Moskva Ermənistanda Rusiya hərbi mövcudluğuna alternativ görmür

Sizin brauzer HTML5-i dəstəkləmir

Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?

Rusiyanın iki yüksəkvəzifəli diplomatı bu ölkənin hərbçilərinin Ermənistanda qalmasının onun təhlükəsizliyi üçün əvəzsiz olduğunu bildirib. İki həftə əvvəl isə Rusiya prezidenti Vladimir Putin qoşunlarını Ermənistandan çıxarmağa hazır olduğunu demişdi.

"Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Ermənistandan heç bir müraciət almamışıq. Əvvəlki kimi onun Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının əsas elementlərindən biri olduğunu düşünürük", – xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinin sentyabrın 15-də dərc etdiyi müsahibəsində deyir.

"Çoxları haqlı olaraq soruşur: alternativ nədir? Fikrimizcə, hazırda belə bir alternativ görünmür. Açığı, məsələn, Fransa əsgərlərinin bu rolu yerinə yetirməsini təsəvvür etmək çətindir, azından Fransa ilə Ermənistan arasındakı coğrafi məsafəyə görə", – Qaluzin vurğulayıb.

Putin sentyabrın 1-də baş nazir Nikol Paşinyanla danışıqlardan sonra Rusiya qoşunlarının Ermənistandan çıxarılması ehtimalından danışıb. Həmin danışıqlarda o, Yerevanı Avropa İttifaqına üzvlüklə Rusiyanın rəhbərlik etdiyi ticarət blokunda qalmaq arasında tezliklə seçim etməyə çağırıb. Putin jurnalistlərə deyib ki, Ermənistan hökuməti müraciət edərsə, Moskva Gümrüdəki bazanı "hətta sabah" bağlamağa hazırdır.

"Ancaq Ermənistan xalqı orada Rusiyanın hər hansı formada hərbi mövcudluğunu istəyirsə, biz qalacağıq və işləyəcəyik", – Putin əlavə edib.

Paşinyan cavabında bildirib ki, Moskva Ermənistandakı çoxillik hərbi mövcudluğuna son qoymaq qərarına gəlsə, administrasiyası buna etiraz etməyəcək. O deyib ki, Rusiya bazası Ermənistan üçün həyati əhəmiyyət daşımır.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 15-də Qaluzinin açıqlamasına münasibət bildirərkən Paşinyanın bu fikirlərinə istinad edib, əlavə şərh verməyib.

"Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, bunu elan etməlidirlər. İstəmirlərsə, bu da müzakirə mövzusudur, bunu müzakirə edəcəyik", – bunu isə parlament sədrinin müavini Vaaqn Aleksanyan deyib.

Aleksanyan onu da bildirib ki, Rusiya qoşunları 2021 və 2022-ci illərdə Ermənistanı Azərbaycanın hərbi təcavüzündən qorumayıb.

Ermənistan müxalifətinin bəzi liderləri Rusiya hərbçilərinin ölkədən çıxarılması ehtimalından ciddi narahatlıq ifadə ediblər. Onlar Rusiya bazasını Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədən mümkün təhlükəyə qarşı vacib çəkindirici qüvvə sayırlar.