Keçid linkləri

2026, 11 Sentyabr, cümə, Bakı vaxtı 14:11

ABŞ İranla əlaqəli şəbəkələrə sanksiyalar açıqlayıb

İraq Xalq Səfərbərlik Qüvvələrinin təlimi
İraq Xalq Səfərbərlik Qüvvələrinin təlimi

Birləşmiş Ştatlar İranın regiondakı şəbəkələrinə sanksiyalar açıqlayıb. İraq, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə bir sıra şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib. Vaşinqton həmin şəxslərin və şirkətlərin İranın dəstəklədiyi silahlı qruplaşmaları maliyyələşdirdiyini deyir.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 10-da bildirib ki, İraqdakı "Kətaib Hizbullah" və Livandakı "Hizbullah"la əlaqəli şəbəkələr hədəfə alınır. Nazirlik İranla bağlı lisenziyaların verilməsi qaydalarını da sərtləşdirib.

"Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiyadır, Livanın cənub hissəsinin böyük bir qisminə nəzarət edir. Birləşmiş Ştatlar onu terror təşkilatı hesab edir. Avropa İttifaqı isə təşkilatın yalnız silahlı qanadını qara siyahıya salıb.

İraq şirkətləri

Sanksiyalar İraqın Xalq Səfərbərlik Komissiyasını, eləcə də xaricdən hərbi avadanlıq alan şirkətləri də hədəfləyir. Xəzinədarlıq bildirib ki, İraq hökuməti "Ayn əl-İraq" şirkəti vasitəsilə Rusiya, Çin və İrandan müdafiə təyinatlı komponentlər də alıb. Nazirlik bu əməliyyatları daha geniş korrupsiya və sanksiyalardan yayınma sxemləri ilə əlaqələndirir.

"Bu addım İranın dəstəklədiyi silahlı qruplaşmaların hədəfə alınmasından daha əhəmiyyətlidir". Bunu Demokratiyaları Müdafiə Fondunun elmi əməkdaşı, ABŞ Maliyyə Nazirliyinin sanksiyalar üzrə keçmiş rəsmisi Maks Meyzliş deyir.

"Maliyyə Nazirliyinin İranın proksi şəbəkəsinə qarşı bugünkü sanksiya qərarı təkcə silahlı qrupları hədəf almır, həm də İraq hökumətinin Çin, Rusiya və İranla müdafiə sahəsindəki sıx əlaqələrini ortaya qoyur", – Meyzliş AzadlıqRadiosuna bildirib.

Valyutadəyişmə şirkətləri hədəfdə

Sanksiya siyahısına Dubay və Livanda yerləşən valyutadəyişmə şirkətləri də əlavə edilib. ABŞ rəsmilərinin məlumatına görə, Dubaydakı şirkət İraqdan İrana milyonlarla dollar köçürüb, Livan şirkətləri isə İran vəsaitlərinin "Hizbullah" qruplaşmasına çatdırılmasına köməklik göstərib.

Bu tədbirlər Tramp administrasiyasının "İqtisadi Təcrid" əməliyyatının bir hissəsidir. Məqsəd İranı və onun regiondakı müttəfiqlərini dəstəkləyən maliyyə kanallarını kəsməkdir. Nazirlik xəbərdarlıq edib ki, sanksiyalardan yayınmağa kömək edən xarici şirkətlər və maliyyə qurumları ABŞ-nin cəza tədbirləri ilə üzləşə bilər.

"Birləşmiş Ştatlar zərərli xarici təsirdən azad, suveren və sabit İraqı dəstəkləməyə, eləcə də Livanın dövlət qurumlarını "Hizbullah"ın dağıdıcı maliyyə və siyasi müdaxiləsindən qorumağa sadiqdir", - ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

XS
SM
MD
LG