Ermənistan baş naziri Nikol Paşinyanın parlament seçkilərində qazandığı qələbə Rusiyanın onun qərbyönlü siyasi addımlarını pozmaq cəhdlərinə ciddi zərbə vurdu. Amma parlamentdə üçdə iki səs çoxluğunun əldə edilə bilməməsi ABŞ-nin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan sülh prosesini çətinləşdirə bilər.
İlkin rəsmi nəticələrə görə, Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 105 yerlik parlamentdə 64 mandat qazanıb. Bu, baş nazirə yeni müddət ərzində hakimiyyətdə qalmaq imkanı verir. Qalan yerləri rusiyayönlü iki müxalifət partiyası bölüşdürüb. Üçüncü müxalif qüvvə isə səslərin yenidən sayılmasının nəticəsindən asılı olaraq parlamentə keçmək üçün tələb olunan 4 faizlik baryeri cüzi fərqlə keçə bilməyib.
"Ermənistan hökumətinin yenidən seçilməsi diplomatik əlaqələri inkişaf etdirmək, qonşularla münasibətləri yaxşılaşdırmaq və yeni təhlükəsizlik tərəfdaşları tapmaq üçün yeni imkanlar yaradır", –Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan iyunun 8-də AzadlıqRadiosuna açıqlamasında bildirib.
Qərbyönlü kurs təsdiqləndi
Paşinyanın Avropa İttifaqı (Aİ) və ABŞ ilə əlaqələri gücləndirmək istiqamətindəki addımlarını davam etdirəcəyi gözlənilir.
Ötən il Ermənistan Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib. Aİ liderləri seçkilərin nəticələrini müsbət qarşılayıb.
Keçən ay Yerevana dövlət səfəri zamanı Paşinyanla birlikdə səhnədə mahnı oxuyan Fransa prezidenti Emmanuel Makron onu təbrik edib. Makron iki ölkənin maraqlarına xidmət edən əməkdaşlığı daha da gücləndirəcəyinə, Ermənistanın sülh və suverenliyini dəstəkləyəcəyinə, həmçinin ölkənin Avropaya yaxınlaşması prosesinə yardım edəcəyinə söz verib.
ERMƏNİSTANDA PARLAMENT SEÇKİLƏRİNİN İLKİN NƏTİCƏLƏRİ
Paşinyanın yenidən seçilməsi ABŞ prezidenti Donald Trampı da məmnun edəcək. Tramp iyunun 7-də keçirilən seçkilərdən əvvəl onu açıq şəkildə dəstəkləmişdi. O, sosial şəbəkədə belə yazmışdı: "Nikol Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu üçün sülh və rifah haqqında baxışlarımı tamamilə bölüşür".
Ötən il Trampın ev sahibliyi ilə Vaşinqtonda Azərbaycan-Ermənistan sammiti keçirilib. Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sülh sazişini paraflayıb. Bu, Rusiyanın regiondakı nüfuzunun sarsıldığını göstərirdi.
Ermənistanda seçkiönü dövr Rusiyanın təhdidləri və Paşinyana dəstəyi azaltmağa yönəlmiş addımları ilə yadda qalıb. Moskva Ermənistandan bir sıra məhsulların idxalını qadağan edib. Rusiya prezidenti Vladimir Putin Ermənistan üçün mümkün "Ukrayna ssenarisi"nə eyham vurub.
Yerevandakı təhlilçilər Rusiyanın seçkilərə təsir göstərmək cəhdlərinin uğursuz olduğunu deyirlər. "Bu səsvermə Ermənistanın düzgün istiqamətdə irəlilədiyinə inamı nümayiş etdirir", – deyən Giraqosyan seçkiləri "həlledici parlament seçkiləri" adlandırıb.
