Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 08:57

Məkkə Müdafiə Alyansına ilk 3 il Pakistan rəhbərlik edəcək

Üç ölkə arasındakı Strateji Qarşılıqlı Müdafiə Sazişi (SMDA) çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin İstanbulda ilk iclası
Üç ölkə arasındakı Strateji Qarşılıqlı Müdafiə Sazişi (SMDA) çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin İstanbulda ilk iclası

Məkkə Birgə Müdafiə Sazişini imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanında katiblik yaratmaq barədə razılığa gəliblər. İlk üç il ərzində qurumun baş katibi Pakistan olacaq. Hələlik onun kim olacağı açıqlanmayıb.

Avqustun 31-də üç ölkə təmsilçiləri İstanbulda bir araya gəliblər.

Katiblik gündəlik əlaqələrin idarə olunmasına, birgə hərbi təlimlərin təşkilinə, kəşfiyyat məlumatlarının mübadiləsinə, regional təhlükəsizliyə təhdidlərin izlənməsinə cavabdeh olacaq.

Ər-Riyadda yaşayan təhlilçi Məsud Əlfak sazişi "regionun təhlükəsizlik arxitekturasında mühüm dəyişiklik" adlandırıb. Onun AzadlıqRadiosunun fars xidmətinə dediyinə görə, Yaxın Şərqdəki müharibə yeni regional təhlükəsizlik mühiti yaradıb və "bu yeni mühit həmin ittifaqın yaradılmasının əsas səbəblərindən biridir".

"Bu ölkələr ortaq təhdidlərlə üzləşdiklərini düşünür və hesab edirlər ki, bu tərəfdaşlıq çəkindirici rol oynaya bilər. Başlıca məqsəd qarşıdurmaya can atmaq və ya müharibələrə qoşulmaq deyil, regional təhlükəsizlik və sabitliyi gücləndirməkdir", – Əlfak söyləyib.

Üzv ölkələr bildiriblər ki, gələcəkdə Misir və Banqladeş daxil, digər dövlətlər bu birliyə qoşula bilərlər.

17 avqust

Tramp Məkkə paktını alqışlayıb

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda müdafiə sazişi imzalamasından məmnunluğunu bildirib. Saziş iştirakçıları onun Tehrana qarşı yönəlmədiyini desələr də, razılaşma İranın Səudiyyə Ərəbistanına və Körfəzdə digər ərəb ölkələrinə hücumları fonunda imzalanıb.

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda, nəhayət ki, Məkkə Birgə Müdafiə Sazişini imzalamasından çox məmnunam”, – Tramp avqustun 16-da “Truth Social” platformasında yazıb.

“Bu, Yaxın Şərqin necə bir araya gəldiyini və ölkələrin nəhayət özlərini daha effektiv müdafiə edə biləcəklərini göstərir”, – Tramp əlavə edib

“BU, BÖYÜK, CƏSARƏTLİ VƏ MÜHÜM İLK ADDIMDIR”, – prezident yazıb.

Saziş avqustun 7-də Məkkədə imzalanıb. Razılaşma ABŞ və İsrailin İranla müharibəsinin bütün Yaxın Şərqə yayıldığı dönəmdə imzalanıb. Bu arada İran və Yəməndə onun dəstəklədiyi Husi üsyançıları Səudiyyə Ərəbistanına hücumlar həyata keçirir.

Saziş iştirakçıları bildiriblər ki, razılaşma NATO müqaviləsinin 5-ci maddəsinə bənzəyir. Bu isə o deməkdir ki, üzvlərdən hər hansı birinə hücum bütün üzvlərə hücum sayılacaq. Pakistan Misir və digər ölkələrin də bu sazişə qoşula biləcəyini bildirib.

Sazişi imzalayan ölkələrdə əhalinin əksəriyyəti sünni müsəlmanlarıdır. İran əhalisinin böyük hissəsi isə şiələrdir. Səudiyyə Ərəbistanı və İran uzun illər regionda dini, hərbi və siyasi rəqabət aparırlar.

‘Müsəlman NATO-su’ kimlərə qarşıdır: ‘Üçüncü qütb yaratmaq cəhdidir’
Gözlə

No media source currently available

0:00 0:06:58 0:00
10 avqust

Husilər Səudiyyədə neft emalı zavodunu vurub

İranın Yəməndə dəstəklədiyi husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna zərbə endirib. Bu hücum Səudiyyənin təşəbbüsü ilə yaradılmış yeni hərbi alyansın üzvlərinin münaqişəyə cəlb olunması riskini artırıb. Husilər Yəmən hökumətinin nəzarətində olan liman şəhərinə də hücum ediblər. Bütün bunlar BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə olunmuş atəşkəsi daha da zəiflədib.

