Keçid linkləri

2026, 25 Sentyabr, cümə, Bakı vaxtı 01:48

İrana qaçan əfqan ana və dörd qızı susuzluqdan ölüb

Əfqanıstan və İran arasındakı İslam Qala sərhəd-keçid məntəqəsində qaçqınlar
Əfqanıstan və İran arasındakı İslam Qala sərhəd-keçid məntəqəsində qaçqınlar

Əfqanıstandan qeyri-qanuni yollarla çıxan bir qrup miqrant İranın cənub-şərqindəki Sistan-Bəlucistan vilayətində ölüb. Nizam Hematxil bu xəbəri eşidən kimi İranın Pakistanla sərhədi yaxınlığındakı ucqarına yollanıb.

Hematxil Mak Suxtə kəndində ögey anasının və onun dörd qızının cəsədini tapıb.

"Onlar susuzluqdan ölmüşdülər. Cəsədlərini özüm tapıb çıxarmışam", – Hematxil AzadlıqRadiosunun əfqan xidmətinə bildirib.

İrandan kənarda fəaliyyət göstərən "Haalvsh" insan haqları təşkilatının məlumatına görə, sentyabrın ortalarında Pakistan üzərindən İrana keçəndən sonra ağır susuzluqdan 17 əfqanıstanlı ölüb, bu ailə də onların arasında olub.

Yoxsulluqdan, "Taliban"ın repressiv idarəçiliyindən qaçaraq İrana qeyri-qanuni yollarla keçməyə çalışan əfqanıstanlı miqrant və qaçqınlar bir sıra təhlükələrlə üzləşirlər.

Yoxsulluqdan qaçış

Hematxilin ögey anası və altı-15 yaşlı qızları İranda ona qoşulmaq üçün yola çıxmışdılar.

Ailə daha yaxşı həyat üçün İrana köçübmüş, lakin üzvlərinin çoxu ötən il Əfqanıstana qayıdıb.

"Yenidən həyata başlamağın yolunu tapmaq əvəzinə, bütün əmanətimizi, yığdıqlarımı xərclədik. İş, ailənin dolanışığını təmin etməyin real yolu yox idi...", – ailəsi Əfqanıstanın şimalındakı Bağlan vilayətindən olan Hematxil deyib.

"Yaşamaq üçün yenidən İrana qayıtmağa məcbur oldular. Başqa çıxış yolu, demək olar, qalmamışdı", – o əlavə edib.

"Taliban" 2021-ci ildə hakimiyyəti ələ keçirib. Əfqanıstanda onsuz da dünyanın ən böyük humanitar böhranlarından biri yaşanırdı, durum daha da ağırlaşıb. Beynəlxalq yardımsız qalan Əfqanıstan iqtisadiyyatı daha da kiçilib, işsizlik və yoxsulluq artıb.

Sərt xətt tərəfdarı olan islamçı qruplaşma ağır insan haqları pozuntuları törədir, məhkəməsiz edamlar, işgəncələr həyata keçirir. Bu da insanların qonşu ölkələrə kütləvi axınına səbəb olub.

Five Afghan Family Members Die Of Thirst While Trying To Reach Iran Five Afghan Family Members Die Of Thirst While Trying To Reach Iran
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Ağır vəziyyət

Hematxilin ögey anası və azyaşlı qızları İrana keçərkən özləri ilə su götürməyiblərmiş. Bunu yolboyu onlarla birlikdə olan bir qohumları bildirib. Ailədən yalnız onlarla birgə səfər edən oğlan sağ qala bilib.

"Oğlunun vəziyyəti ağır idi… Yerli sakinlər onu İranın Sərəvan şəhərinə aparıblar. Xoşbəxtlikdən, indi vəziyyəti yaxşıdır", – qohumu deyib.

"Taliban"dan diplomatik mənbə AzadlıqRadiosunun əfqan xidmətinə sentyabrın 11-də bir ana və dörd qızının İrana keçərkən şiddətli susuzluqdan öldüyünü təsdiqləyib. Amma mənbə 17 əfqanıstanlının öldüyü barədə məlumatı mübahisələndirib.

"Haalvsh" yerli sakinlərin qəbir qazdığını əks etdirən videogörüntülər yayımlayıb.

Ölüm yolları

Onilliklər boyu milyonlarla əfqanıstanlı İranda sığınacaq axtarır. Onlar müharibədən, təqibdən və yoxsulluqdan qaçmağa çalışırlar. 2021-ci ildən bəri yüz minlərlə insan bu ölkəyə köçüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesablamasına görə, İranda təxminən 4.5 milyon əfqanıstanlı yaşayır. Onların 2 milyondan çoxunun yaşayış sənədi yoxdur.

Sənədsiz əfqanıstanlıların çoxu İrana gizli yolla keçmək üçün insan qaçaqçılarına pul ödəyir. Bu, ağır səfər zamanı miqrantlar çox vaxt ərzaq və suyun az olduğu ucqar səhralardan, dağlıq ərazilərdən keçirlər.

İrandan deportasiya edilən əfqan qaçqınlar vətənlərinə qayıdırlar.
İrandan deportasiya edilən əfqan qaçqınlar vətənlərinə qayıdırlar.

İyulda İranla sərhəd yaxınlığında, Əfqanıstanın cənub-şərqindəki səhrada 14 əfqanıstanlı miqrantın cəsədi tapılıb. Onların İrana qeyri-qanuni yolla keçməyə çalışdığı güman edilirdi.

Bundan əvvəl miqrantların susuzluqdan, aclıqdan öldükləri də olub.

921 kilometrlik sərhədi keçmək bir çox əfqanıstanlı üçün getdikcə daha təhlükəli olur. İran qeyri-qanuni miqrantlara qarşı sərt tədbirlərə əl atır.

Taliban rəsmilərinə görə, dekabrda Əfqanıstanın qərbindəki Fərah vilayətindən İrana qeyri-qanuni keçən azı 10 əfqanıstanlını İran sərhədçiləri güllələyərək öldürüb. Noyabrda sərhədçilər daha yeddi nəfəri güllələyiblər.

Bu hadisələr əfqanıstanlıların yoxsulluqdan, ölkələrindəki ağır iqtisadi vəziyyətdən qurtulmaq üçün hansı təhlükələri gözə aldıqlarını göstərir.

"Onlar gələcəklərini düşünürlər. İrana çata bilsələr, heç olmasa, iş tapıb pul qazanacaqlarına, ailələrinə daha yaxşı həyat təmin edəcəklərinə inanırlar", – Almaniyada yaşayan miqrant hüquqları müdafiəçisi Sifətullah Zahedi "Radio Azadi"yə deyib.

​
XS
SM
MD
LG