İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 22-də Nyu-Yorkda, BMT Baş Assambleyasının iclası çərçivəsində ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə dolayı danışıqlar aparıb. İran dövlət mediasının məlumatına görə, o, Tehranın Hörmüz boğazını yenidən açmaq üçün şərtlərini Uitkoffa çatdırıb.
İranın İRİB dövlət teleradio şirkəti adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, görüş Uitkoffun xahişi ilə keçirilib. Tehran strateji su yolunun açılması şərtlərini çatdırmaqdan ötrü bu görüşə razılıq verib.
İRİB-in məlumatına görə, bu şərtlər ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının dərhal aradan qaldırılması, İranın dondurulmuş aktivlərinin geri qaytarılması, Tehranın "müqavimət cəbhəsi" adlandırdığı istiqamətlərdə döyüşlərin dayandırılmasıdır. Sonuncu şərt regionda İranın dəstəklədiyi qruplaşmaların iştirak etdiyi hərbi münaqişələrə aiddir.
Uitkoff: "Ümid edirik, müzakirələr müsbət nəticə verəcək"
S.Uitkoff da görüşün baş tutduğunu təsdiqləyib, İran heyəti ilə danışıqların vasitəçilər üzərindən aparıldığını bildirib.
"Vasitəçilər müzakirələrin bir mərhələsini başa çatdırdılar. Ümid edirik ki, bu müzakirələr konstruktiv olacaq və müsbət nəticə verəcək. Vasitəçilər işlərini davam etdirəcəklər", – Uitkoff X şəbəkəsində yazıb.
İranın xarici işlər naziri A.Əraqçi və ABŞ təmsilçisi S.Uitkoff Nyu-Yorkda, BMT binasında eyni məkanda olsalar da, fərqli otaqlarda əyləşiblər. Danışıqlar Qatar diplomatları vasitəsilə aparılıb. Vasitəçilər təklif və cavabları otaqlar arasında daşıyaraq tərəflər arasında birbaşa təmas olmadan dialoqu təmin ediblər.
Sentyabrın 22-də İranın yüksəkvəzifəli rəsmilərindən biri "Reuters"ə bildirib ki, Vaşinqton hərbi təzyiqi azaldıb İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırsa, Tehran yeddi gün ərzində boğazı Körfəz ölkələrinin gəmiləri üçün yenidən aça bilər.
ABŞ prezidenti Donald Tramp isə sentyabrın 22-də BMT-dəki çıxışında sərt danışıb, razılaşma əldə olunmasa, İslam Respublikasını "məhv edə" biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, Tramp Vaşinqtonla Tehranın noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra razılığa gələcəyinə inandığını bildirib.
İran prezidenti Məsud Pezeşkian Nyu-Yorka yola düşməzdən əvvəl Tehranın Mehrabad hava limanında əl edir.
Pezeşkian da Nyu-Yorka gedib
İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. O, az tanınan " Ashianeh" aviaşirkətinin təyyarəsi ilə uçub.
ABŞ sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı sanksiyalarını genişləndirib, bu ölkədə sərnişin daşıyan və dövlət rəsmilərinə xidmət edən yerdə qalan 27 aviaşirkətin hamısını sanksiya siyahısına salıb.
"Ashianeh" isə müntəzəm sərnişin reysləri yerinə yetirmir və bilet satmır. Bu aviaşirkətin təyyarələrindən adətən rəsmilərin daşınması üçün də istifadə olunmur. Bu işi ABŞ-nin sanksiya siyahısında olan "Merac" aviaşirkəti görür.
AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, görünür, nə ABŞ, nə də Avropa İttifaqı "Ashianeh" aviaşirkətinə sanksiya tətbiq edib, buna görə də Pezeşkianı və nümayəndə heyətini Nyu-Yorka apara bilib.
İranın sərt xətt tərəfdarları Pezeşkianın ABŞ səfərini kəskin tənqid ediblər. Onların fikrincə, müharibə dövründə ABŞ-yə getmək "alçaldıcı" bir addımdır, bu, yalnız neft qiymətlərini sala bilər. Münaqişə nəticəsində neftin bahalaşması ABŞ və digər neft idxal edən ölkələrə iqtisadi təzyiqi artırıb ki, bu da Tehranın əlində mühüm bir təsir vasitəsinə çevrilib.
ABŞ prezidenti Donald Tramp ötən həftə Baş Assambleyanın iclası çərçivəsində Pezeşkianla görüşməyə "yəqin ki, açıq" olduğunu deyib.