Yəməndə İranın dəstəklədiyi husi üsyançıları Qırmızı dəniz sahilində yerləşən tarixi Moxa liman şəhərini ələ keçiriblər. Yəmən hökumətindəki dörd hərbi mənbə sentyabrın 10-da "Reuters" agentliyinə bu haqda məlumat verib. Bununla husilər strateji əhəmiyyətli Babül-Məndəb boğazı yaxınlığındakı sahil zolağı boyunca nəzarətlərini genişləndiriblər.
Mənbələrə görə, husilər Qırmızı dənizdəki Həniş adalarına da hücum edirlər. Hökumət qüvvələri və müttəfiqləri isə cənuba, birbaşa boğazın sahilindəki Zübab bölgəsinə çəkilirlər. Zübaba və yaxınlıqdakı Perim adasına nəzarət Babül-Məndəba hakim olmaq baxımından vacibdir.
Son hadisələr husilərlə Yəmən hökumətinə bağlı qüvvələr arasında döyüşlərdə ciddi eskalasiya deməkdir, ABŞ-İran münaqişəsində əsas cəbhələrdən birinin yenidən açılması təhlükəsini yaradır.
Babül-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir, neftin, yanacağın və digər malların Süveyş kanalı vasitəsilə Asiya ilə Avropa arasında daşınmasında mühüm marşrutdur.
Yəmən hökumətinin məlumatına görə, son iki həftə ərzində Taiz və Hüdeydə vilayətlərində döyüşlər 20 mindən çox insanı evindən didərgin salıb.
Döyüşlər Yəmən sərhədlərini də aşıb. Səudiyyə Ərəbistanının bildirdiyinə görə, husilərin son günlər krallıqdakı mülki və iqtisadi obyektlərə hücumları nəticəsində 73 nəfər yaralanıb.
Husilər 2014-cü ildə paytaxt Sənanı ələ keçirib, beynəlxalq səviyyədə tanınmış hökumət ölkənin cənubuna sıxışdırılıb. Bundan sonra Yəməndə vətəndaş müharibəsi başlayıb. Növbəti il Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hərbi müdaxiləyə başlayıb. Ər-Riyad həm hökuməti hakimiyyətə qaytarmaq, həm də Yəməndə İran təsirinin artmasını önləmək istəyirdi. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə atəşkəs əldə olunub. Genişmiqyaslı döyüşlər dayansa da, davamlı sülh razılaşması ilə nəticələnməyib.
Husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edərək, bu ölkənin limanlarına yanaşan gəmiləri hədəf alacaqları ilə hədələyiblər. Bu təhdidlər bölgədə gəmilərin hərəkətinə maneələr yaradıb. Bunlar İran müharibəsi Hörmüz boğazında daşımaları pozduğu, Səudiyyə Ərəbistanının neft ixracında Qırmızı dəniz marşrutundan asılılığının artdığı bir vaxtda baş verir.