Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 15:27

Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı dayandırır

Milli Məclis
Milli Məclis

Bu gün, mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycanın Aİ–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsindəki fəaliyyətinə son qoyulur. Eyni zamanda, Milli Məclisin Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam verilməsi proseduruna başlanılıb. Prosedur tamamlanana qədər Azərbaycan nümayəndə heyəti bu təşkilatın heç bir tədbirində iştirak etməyəcək.

Prezident İlham Əliyev bu ilin yanvarında "Euronews" televiziyasına müsahibəsində deyib ki, Azərbaycan artıq uzun illərdir Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb: 'Biz yalnız Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bu, bizim üçün kifayətdir".

Ermənistandakı demokratiyaya dəstək qətnaməsində Azərbaycanın adı çəkilir

Avropa Parlamentinin Ermənistanda demokratiyaya dəstəklə bağlı qəbul etdiyi qətnamədə Azərbaycanın adı bir neçə dəfə xatırlanır. Sənəddə Bakı ilə Yerevan arasında sülh prosesində mühüm irəliləyişin əldə edildiyi vurğulanır və Ermənistanın münasibətlərin tam normallaşdırılmasına yönəlmiş səylərinə dəstək ifadə olunur.

Bununla yanaşı, sənəddə Azərbaycanın erməni hərbi əsirləri "ədalətsiz" şəkildə saxladığı bildirilir, onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Qətnamədə tərəflərə gələcəkdə etimad yaradacaq tədbirlər görmək və beynəlxalq humanitar hüququn prinsiplərinə tam riayət etmək çağırışı səsləndirilir.

Sənəddə həmçinin Qarabağdan köçmüş ermənilərin hüquqlarına, onların mənsubiyyət, mülkiyyət və mədəni irsinin qorunmasına dəstək ifadə olunur. Avropa Parlamenti erməni sakinlərin Qarabağa təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun olduğunu vurğulayır.

Bundan əlavə, qətnamədə erməni mədəni-dini irsinin dağıdılmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasına və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırış edilir.

Avropanın Azərbaycan siyasətini tənqid edən hesabat yayımlanıb
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Aİ səfiri XİN-ə çağırılıb, nota təqdim edilib

Bu gün, mayın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in açıqlamasına görə, aprelin 30-da Avropa Parlamentində qəbul olunmuş qətnamədə yer alan "əsassız və qərəzli müddəalar" pislənilib və rəsmi Bakının etiraz notası qarşı tərəfə təqdim edilib. Sənəddə erməni sakinlərin Qarabağ bölgəsinə geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlər regionu könüllü şəkildə tərk ediblər.

Bundan əlavə, müharibə əsirləri kimi təqdim edilən şəxslərin azad olunması ilə bağlı tələblər hüquqi baxımdan qəbuledilməz adlandırılıb. XİN həmçinin "mədəni və dini irsin məhv edilməsi" ilə bağlı iddiaları da rədd edib.

Hələlik Aİ-nin Azərbaycandakı nümayəndəliyi məsələ ilə bağlı şərh verməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Həmin dönəmdə bölgədəki erməni əhali köç etdi.

Qarabağdakı tanınmamış qurumun əsas liderləri və bəzi digər şəxslər həbs edilərək Bakıya gətirilib. Onlar terrorçuluq və bir sıra ağır cinayətlərdə ittiham olunaraq ömürlük və uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Məhkəmə prosesləri zamanı onlar ittihamları qəbul etməyiblər.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılır. Nəhayət, ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, qarşılıqlı iddialardan imtina edilməsi vacib şərt kimi qeyd olunur.

XS
SM
MD
LG