Avropa Şurasının prezidenti Antoniu Koşta Yerevanda keçirilən ilk Ermənistan-Avropa İttifaqı (Aİ) sammitini "tarixi" adlandırıb. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.
O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə birgə bəyanatında bildirib ki, "bugünkü sammit Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlığın dərinləşdirilməsində mühüm mərhələdir".
Aİ Şurasının prezidenti sabit və çiçəklənən Cənubi Qafqazın Ermənistanın gələcəyinin təminatı olduğunu vurğulayıb: "Avropa İttifaqı regional sülh və normallaşma prosesini dəstəkləməyə davam edəcək".
Koşta Ermənistanın Aİ ilə Asiya arasında əlaqə mərkəzinə çevrildiyini və blokun Ermənistan, eləcə də daha geniş region üçün əsas uzunmüddətli tərəfdaş olduğunu vurğulayıb: "Daha güclü nəqliyyat və enerji əlaqələri vasitəsilə biz qarşılıqlı etimad yarada, yeni iş yerləri aça və davamlı sülhün ən mühüm təməli olan ortaq rifah vasitəsilə qonşu dövlətləri bir-birinə yaxınlaşdıra bilərik".
Ermənistanın baş naziri Nikol Paşinyan da sammiti "tarixi" adlandırıb.
"Əgər Avropa Birliyinə qəbul olunsaq, xoşbəxt və sevincli olacağıq. Qəbul olunmasaq, yenə də qalib mövqedə olacağıq, çünki biz Aİ standartlarına uyğun bir ölkə olacağıq", – Paşinyan vurğulayıb.
Baş nazir Ermənistanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət edib-etməyəcəyi məsələsinə aydınlıq gətirməkdən yayınıb.
Yekun bəyanatda Ermənistana üzvlük vəd olunmur
"Azatutyun" yazır ki, bugünkü Aİ-Ermənistan sammitinin yekun bəyanatında Aİ liderləri Ermənistanı birliyə yaxınlaşdırmaq səylərini davam etdirəcəklərinə söz verəcəklər. Lakin Yerevana 27 üzvlü bloka üzvlüklə bağlı hər hansı vəd verilmir. Sənəddə Ermənistana əlavə iqtisadi yardımın ayrılması da nəzərdə tutulmayıb.
Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə rəhbəri Kaya Kallas Ermənistanın üzvlük perspektivi ilə bağlı konkret mövqe bildirməyib. O, bu məsələnin Ermənistanda iyunun 7-nə təyin olunan parlament seçkilərinin nəticələrindən asılı olacağını vurğulayıb.
"Avropa perspektivi də gündəmdədir. Amma sonda qərarı ermənilər verəcək", – Kallas Yerevanda jurnalistlərə deyib.
Paşinyan hökuməti ötən il Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib. Rusiya rəsmiləri həmin vaxtdan bəri dəfələrlə xəbərdarlıq ediblər ki, Yerevan bu siyasətə görə "ağır bədəl" ödəyə bilər. Moskva Yerevanda keçirilən sammitlər ərəfəsində bu xəbərdarlıqların tonunu daha da sərtləşdirib.
Mayın 4-də Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti baş tutub.