Keçid linkləri

2026, 04 May, bazar ertəsi, Bakı vaxtı 15:19

Prezident Əliyev Yerevan sammitində: 'Sülh şəraitində yaşamağı öyrənirik'

Azerbaijan -- "President Ilham Aliyev delivers speech via videoconference at the 8th European Political Community (EPC) Summit in Yerevan - 04May2026
Azerbaijan -- "President Ilham Aliyev delivers speech via videoconference at the 8th European Political Community (EPC) Summit in Yerevan - 04May2026

"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik". AZƏRTAC-ın xəbərinə görə, bu sözləri mayın 4-də Azərbaycan prezidenti İlham Əliyev Bakıdan videobağlantı vasitəsilə Avropa Siyasi Birliyinin Yerevanda keçirilən 8-ci zirvə toplantısındakı çıxışı zamanı deyib.

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə Ermənistan və Azərbaycan rəsmilərinin birgə bəyannamə imzaladıqlarını xatırladan Əliyev bildirib ki, sülh əldə edildikdən sonra Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq olunmuş bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. O həmçinin əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktiki faydalarını görməkdədir.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, qarşılıqlı iddiaların dayandırılması vacib sayılır.

Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammitinin iştirakçıları ənənəvi "ailə fotosu" üçün bir araya gəliblər.
Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammitinin iştirakçıları ənənəvi "ailə fotosu" üçün bir araya gəliblər.

Avropa liderləri Yerevana yığışıblar

Bu həftə Ermənistanın paytaxtı Yerevanda iki Avropa sammiti keçirilir. NATO rəhbəri də daxil olmaqla dünya liderlərinin qatılacağı tədbirlər beynəlxalq diqqəti qonşu ölkəyə yönəldib.

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta mayın 4-də Avropa Siyasi Birliyinin (EPC) sammitinə ev sahibliyi edəcək. Tədbirdə əsasən Aİ ölkələrindən olmaqla 40-dan çox lider və rəsmi şəxs iştirak edir.

Mayın 5-də isə Aİ rəhbərliyi ilə Ermənistan arasında ayrıca sammit keçiriləcək. Əhalisi 3 milyondan az olan, dənizə çıxışı olmayan Ermənistan qonşu Azərbaycanla 30 ildən çox davam edən münaqişədən sonra özünə gəlməyə çalışır.

EPC Belarus, Rusiya və Vatikan istisna olmaqla, Avropa dövlətlərini birləşdirən qeyri-rəsmi platformadır. Bu formatı Fransa prezidenti Emmanuel Makron 2022-ci ildə – Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma başlamasından az sonra irəli sürüb. Tədbir ildə iki dəfə keçirilir. Makron da mayın 3-də Yerevana gəlib.

Sammitə NATO-nun baş katibi Mark Rutte və Aİ-nin əsas institutlarının rəhbərləri də qatılacaq.

Böyük Britaniya Ukraynaya ayrılacaq krediti dəstəkləyir

EPC sammitlərində nadir hallarda böyük qərarlar elan olunur. Lakin Böyük Britaniyanın baş naziri Kir Starmerdən bu dəfə açıqlama gözlənilir. London Ukraynaya hərbi texnika tədarükünün maliyyələşdirilməsi məqsədilə Aİ ilə əməkdaşlıq etmək niyyətindədir. Britaniya hökumətinin mayın 3-də verdiyi bəyanata görə, rəsmi London Aİ-nin Kiyev üçün nəzərdə tutulan 106 milyard dollarlıq kredit proqramına qoşulmaq məqsədilə danışıqlara başlayır. 2020-ci ildə ittifaqı tərk edən Böyük Britaniya hazırda bu istiqamətdə Brüssel ilə əlaqələri dərinləşdirməyə çalışır. Vaşinqtonun sözügedən təşəbbüslə bağlı mövqeyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta və Avropa Parlamentinin sədri Roberta Metsola Yerevanda
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta və Avropa Parlamentinin sədri Roberta Metsola Yerevanda

Seçkiöncəsi Paşinyan üçün fürsət

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak yazır ki, sammitlərin əsas diqqət mərkəzində ev sahibi Ermənistan olacaq. Bu, parlament seçkilərinə bir ay qalmış baş nazir Paşinyan üçün mühüm siyasi imkan sayılır. O, seçkilərdə favorit hesab olunur.

EPC və Aİ-Ermənistan sammitləri Paşinyana beynəlxalq siyasətçi kimi mövqeyini daha da gücləndirmək şansı verə bilər. "EPC-nin ilk dəfə Cənubi Qafqazda keçirilməsi və Avropa liderlərinin Ermənistanda bir araya gəlməsi ölkənin geosiyasi istiqamətinin güclü göstəricisidir", – Aİ rəsmilərindən biri bildirib.

Bununla belə, Brüssel hələlik Ermənistana Aİ üzvlüyü üçün konkret yol xəritəsi təklif etməyib. Buna baxmayaraq, Ermənistan hökuməti sammitin Yerevanda keçirilməsini mühüm simvolik addım kimi dəyərləndirir.

Ancaq bir məsələ Aİ-ni narazı salıb. EPC və Aİ-Ermənistan sammitlərindən sonra mediaya sual vermək imkanı yaradılmayacaq, yalnız rəsmi bəyanatlar səsləndiriləcək. Aİ rəsmiləri anonimlik şərti ilə AzadlıqRadiosuna deyiblər ki, bu qərar Yerevanın təkidi ilə qəbul olunub və məqsəd, ehtimal ki, tədbirlərin mümkün qədər nəzarət altında keçirilməsidir.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Yerevan aeroportunda Ukrayna prezidenti Volodimir Zelenskini qarşılayır.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Yerevan aeroportunda Ukrayna prezidenti Volodimir Zelenskini qarşılayır.

Zelenski Yerevandadır, Əliyev onlayn qatılacaq

Ukrayna prezidenti Volodimir Zelenski mayın 3-də axşam saatlarında gücləndirilmiş təhlükəsizlik şəraitində Yerevana gəlib. O, Telegram kanalında yazıb ki, əsas məqsədləri Rusiyaya qarşı müharibəni "ləyaqətlə" başa çatdırmaq, Ukraynaya 106 milyard dollarlıq dəstək paketini irəlilətmək, hava hücumundan müdafiəni gücləndirmək və enerji sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

Zelenskinin iştirakı Moskvada narazılıqla qarşılana bilər. Ermənistan uzun müddət Rusiyanın müttəfiqi olub və ölkədə hələ də Rusiya hərbi bazası fəaliyyət göstərir. Lakin baş nazir Paşinyan 2018-ci ildən etibarən ölkəni tədricən Qərbə yaxınlaşdırmağa çalışır.

Azərbaycan prezidenti İlham Əliyev sammitə onlayn qatılacaq.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün mayın 4-də Yerevana gedib.

Kanadanın baş naziri Mark Karni sammitin yeni iştirakçılarından olacaq. İlk dəfədir ki, qeyri-Avropa lideri EPC toplantısına qatılır. Bəzi diplomatların fikrincə, Kanada gələcəkdə EPC-nin daimi iştirakçısına çevrilə bilər. Aİ rəsmilərindən biri bildirib ki, geosiyasət və təhlükəsizlik məsələlərində Kanada Avropa ilə eyni mövqedən çıxış edir və beynəlxalq hüquqa əsaslanan nizamı dəstəkləyir.

XS
SM
MD
LG