Əfqanıstanda azyaşlıların ərə verilməsi geniş yayılıb. Məsələn, 12 yaşlı Nədanın heç vaxt görmədiyi 20-yaşlı şəxsə ərə veriləndə fikrini soruşan olmayıb. Qızcığaz ər evində təmizlik, biş-düşün öhdəsindən gəlməyəndə ərinin onu döydüyünü, hər cür zorakılıq gördüyünü danışır.
Üç il sonra onun atası işə qarışır, Nəda şəriət məhkəməsinə müraciət edir və iki il çəkən prosesdən sonra boşana bilir. Hüquq müdafiəçiləri bildirirlər ki, Taliban 2021-ci ildə hakimiyyətə qayıdandan uşaq nikahları daha da artıb.
Mayın 14-də isə Taliban boşanma ilə bağlı yeni qanun qəbul edib. "Ər-arvadın məhkəmə qaydasında ayrılması haqqında" adlı fərmanda ilk dəfə dolayısı ilə ölkədə uşaq nikahlarının qanuni olduğu bildirilir. Fərmanın 5-ci maddəsində deyilir ki, "Azyaşlı yetkinlik yaşına çatdıqda nikahı ləğv etmək hüququna malikdir". Bu müddəa qohumların təşkil etdiyi nikahlara aiddir. Qız həmin yaşa çatana qədər onun boşanmaq hüququ yoxdur. Qanunda o da deyilir ki, qız yetkinlik yaşına çatdıqdan sonra nikaha rəsmi etiraz etməzsə, onun susması razılıq kimi qəbul edilir.
Tibb mütəxəssisləri qızlarda yetkinlik dövrünün 8-13 yaş arasında başladığını deyirlər. Dinşünasların bu məsələdə mövqeyi fərqlidir; bəzi məktəblər qızların 15 və ya 18 yaş, bir qismi isə 9 yaşında yetkin sayılmasının mümkün olduğunu bildirirlər.
Əfqanıstandakı BMT Missiyası (UNAMA) Talibanın fərmanını əfqan qadın və qızlarının hüquqlarını daha da məhdudlaşdıran növbəti addım adlandırıb. UNAMA bəyan edib ki, yetkinlik yaşına çatmış və evli qızların ayrılması barədə ayrıca bölmənin olması uşaq nikahlarının qanuni sayıldığını göstərir. Kişilər isə boşanma üçün sadəcə ərəbcə "boşanma" mənasını verən "talaq" sözünü deməklə nikahı poza bilirlər.
Reallıq
Qanuna görə, əgər qız "ona yaxşı münasibət göstərməyən və ya pis ad çıxarmış biri" ilə evləndirilibsə, yetkinlik yaşına çatdıqdan sonra məhkəməyə müraciət edib nikahını poza bilər. Amma ər boşanmaq istəməzsə və qadın iddiasını təsdiqləyən şahidlər tapa bilməzsə, məhkəmə ərin sözünü əsas götürməlidir.
Taliban rəsmiləri jurnalistlərin sorğularına cavab verməyiblər. Hüquq müdafiəçiləri və uşaq ikən ərə verilmiş qadınlar bildirirlər ki, nəzəri baxımdan şəriət qanunları qadınlara boşanmaq imkanı versə də, praktikada bu proses uzun, mürəkkəb və bahalıdır.
Taliban qızların altıncı sinifdən yuxarı təhsil almasını qadağan edib. Hazırda qadınların işləməsi, səyahət etməsi və ictimai məkanlardan istifadəsinə dair ciddi qadağalar qüvvədədir.
Yoxsulluq amili
Valideynlər qızlarını erkən yaşda ərə vermək qərarını çox vaxt yoxsulluq, borclar və təhlükəsizlik problemləri ilə izah edirlər. Herat vilayətinin bir sakini anonimlik şərti ilə bildirib ki, 2025-ci ildə 15-yaşlı qızını ərə verəndən gecələr narahatlıq və peşmançılıq hissi keçirir. O, "çətin" qərarını qızını və ailəsini sosial və maliyyə təzyiqlərindən qorumaq istəməsi ilə əsaslandırır.
Hazırda 38 yaşı olan Səna üçünsə yeni fərman acı xatirələri oyadıb. O, hər iki valideynini itirəndən sonra böyük qardaşı onun qanuni qəyyumu olub və 13 yaşında onu zorla ərə verib: "Doğulduğum Bəlx şəhərindən ərimin yaşadığı Səməngan vilayətindəki kəndə köçməli oldum. Orada ev işləri görür və mal-qaraya baxırdım".
Bir ömürlük damğa
Keçmiş azyaşlı gəlinlər erkən nikahın həyatları boyu onlara mənfi təsir göstərdiyini deyirlər. Sənanın məktəbə getməsinə icazə verilməyib və o, əmioğlularının dərsliklərini gizlicə oxuyub. 18 yaşında əmilərindən birinin köməyi ilə boşanmaq üçün müraciət edib və bir il sonra boşanıb. Sonradan qadınlar üçün hərbi hazırlıq proqramına qoşulub və Əfqanıstan ordusunda xidmət edib. Amma cəmiyyətin ona münasibəti dəyişməyib: "Cəmiyyətin gözündə mən orduda xidmət edən boşanmış qadın idim, bu isə əxlaqsız qadın kimi qəbul olunurdu".
Seçim imkanları az olduğu üçün 2021-ci ilin əvvəlində özündən xeyli yaşlı kişinin ikinci arvadı olmağa razılaşıb. Altı ay sonra hökumət süqut edib, o, işini itirib və ərindən tam asılı vəziyyətə düşüb. Sənanın sözlərinə görə, əri ona hətta müalicə almaq üçün evdən çıxmağa icazə vermir və boşanmış qadın olduğunu tez-tez üzünə vurur.
Nəda da boşandıqdan sonra məktəbi bitirib və iş tapsa da, əksər əfqan kişilərinin boşanmış qadınla evlənmək istəmədiyini vurğulayır. İllər sonra özündən yaşca böyük işsiz bir kişi ilə evlənib, üç övladı olub, lakin heç bir ortaq cəhəti olmadığından bu nikah da boşanma ilə nəticələnib. Hazırda uşaqları ilə Pakistanda qaçqın kimi yaşayan və xadimə işləyən Nəda "Həyatım çox pis başladı və heç vaxt onu düzəldə bilmədim", – deyir. Səna isə əlavə edir: "Talibandan əvvəl qadınlar, heç olmasa, işləyə bilirdi, müəyyən qədər azadlıqları vardı. İndi o pəncərə də bağlanıb, hər tərəf qaranlıqdır".