söylənir.
Müəssisənin tibb-sanitar hissəsi isə dərmanların verilməməsini satınalma müsabiqəsinin hələ keçirilməməsi ilə izah edib.
Hələlik səsləndirilən bu iddialarla bağlı nə cəzaçəkmə müəssisəsindən, nə də bütövlükdə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olub.
Bundan əvvəl də həbsdə olan bir çox jurnalist və ictimai fəalın lazımi müayinə və müalicədən məhrum qalmaları ilə bağlı çoxsaylı şikayətlər yayılıb. Amma rəsmi qurumlar bu qəbildən olan müraciətlərin araşdırılması barədə hər hansı açıqlama verməyiblər.
Xatırlatma
H.Babalı 2023-cü ilin dekabrında "AbzasMedia işi" çərçivəsində saxlanılıb. Eyni iş üzrə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, eləcə də AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ü.Həsənlini, S.Vaqifqızını, H.Babalını və F.Mehralızadəni 9 il, N.Absalamova ilə E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Onlara qarşı qaçaqmalçılıq və müxtəlif maliyyə pozuntuları ilə bağlı ittihamlar irəli sürülsə də, məhkumlar bu iddiaları qəbul etmirlər.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların olması fikrini rədd edir və həmin şəxslərin törətdikləri konkret əməllərə görə ədalətli mühakimə olunduqlarını bildirirlər.