Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Yerevanda keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısına onlayn qoşularaq Avropa Parlamentini sərt tənqid edib. O bu qurumu Azərbaycan və Ermənistan arasındakı sülh prosesini sabotaj etməkdə ittiham edib. Prezident vurğulayıb ki, Avropa İttifaqının (Aİ) qanunverici orqanı 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Azərbaycanla bağlı "təhqir və yalanlarla dolu" 14 qətnamə qəbul edib: "Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması prosedurlarına başlamaq barədə rəsmi qərar qəbul edib".
Sonuncu qətnamədə Azərbaycanda saxlanılan erməni məhbusların dərhal azad edilməsi tələb olunub. Sənəddə həmçinin erməni əhalinin beynəlxalq təminatlar altında Qarabağa təhlükəsiz qayıtmaq hüququna dəstək ifadə edilib.
Mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.
AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, sammitdə şəxsən iştirak edən Avropa Parlamenti sədri Roberta Metsola Əliyevin tənqidlərinə dərhal reaksiya verib. O bildirib ki, qətnamələr bəzi tərəflərdə narahatlıq yaratsa da, Aİ-nin qanunverici orqanı "öz iş metodlarını və prinsipial mövqeyini heç vaxt dəyişməyəcək".
Sammitin keçirildiyi məkanın yaxınlığında isə Qarabağdan olan onlarla erməni qaçqın etiraz aksiyası keçirib.
Qarabağ qaçqınlarının Yerevanda etiraz aksiyası
Ermənistanın baş naziri Nikol Paşinyan sammitdə deyib: "Hazırda biz Azərbaycanla iki ölkə arasında sülhü möhkəmləndirmək və institusionallaşdırmaq üçün sıx işləyirik".
"Azatutyun"un yazdığına görə, o, 2028-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyinə ümidini bildirib.