Əli Kərimlinin daha bir mühafizəçisinin məhkəməsi başlanıb

Novruz Tağıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi olmuş daha bir partiya fəalının məhkəməsi başlanıb. Səkkiz aydır həbsdə olan Novruz Tağıyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.

Məhkəmənin yanvarın 14-dəki hazırlıq iclasında N.Tağıyevin vəkili Nemət Kərimli müvəkkilinin heç bir cinayət törətmədiyini vurğulayaraq onun haqqında olan cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil cinayət işinə xitam verilmədiyi halda, heç olmasa, hökm çıxarılanadək N.Tağıyevin ev dustaqlığına buraxılmasını istəyib: "Novruz Tağıyev haqqında həbs-qətimkan tədbiri seçilərkən, göstərilən əsasların hamısı artıq aradan qalxıb. Deyirdilər ki, şahidlərə təsir göstərə bilər, istintaqdan yayına bilər. İstintaq bitib, heç kimə təsir göstərmək mümkün deyil".

Vəkil N.Kərimlinin daha bir vəsatəti də məhkəmə iclaslarında müvəkkilinin zaldakı şüşə kabinədə yox, onun yanında əyləşməsi barədə olub. Vəkil vurğulayıb ki, bu, müdafiə prosesində N.Tağıyevlə vaxtaşırı məsləhətləşmək baxımından da əlverişlidir. N.Kərimli şəxsin qəfəsdə, yaxud şüşə kabinədə saxlanmasının onun ləyaqətini alçaltmaq anlamına gəldiyini deyərək bununla bağlı Avropa Məhkəməsinin qərarlarını da yada salıb.

Vüqar Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası qaldırılan vəsatətlərdən yalnız N.Tağıyevin məhkəmədə vəkilinin yanında əyləşməsinə razılıq verib. Digər vəsatətlər təmin edilməyib.

AXCP üzvünün məhkəməsi fevralın 6-na təyin olunub. Həmin gün prokuror ittiham aktını açıqlayacaq, ardınca dindirmələr başlanacaq.

"Kim alqı-satqı olmadan maklerə 71 min pul verər?"

N.Tağıyev ötən il mayın 20-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə) maddələriylə ittiham verilib.

Ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev mənzil almaq istəyən Nicat adlı şəxsin 71 min manat pulunu ələ keçirməkdə suçlanır.

AXCP fəalı ittihamı qəbul etmir, orada yazılanların yalan olduğunu bildirir. Onun sözlərinə görə, həbsindən bir neçə gün öncə Nicat adlı şəxs yanına gələrək ev almaq istədiyini deyib. Birlikdə evə baxılıb və əmlakın sahibinə beh kimi min manat verilib: "Bir gün sonra Nicat bir nəfərlə bizim ofisə gəldi, dedi ki, yanındakı qaynıdır. Əlində də balaca bağlama vardı. Dedi ki, ətirdir, mənə təşəkkür eləmək üçün gətirib. Az sonra məni çağırdılar ki, guya onlardan 71 min pul almışam. Kim alqı-satqı olmadan maklerə 71 min pul verər?!".

N.Tağıyevin suçlandığı maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

İctimai fəal Rail Abbasov da bənzər ittihamla 6 il 6 ay azadlıqdan məhrum edilib. O da bildirib ki, mənzil almaq istədiyini deyən Əsgər Həziyev şokolad hədiyyəsi gətirdiyini söyləyib, o da qəbul edib. Daha sonra polis idarəsində onun şikayət ərizəsi ortaya çıxıb. Orada göstərilib ki, R.Abbasova mənzil üçün 217 min manat pul verib.

Xatırlatma

Müxalifətdə olan AXCP sədri Əli Kərimli də daxil, partiyanın 20-dək fəalı hazırda həbsdədir. Onlardan bir neçəsi ictimai əsaslarla Ə.Kərimlinin sürücüsü, mühafizəçisi çalışmış şəxslərdir.

AXCP müxtəlif ittihamlarla üzləşən bu şəxslərin siyasi sifarişlə həbs olunduğunu bəyan edib.

Rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırır və bildirirlər ki, siyasi məhbus siyahılarında adları yer alan şəxslər konkret törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara əsasən, indi Azərbaycandakı penitensiar müəssisələrdə 400-ə yaxın siyasi məhbus var.