Əfqanıstanda iki uşaq anası Zahirə ötən il bir böyrəyini qara bazarda satıb. Ancaq bu qərar onun ailəsini yoxsulluğun məngənəsindən qurtarmayıb, üstəlik, indi sağlamlığında ciddi fəsadlar yaranıb.
Zahirə AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə böyrəyini çarəsizlikdən satdığını söyləyib: "Borc içində boğulurduq. Başqa yol yox idi. İndi o biri böyrəyim də sıradan çıxmağa başlayır".
Zahirə bu vəziyyətdə tək deyil. 40 milyon əhalisi olan ölkədə yoxsul əfqanlar aclıqdan qurtulmaq üçün orqanlarını, əsasən də böyrəklərini satırlar. Halbuki insanların əksəriyyəti tək böyrəklə normal yaşaya bilmir.
"Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirəndən sonra Əfqanıstanda humanitar böhran daha da ağırlaşıb. İqtisadiyyat kiçilib, işsizlik və yoxsulluq kəskin artıb. İndi milyonlarla əfqan ərzaq yardımından asılıdır. Yardım təşkilatları ölkədə qidalanma probleminin dərinləşdiyi barədə xəbərdarlıq edirlər.
Bəzi insanlar ailələrini dolandırmaq üçün orqanlarını, hətta bəzi hallarda uşaqlarını belə satmağa məcbur olurlar.
Yaşam mübarizəsi
Qərbi Herat vilayətində yaşayan Zahirə böyrəyini 100 min əfqaniyə (1 min 550 dollar) satdığını deyib. Bu vəsaitlə ailənin borclarının yalnız bir hissəsini ödəyə biliblər və artıq bütün pul qurtarıb.
35 yaşlı Zahirənin yaşlı əri işləyə bilmir. 16 yaşlı oğlu isə qonşu İrana qanunsuz keçərək orada iş tapmağa çalışır. Hazırda ailənin yeganə qazanc gətirəni Zahirədir. O, evdə iki qızı ilə qaldığını, gündə birtəhər bir dəfə yemək yeyə bilmək üçün arabir təmizlik işlərində çalışdığını deyir.
Qonşu Fərah vilayətində yaşayan Bismillah da böyrəklərindən birini satmaq istəsə də, bu, alınmayıb.
"Qarşımda üç yol var: uşağımı satmaq, intihar etmək, ya da oğurluq etmək", – deyən Bismillah fəhləlik etmək üçün kənddən vilayət mərkəzi olan Fərah şəhərinə gedir.
"Beş gün iş axtardım, amma tapmadım. Altı aydır evdə oturmuşam. İrana keçməyə çalışsaq da, bizi deportasiya edib geri qaytarırlar", – o əlavə edir.
2021-ci ildən bəri yoxsulluqdan və "Taliban"dan qaçan yüz minlərlə əfqan qonşu İrana qanunsuz yollarla keçib. Ancaq ABŞ və İsraillə müharibə şəraitində olan Tehran sənədsiz əfqanları kütləvi şəkildə deportasiya edir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Deep Debt, Failing Health: Afghans Desperate To Escape Poverty Sell Kidneys To Survive
"Təkböyrəkli kənd"
Əfqanlar böyrəklərini çox vaxt qanunsuz orqan alveri şəbəkələri vasitəsilə satırlar. Vasitəçilər böyrəyini satmaq istəyənlər üçün qan qruplarına uyğun alıcılar tapırlar. Alıcılar isə əsasən varlı əfqanlar, yaxud İran, Pakistan və Körfəz ölkələrindən gələnlər olur.
Əfqanıstanın devrilmiş hökumətində qanunsuz orqan ticarətini araşdırmış Seyid Əşrəf Sadat deyir ki, pulun böyük hissəsi vasitəçilərə çatır. Böyrəyini satan şəxslər isə məbləğin çox kiçik bir hissəsini, adətən orqanın həqiqi dəyərinin cəmi 20-30 faizini əldə edə bilirlər.
Cərrahiyyə əməliyyatları özəl xəstəxanalarda və ya gizli klinikalarda aparılır, korrupsiyaya bulaşmış tibb işçiləri isə buna göz yumurlar. Hətta Herat vilayətindəki yaşayış məntəqələrindən birinə yerli sakinlər arasında "təkböyrəkli kənd" adı verilib.
Digər tərəfdən, "Taliban" 2024-cü ildə insan orqanlarının alqı-satqısını və transplantasiyasını yasaqlayıb. Silahlı qruplaşma orqan köçürülməsini "İslama zidd" adlandırıb. Bu qərar xəstələrin və həkimlərin narazılığına səbəb olub. Onlar minlərlə əfqanın tibbi səbəblərdən orqan köçürülməsinə təcili ehtiyacı olduğunu bildirirlər. Halbuki orqan transplantasiyası İslam ölkələri də daxil olmaqla, bütün dünyada qəbul edilmiş bir müalicə üsuludur.
"Belə yaşamaq olmaz"
"Radio Azadi" yazır ki, Əfqanıstanda qanunsuz satılan böyrəklərin dəqiq statistikası yoxdur. Amma "Taliban" hakimiyyətə gələndən sonra bu barədə məlumatların sayı kəskin artıb.
BMT-nin məlumatına görə, təxminən 14 milyon insan, yəni hər üç əfqandan biri kəskin aclıq çəkir. Təşkilat ölkənin 34 vilayətindən 12-də uşaqlar arasında yetərsiz qidalanmanın rekord həddə çatdığını bildirib.
Şimal-qərbi Badğis vilayətində tayfa ağsaqqalı Abdullah yerli sakinlərin orqanlarını sırf səfalət və yoxsulluqdan satdıqlarını deyib: "Allah rəhm etsin, bir yol açsın, çünki belə yaşamaq olmaz".
Yaşlı ata Güləhməd də ailəsini dolandırmaq üçün oğlunun böyrəklərindən birini satmağı düşünür: "Dünya nə günə qalıb ki, insan öz oğlunun böyrəyini satmaq istəyir, amma heç alıcı da tapa bilmir? Hamımız acından ölürük", – o, "Radio Azadi"yə gileylənib. "Başqa neyləmək olar? Nə yardım var, nə malım-mülküm, nə də işim. Hara gedim?".