Keçid linkləri

2026, 08 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:00

İran əsilli amerikalı Kamran Hikməti həbsdən azad edilib, ancaq İrandan çıxa bilmir

Kamran Hikməti
Kamran Hikməti

İran əsilli Amerika vətəndaşı Kamran Hikməti Tehrandakı bədnam Evin həbsxanasından azad edilib. Ancaq ölkədən çıxışına qadağa qoyulduğu üçün İranı tərk edə bilmir. Məlumatı AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) mənbələr verib.

Hikmətinin azadlığa buraxılmasını İran hakimiyyəti hələ rəsmən təsdiqlənməyib.

ABŞ dövlət katibi Marko Rubio martda Hikmətini "qanunsuz həbs edilmiş şəxs" kimi tanımışdı. Onun sentyabrın 5-də azadlığa buraxıldığı güman edilir.

İsrailin "The Jerusalem Post" nəşri də İran mənbələrinə istinadla Hikmətinin azad edildiyini bildirib.

71 yaşlı Hikməti 2025-ci ilin mayında İran pasportu ilə qohumlarına baş çəkmək üçün İrana gedib, iki ay sonra hakimiyyət orqanları onu saxlayıb. Tehran İnqilab Məhkəməsi onu 10 il əvvəl dini mərasimdə iştirak üçün İsrailə getdiyinə görə 4 il həbs cəzasına məhkum edib. İran pasportu daşıyan şəxslərin İsrailə səfəri qadağandır.

Belə səfərləri tənzimləyən qanuna dəyişiklik ediləndən sonra Hikmətinin cəzası 2 ilə endirilib.

Hikmətinin ailəsi onun səhhəti ilə bağlı dəfələrlə narahatlığını bildirib. Ailəsinin sözlərinə görə, o, sidik kisəsində aqressiv xərçəngdən əziyyət çəkir, həbsdə xüsusi müalicə almaq imkanından məhrum edilib.

"Girov diplomatiyası"

İran indiyədək İran-Amerika vətəndaşlığı olan bir neçə nəfəri saxlayaraq Qərbə qarşı diplomatik təzyiq vasitəsi kimi istifadə edib. Tənqidçilər bu təcrübəni "girov diplomatiyası" adlandırırlar.

Digər İran-Amerika vətəndaşı Dena Karari 2024-cü ildə Şirazda qısa müddətə saxlanılıb, sonra girov qarşılığında azad edilib. Təxminən 19 ay ərzində onun İranı tərk etməsinə icazə verilməyib. Ona qarşı "düşmən hökumətlə əməkdaşlıq" və casusluq kimi ittihamlar irəli sürülüb. Bu ilin iyulunda ölkədən çıxmasına icazə verilib. Karari İrandan çıxandan az sonra Zahidan məhkəməsi onu qiyabi olaraq 5 il həbs cəzasına məhkum edib.

"Radio Fərda"nın keçmiş müxbiri Rza Vəlizadə isə hələ də Evin həbsxanasında saxlanılır. O, bu ilin iyununda həbsxanadan telefon danışığında ABŞ hökumətindən özü və həbsdə olan digər amerikalılar üçün tibbi yardım istəyib. Vəlizadə Evin həbsxanasında saxlanılan dörd ABŞ vətəndaşının müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, gərəkən tibbi yardım ala bilmədiyini bildirib.

Vəlizadə 2022-ci ilin noyabrında "Radio Fərda"dan istefa verib, 2024-cü ilin martında ailəsini görmək üçün İrana qayıdıb, həmin ilin sentyabrında həbs edilib. O, "düşmən Amerika hökuməti ilə əməkdaşlıq"da təqsirli bilinərək 10 il həbs cəzasına məhkum olunub. Onun apellyasiya şikayəti təmin olunmayıb.

XS
SM
MD
LG