Yerevandakı Erməni Araşdırmaları Şurası Mərkəzinin rəhbəri Areq Koçinyan isə "Nastoyaşşeye Vremya"ya müsahibəsində Rusiyanın bütün cəhdlərinin əks-effekt verdiyini bildirib. "Əgər Rusiyanın məqsədi dezinformasiya kampaniyaları, ticarət müharibələri və digər hibrid vasitələrlə Ermənistandakı əlaltılarını dəstəkləmək idisə, bu, tamamilə əks nəticə verdi", – o qeyd edib.
"Erməni cəmiyyəti ümumilikdə çox səfərbər olmuşdu, hətta demək olar ki, "elektrikləşmişdi". Paşinyan təsirli qələbə qazandı", – Koçinyan söyləyib.
Nikol Paşinyan və İlham Əliyev
Sülhə aparan çətin yol
Bu, Ermənistanın 2023-cü ildəki hərbi məğlubiyyətindən sonra keçirilən ilk seçki idi. Həmin il Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etmişdi. Paşinyanın kampaniyasının əsas ideyalarından biri "real Ermənistan" konsepsiyası idi. Bu, ölkənin mövcud sərhədlərini qəbul etməyi və ənənəvi olaraq gərgin münasibətdə olduğu qonşuları – Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağı nəzərdə tutur.
Son aylar Türkiyə ilə sərhədin açılması istiqamətində addımlar atılıb. Brüssel bunu Ermənistanın Avropa İttifaqına ixracı üçün yeni marşrut kimi təqdim edir.
Amma Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistandan konstitusiyasından Dağlıq Qarabağla bağlı hissəni çıxarmasını tələb edir. Bunun üçün isə Paşinyana parlamentdə üçdə iki səs çoxluğu lazımdır.
"Seçkilərdən sonra Ermənistanda ən vacib mövzu yeni konstitusiyanın qəbulu olacaq", –Koçinyan bildirib. Onun sözlərinə görə, bu məsələ həm demokratik islahatların davamı, həm də Azərbaycanla sülh prosesinin irəliləməsi ilə birbaşa bağlıdır. Amma müxalifətin dəstəyi olmadan konstitusiya dəyişiklikləri prosesinə başlamaq mümkün deyil, çünki bunun üçün parlament üzvlərinin ən azı üçdə ikisinin dəstəyi tələb olunur. Bundan sonra isə yeni konstitusiya ilə bağlı referendum keçirilməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 8-də bildirib ki, seçkilər müxalifətə "misli görünməmiş" təzyiq və Qərbin müdaxiləsi şəraitində keçirilib. Onun sözlərinə görə, nəticələr Ermənistan cəmiyyətinin dərindən parçalandığını göstərir.
Parlamentdə 29 mandat qazanaraq ikinci yeri tutan "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan da bu mövqeyi dəstəkləyib. O, təqiblərdən danışıb və səslərin sayılmasının saxtalaşdırıldığını iddia edib. Karapetyan ötən il hakimiyyəti qanunsuz yolla ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib və hazırda ev dustaqlığındadır.
Yerevanda ATƏT-in Seçki Müşahidə Missiyası
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) beynəlxalq müşahidə missiyası iyunun 8-də bildirib ki, müxalifət namizədləri və fəallarına qarşı çoxsaylı cinayət işləri açılıb və nəticədə bir çox müxalifət tərəfdarı kampaniyada fəal iştirak etməkdən çəkinib.
ATƏT-in xüsusi koordinatoru Fərəh Kərimi Yerevandakı mətbuat konfransında deyib ki, bu hallar, həmçinin dövlət sektoru işçilərinə edilən təzyiqlər və son sosial addımlar seçkidə bərabər imkanlarla bağlı narahatlıq yaradıb.
ATƏT Rusiyanın seçkilərə müdaxiləsinə də diqqət çəkib.
"Seçki zamanı müxalifəti dəstəkləmək və seçicilərə təsir etmək üçün xaricdən ticarət qadağaları və təhlükəsizlik hədələri şəklində təzyiqlər qeydə alınıb", – Kərimi vurğulayıb.