AİHM prezidenti tənqid edən ictimai fəalın həbsi ilə bağlı hökumətə sorğu göndərib

Elmir Abbasov

ToplumTV internet televiziyası ilə bağlı cinayət işi üzrə 12 il həbs cəzasına məhkum edilmiş ictimai fəal Elmir Abbasovun ərizəsi ilə əlaqədar Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib. Suallar isə Abbasovun bundan öncə narkotik ittihamı ilə 1 aylıq inzibati həbsindən verdiyi şikayətlə bağlıdır.

İctimai fəal Avropa Məhkəməsinə göndərdiyi ərizəsində narkotik ittihamının yalan olduğunu, onun Facebook hesabında prezidentin korrupsiyada iştirakı haqda paylaşımına görə cəzalandırıldığını göstərib. Abbasov ərizəsində həmçinin saxlanılarkən polislərin pis rəftarına məruz qalmasından şikayətlənib. O, ölkə daxilində polislərin davranışından prokurorluğa şikayət etsə də, bunun nəticəsiz qaldığını vurğulayıb. Onun barəsində çıxarılan 1 aylıq inzibati həbs qərarından verdiyi apellyasiya şikayəti də təmin olunmayıb.

E.Abbasovun ərizəsində İnsan Haqları üzrə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozuntusunun tanınması istənilib. Avropa Məhkəməsi isə hökumətdən ictimai fəalın pis rəftara məruz qalması, şikayətinin obyektiv araşdırılmaması və ifadə azadlığının pozulması ilə bağlı iddialara cavab tələb edib.

NİDA Vətəndaş Hərəkatının üzvü olan E.Abbasov 2021-ci il fevralın 19-da həbs edilib. Onun yaşadığı Sumqayıt şəhərində oğurluq şübhəsi ilə saxlanıldığı iddia olunsa da, bu ittiham təsdiqini tapmayıb. Lakin fəalın üzərindən narkotik çıxdığı iddia edilərək haqqında polis bölməsində inzibati protokol tərtib olunub və məhkəmə qərarı ilə ona 1 aylıq həbs cəzası verilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bu, Azərbaycana başucalığı gətirmir' - Avropa Məhkəməsinin qərarlarının icrası dayanıb?

"Narkotiki də o zaman cibimə atıblar"

Fəalın özü isə bildirmişdi ki, mağazadan çörək alıb qayıdanda saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilib. Orada beş saata yaxın qaldıqdan sonra 4-cü polis bölməsinə aparılıb: "Yolda polislər məni təhqir edir, hədə-qorxu ilə danışırdılar. Maşından düşəndə bir polis gödəkcəmdən tutub məni sürüyürdü. Bölmənin qarşısında məni vurur, təhqir edirdilər. Həmin vaxt yerdə olan bir nəfər guya məni döyən polisin əlindən almağa çalışdı. Narkotiki də o zaman cibimə atıblar".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev o vaxt AzadlıqRadiosuna açıqlamasında E.Abbasovun pis rəftara məruz qalması və cibinə narkotik atılması barədə dediklərini təkzib etmişdi. Hacıyev deyilənləri "özünümüdafiə üçün uydurulmuş iddialar" adlandırmışdı.

İctimai fəal həbsindən bir neçə gün öncə – fevralın 16-da Facebook hesabındakı paylaşımında prezident İlham Əliyevi tənqid edərək onun ölkədəki korrupsiyanın səbəbkarı olduğunu vurğulamışdı.

Avropa Məhkəməsində kommunikasiya mərhələsində ərizə cavabdeh dövlətin hökumətinə göndərilir və oradakı iddialarla bağlı suallara yazılı cavab istənilir. Cavabdeh tərəfin izahatı və etirazı daha sonra ərizəçiyə və ya onun vəkilinə təqdim olunur ki, hökumətin arqumentlərinə dair öz mövqeyini bildirsin. Kommunikasiya mərhələsi yekunlaşdıqdan sonra Avropa Məhkəməsi işə baxıb qərar çıxara bilər.

Kommunikasiya mərhələsində tərəflər (ərizəçi və hökumət) arasında dostcasına razılaşma da mümkündür. Qarşılıqlı razılıq əldə olunduqda bu barədə yazılı bəyannamə hazırlanaraq Avropa Məhkəməsinə göndərilir. Məhkəmə də onların aralarındakı razılaşmanı nəzərə alaraq həmin ərizəni baxılan işlər siyahısından çıxarır.

Xatırlatma

32 yaşlı E.Abbasov 2024-cü il martın 6-da "ToplumTV işi" üzrə saxlanılıb və digər jurnalistlər, ictimai fəallarla birlikdə ona qarşı da qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin barəsində həbs-qətimkan tədbiri seçilmədiyi üçün o, istintaq və məhkəmə dövründə azadlıqda qalıb. Yalnız bu il iyulun 27-də, ToplumTV əməkdaşlarına hökm oxunarkən E.Abbasov məhkəmə zalındaca həbs olunub və ona 12 il həbs cəzası kəsilib.

E.Abbasov qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və digər ittihamların heç birini qəbul etmir, ictimai fəaliyyətinə görə siyasi sifarişlə cəzalandırıldığını bildirir.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahıya görə, hazırda Azərbaycanda 322 nəfər siyasi məhbus var. Azərbaycanın rəsmi qurumları isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir və vurğulayırlar ki, adları bu siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.