Səudiyyə Ərəbistanının Cizan şəhərində "Saudi Aramco" şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verdiyini Səudiyyənin Energetika Nazirliyi təsdiqləyib. Yanğın söndürülüb, xəsarət alan olmayıb. Nazirlik yanğının səbəbini göstərməyib.

Bundan iki gün əvvəl Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla müdafiə paktı imzalayıb. Bu addım ABŞ və İsrailin İranla müharibəsinin yaratdığı regional təhlükələrə cavab olaraq atılıb.

Sazişə görə, üç ölkədən hər hansı birinə silahlı hücum onların hamısına hücum sayılır. Bu prinsip NATO müqaviləsinin 5-ci maddəsinə bənzəyir.

Türkiyə və Pakistan son hücumlardan sonra açıqlama verməyiblər.

Yəmən hökumətinin hərbi mənbələri isə bildiriblər ki, husilərin kritik Bab əl-Məndəb boğazı yaxınlığındakı Moxa limanına dron və raket hücumundan azı 11 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Yəmən Yaxın Şərqdə ən yoxsul ölkə sayılır. 2014-cü ildə husilər paytaxt Sənanı ələ keçirərək beynəlxalq səviyyədə tanınan hökuməti hakimiyyətdən salıb. Ölkədə vətəndaş müharibəsi başlayıb. Tehranın dəstəklədiyi bu qruplaşma hazırda ölkənin şimal-qərbinin böyük hissəsinə, Qırmızı dənizdə Hüdeydə kimi ərzaq və yanacaq tədarükü üçün vacib limanlara nəzarət edir.

Sünnilərin idarə etdiyi Səudiyyə Ərəbistanı ilə əhalisinin əksəriyyəti şiə olan İran uzun illərdir Yaxın Şərqdə geosiyasi və dini təsir uğrunda rəqabət aparırlar.

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər, krallığın tankerlərinə və neft infrastrukturuna zərbələr endirirlər. İran da Hörmüz boğazını blokadada saxlayır.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkədə birgə müdafiə sazişi imzalayıblar
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkədə birgə müdafiə sazişi imzalayıblar
7 avqust

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə paktı imzalayıblar

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktı sırf müdafiə xarakteri daşıyır və bu sahədə qarşılıqlı dəstəyi nəzərdə tutur. Bunu avqustun 7-də Türkiyə rəsmisi üç regional güc Məkkədə sazişi imzaladıqdan sonra bildirib.

Birgə bəyanatda bildirilir ki, saziş istənilən təcavüz aktına qarşı kollektiv çəkindirmə imkanlarını gücləndirmək məqsədi daşıyır. Üç ölkədən hər hansı birinə silahlı hücum onların hamısına hücum sayılacaq.

Türkiyə rəsmisinin sözlərinə görə, "Məkkə paktı" konkret hər hansı bir tərəfə qarşı yönəlməyib, digər regional dövlətlərin də ona qoşulmasına açıqdır. O əlavə edib ki, saziş bu ölkələr arasında, yaxud onların digər dövlət və təşkilatlarla bağladıqları ikitərəfli və çoxtərəfli razılaşmaları ləğv etmir və ya əvəzləmir.

Bu pakt ABŞ və İsrailin İrana hücumundan sonra Tehranın Körfəz ölkələrinə zərbələri fonunda imzalanıb.

Sazişə imza atan tərəflər ABŞ-nin müttəfiqi olan sünni-müsəlman dövlətləridir.

"Reuters" yazır ki, Məkkə sazişi təxminən bir il davam edən danışıqların nəticəsidir. Həmin vaxt Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Ankara əməkdaşlıq və sabitliyin təşviqi üçün daha geniş regional təhlükəsizlik platformasının yaradılmasını dəstəkləyir.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında mövcud olan saziş tərəflərdən birinə hücumu hər ikisinə hücum sayır. Amma İslamabad indiyədək İranla müharibəyə cəlb olunmaqdan yayınmağa çalışıb və bunun əvəzinə Tehranla vasitəçilik missiyasını yerinə yetirməyə üstünlük verib.

​
XS
SM
MD
LG