Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:36

Gültəkin Hacıbəyli: 'Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam'


G.Hacıbəyli
G.Hacıbəyli

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü, keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Avropa Şurasının korrupsiya ilə bağlı hesabatının «hərtərəfli və əsaslı» hazırlandığı qənaətindədir. O, Azərbaycanla bağlı səslənən fikriləri şübhə altına almır. Əksinə, araşdırmanı aparanların təcrübəli hüquqşünaslar olduğunu bildirir: «Onlar Avropa Məhkəməsinin hakimi olublar, biri İsveçin ombudsmanı olub. Avropa məkanında nüfuzlu, peşəkar, təcrübəli hüquqşünas kimi tanınırlar. Bu şəxslər bir ilə yaxın müddətdə ciddi araşdırma aparıblarsa, ortaya konkret faktlar qoyublarsa, təbii ki, bizim buna inanmamaq üçün əsasımız yoxdur».

Azərbaycan hakimiyyətinin yanaşmasına gəlincə, keçmiş deputat hakimiyyətin indiyədək o araşdırmada deyilənləri təkzib edən heç bir ciddi fakt təqdim etməməsinə diqqət çəkir.

«Problemlər 2009-cu ildən sonra yaranmağa başladı»

G.Hacıbəyli onun AŞPA-dakı fəaliyyəti dövründə də bəzi avropalı deputatlara hədiyyələr verildiyini deyir:

AŞPA
AŞPA

«Məsələn, kürü, suvenirlər və s. Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam. Lobbiçilik fəaliyyəti məqsədilə. Leqal şəkildə bəzi addımlar atılırdı. Açığı, o zaman belə ciddi şəkildə korrupsiyanın şahidi olmamışam. Əslində, buna zərurət də yox idi. 2009-cu ilə qədər Avropa Şurası ilə Azərbaycan arasında normal əməkdaşlıq var idi. Problemlər daha çox 2009-cu ildən sonra yaranmağa başladı. Azərbaycana neft gəlirləri gəldi, varlandı. Bundan sonra hakimiyyət bu fikrə düşdü ki, avropalı deputatları da ələ alsın, məruzəçiləri öz istəyi ilə təyin etsin. O zaman Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini əngəlləmək məqsədilə geniş kampaniya başladıldı. Həmin qətnamənin qəbul olunmaması üçün avropalı deputatlar pul, müxtəlif hədiyyələr və başqa vasitələrlə ələ alındılar».

Azərbaycan nümayəndə heyəti ilə bağlı hansı addımlar atıla bilər? Hacıbəyli bunun üçün Avropa Şurasının cəza mexanizmləri olduğunu bildirir:

«Nümayəndə heyətinin səsvermə hüququ əlindən alına, fəaliyyəti dondurula bilər. AŞPA prezidenti bu hesabat açıqlanandan sonra bəyanatla çıxış etdi. Orda adıçəkilənləri onlara qarşı inzibatı cəza mexanizmi fəaliyyətə başlamazdan öncə səlahiyyətlərindən imtina etməyə çağırdı. Əks halda, Avropa Şurasının cəza mexanizmləri işə düşəcək. AŞPA-da prezidentin vəzifədən uzaqlaşdırılmaq təcrübəsi var, (AŞPA-ın keçmiş sədri Pedro) Aqramunt müqavimət göstərsə də, prezidentlikdən qovuldu. Düşünürəm ki, bu, deputatlara nümunə olacaq, bu dərəcədə rüsvayçı sonluğu yaşamamaq üçün səlahiyyətlərindən imtina edərək AŞPA-dan uzaqlaşacaqlar».

A.Məmmədli
A.Məmmədli

A.Məmmədli: «Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılacağını gözləmirəm»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qurumun tarixində ilk dəfə bu cür araşdırma aparan qrupun yaradıldığını deyir:

«Mexanizmlər də qeyri-müəyyəndir. Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılacağını gözləmirəm. Sadəcə, ayrı-ayrı şəxslərin, xüsusən də Azərbaycan nümayəndə heyətindəki bəzi şəxslərin qurumda qalması məsələsinə baxıla bilər. Xatırladım ki, ilk gündən bu qalmaqalda adı çəkilən azərbaycanlı deputatlar Müslüm Məmmədov, Elxan Süleymanov artıq AŞPA-nın nümayəndə heyətində başqaları ilə əvəzləniblər. Başqalarının qurumda qalmasına baxıla bilərmi? Çətinlik çəkirəm cavab verməyə. Proseslərin gedişini izləyək».

Nizami Cəfərov: “Ağlım kəsmir bir şey ola”

AzadlıqRadiosu korrupsiya ilə bağlı hesabata Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin də mövqeyini öyrənməyə çalışsa da, bu mümkün olmayıb. Deputatlar toplantıda olduqlarını bildiriblər. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə müzakirələrdən öncə AzadlıqRadiosu-nun əməkdaşına qısaca hesabatı mənfi qiymətləndirdiyini və bu haqda daha geniş günün sonunda danışacağını deyib.

YAP-çı deputat Nizami Cəfərov isə Azərbaycan nümayəndə heyəti üzvlərindən kimlərinsə rüşvət verə biləcəyinə inanmadığını bildirib.

“Ağlım kəsmir belə bir şey ola. Amma yenə də Avropaya gedən deputatlardan soruşun. Mən burdan-bura... Mən təbii deyəcəm ki, bu mümkün deyil. Dövlətimizin, parlamentimizin, deputatlarımızın kiməsə pul verməyə ehtiyacı yoxdur. Ümumi strateji münasibətlər var və bizim dövlət siyasətimiz ayrı cürdür. Biz o yollarla gedə bilmirik. Amma konkret elə şey varsa, onu Avropa Şurasının üzvü olan deputatlardan soruşun”, – YAP-çı deputat söyləyib.

Fərəc Quliyev: “Əsas varsa, faktları ortaya qoysunlar”

Bitərəf deputat Fərəc Quliyev də həmkarlarının avropalı deputatlara rüşvət verməsini mümkünsüz sayır:

“Bu Avropa təsisatlarından həmişə belə basqılar olub... Hesab edirəm ki, belə şeylərə artıq adət ediblər. Bu da bir qrupun işidir, qurumun adına yazmaq istəmirəm. Bütünlükdə həmin qurumun nümayəndələri Azərbaycanla normal münasibətlərdə maraqlıdırlar”.

Deputat hesabatın qəbul olunmasını isə belə qarşılayıb: “Qəbul olunsun da. Belə məsələlər həmişə olub. Sonradan həmişə məlum olub ki, bu məsələlərdə ikili standartlardan çıxış edirlər. Bizim nümayəndə heyəti haqqında da yanlış qərarlar veriblər. Bütün ölkələrdə korrupsiya var. Azərbaycanda da var və ona qarşı mübarizə aparılır. Deputatlarımız haqda belə fikirlər əsasssızdır, yersizdir. Əsas varsa, faktları ortaya qoysunlar”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG