Avropa Məhkəməsi Gültəkin Hacıbəylinin səs yazılarının yayılmasına görə hökumətə sorğu göndərib

Gültəkin Hacıbəyli

Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Bakıdakı xarici diplomatlarla söhbətinin gizli dinlənilməsi və səs yazısının televiziyada yayılmasıyla əlaqədar Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib.

G.Hacıbəyli Avropa Məhkəməsinə ərizəsində Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət), 10-cu (ifadə azadlığı) və 18-ci (dövlət orqanlarının insan hüquqlarını Konvensiyada nəzərdə tutulmayan gizli və ya siyasi məqsədlərlə məhdudlaşdırmasının qadağan edilməsi) maddələriylə təminat verilən hüquqlarının pozulmasından şikayətlənib.

O, ərizəsində göstərib ki, 2019-cu il oktyabrın 8-də beynəlxalq təşkilatlardan birinin əməkdaşı ilə restoranda görüşü zamanı söhbətinin, eləcə də oktyabrın 19-da Azərbaycandakı səfirlik əməkdaşı ilə telefon danışığının gizli şəkildə qeydə alınmış səs yazıları oktyabrın 20-də televiziyada nümayiş etdirilib. Qanunsuz şəkildə onu izləyən, danışıqlarını dinləyən və yayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi, cinayət məsuliyyətinə cəlb olunması tələbiylə dərhal Baş Prokurorluğa üz tutsa da, nəticəsi olmayıb.

Baş Prokurorluq bu olayda cinayət tərkibi olmadığı qənaətinə gəlib və 6 dekabr 2019-cu ildə cinayət işi başlanmasını rədd edib. G.Hacıbəyli ərizəsində rədd qərarı surətinin ona verilmədiyini də bildirib. Ardınca prokurorluğun imtina qərarından məhkəməyə şikayət etsə də, Azərbaycandakı məhkəmələr bu işi icraata götürüb baxmayıb. Əsas kimi də şikayətinə Baş Prokurorluğun rədd qərarını əlavə etmədiyini göstəriblər. G.Hacıbəyli yuxarı instansiya məhkəmələrinə şikayətlərində həmin qərarın surətinin ona verilmədiyini qeyd edib.

Beləliklə, keçmiş deputat ölkədaxili məhkəmələrdən sonra Avropa Məhkəməsinə üz tutub. O, Strasburqa şikayətində iddia edib ki, dövlət orqanları onun danışıqlarını qanunsuz dinləyib, gizli şəkildə yazıb və jurnalist Mirşahin Ağayevə ötürüb. O, ərizəsində baş verənlərin siyasi fəaliyyətiylə bağlı olduğunu vurğulayıb.

Avropa Məhkəməsinin hökumətə ünvanladığı suallar arasında G.Hacıbəyliyə məhkəməyə çatımlılıq hüququnu gerçəkləşdirmək imkanının yaradılması, onun şəxsi həyatına və yazışmalarına hörmət hüququnun pozulub-pozulmaması və s. məsələlər yer alıb.

Xatırlatma

2019-cu il oktyabrın 20-də "Real TV" kanalında G.Hacıbəylinin ABŞ səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin diplomatları ilə telefon danışığını və görüşünün səs yazıları yayımlanıb. Bu kanala istinad edən bir çox başqa media orqanları da həmin səs yazılarını tirajlayıb. Bir müddət sonra "Real TV" səs yazıları yayılan verilişi "Youtube" platformasından silib. Həmin verilişdə M.Ağayev ABŞ-ni Azərbaycanın daxili işlərinə qarışmaqda suçlamış, G.Hacıbəylini "casus" adlandırmışdı.

Ardından ABŞ səfirliyi bəyanat yayaraq Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması haqda ittihamların yalan və absurd olduğunu bəyan etmişdi. Sözügedən verilişin və məqalələrin internetdən silinməsi də təqdir olunmuşdu.

G.Hacıbəyli o zaman bildirmişdi ki, səfirliyin diplomatı ilə telefonla danışıb, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşıyla restoranlardan birində görüşüb. O, telefonunun gizli şəkildə dinlənildiyini, diplomatla görüşlərindən öncədən xəbərdar olan yetkili şəxslərin əməliyyat hazırlayaraq masaya gizli dinləmə qurğusu yerləşdirdiklərini düşünür.