Ermənistan hakimiyyəti ölkənin Rusiyanın rəhbərlik etdiyi ticarət blokundan nə vaxt çıxacağına dair konkret tarix açıqlamır. Xarici işlər naziri Ararat Mirzoyan mayın 12-də bildirib ki, Yerevan "nə vaxtsa" Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət etmək arasında seçim etməli olacaq.
"Bu seçimin nə olacağını bilmirik. Aydındır ki, eyni anda həm Aİİ-də, həm də Avropa İttifaqında üzv olmaq olmaz. Hal-hazırda bu məsələ gündəmdə deyil", – deyə Mirzoyan Yerevanda seçki kampaniyası zamanı jurnalistlərə açıqlayıb.
Baş nazir Nikol Paşinyanın hökuməti bir il əvvəl Ermənistanın Aİ-yə üzvlüyünü hədəfləyən qanunu qəbul edib. Lakin Yerevan hələ rəsmi müraciət etməyib. Aİ-yə üzv dövlətlərin heç biri də bu perspektivə açıq dəstək verməyib.
Putindən xəbərdarlıq
Moskva dəfələrlə xəbərdarlıq edib ki, Ermənistan Rusiya bazarına güzəştli giriş hüququnu və iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan ucuz Rusiya qazını itirmək riski ilə üzləşə bilər. Rusiya prezidenti Vladimir Putin ötən həftəsonu Yerevanın iki blok arasında "mümkün qədər tez" seçim etməli olduğunu vurğulayıb.
"Fikrimcə, həm Ermənistan vətəndaşları, həm də onların əsas iqtisadi tərəfdaşı olan bizim üçün ən qısa zamanda qərar qəbul etmək doğru olardı. Məsələn, referendum yolu ilə. Bu bizim işimiz deyil, lakin referendum keçirib ermənilərin seçimini öyrənmək tamamilə məntiqlidir. Biz də buna uyğun olaraq nəticələr çıxarar, mülayim, nəzakətli və qarşılıqlı faydalı ayrılıq yoluna qədəm qoyardıq", – deyə Putin bildirib.
Putin bu sözləri Yerevanın iki Avropa sammitinə ev sahibliyi etməsindən cəmi bir neçə gün sonra deyib. Sammitlərdə xüsusilə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı Moskvanın qəzəbinə səbəb olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Kremlin qisası': Putin əslində Paşinyana qarşı nə planlayır?
"Söhbət iki stuldan yox, 22 stuldan gedir"
Rusiya XİN-in yüksək vəzifəli rəsmisi Mixail Kaluqin də mayın 12-də Putinin mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Aİİ üzvlüyünü artıq "alternativ ittifaq axtarışında müvəqqəti dayaq nöqtəsi" kimi görə bilməz.
"Sadə dillə desək, eyni anda iki stulda oturmaq olmaz", – Kaluqin TASS-a müsahibəsində deyib.
Mirzoyan isə cavab olaraq bildirib: "Ermənistan indi oturmur, ayaqdadır, inkişaf edir və irəliləyir. Alleqoriya ilə desək, söhbət iki stuldan yox, 22 stuldan gedir".
Ermənistan hökumətinin məlumatına görə, ötən il ölkənin xarici ticarətinin 35.8 faizi Rusiyanın, 11.7 faizi isə Avropa İttifaqının payına düşüb. Rusiya Cənubi Qafqaz ölkəsinin əsas ixrac bazarı olaraq qalır. Bundan başqa, Yaxın Şərqdəki müharibənin qiymətlərə təsirindən əvvəl də Ermənistana satılan Rusiya qazının qiyməti beynəlxalq bazar səviyyəsindən xeyli aşağı idi.
AzadlıqRadiosunun erməni xidmətinin yazdığına görə, Paşinyanın siyasi rəqibləri illərdir onun xarici siyasətini təhlükəli adlandırır və Aİ-nin real iqtisadi və təhlükəsizlik alternativləri təklif etmədiyini vurğulayırlar. Bir qismi isə iddia edir ki, Paşinyan 7 iyun parlament seçkilərində qalib gələrsə, Ermənistan Rusiyanın ağır sanksiyaları ilə üzləşəcək.