Müsəlman Birliyi Hərəkatının (MBH-nin) üzvü, 3 ay öncə azadlığa buraxılan Samir Babayev yenidən həbs edilib. MHB-dən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, inanclı fəala qarşı narkotik ittihamı irəli sürülüb və o, hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Dini inanclı fəal martın 6-da səhər saat 10 radələrində işə gedərkən saxlanılıb:
“Onu iki maşında olan mülki geyimlilər, faktiki, oğurlayıblar. İki maşınla qarşısını kəsib, zorla götürüb aparıblar. Bu barədə ailəsinə xəbər verilməyib. Ailə bilməyib ki, hara aparıblar, niyə aparıblar, maşındakılar kimlər olub. İki gün sonra məlum olub ki, ona narkotik ittihamı ilə həbs ediblər, artıq Kürdəxanıdakı təcridxanaya köçürüblər”.
Yaxınlarının bildirdiyinə görə, S.Babayev ailə üzvləriylə əlaqə saxlayarkən narkotiklə şərləndiyini, ona aidiyyəti olmayan cinayəti etiraf etməsi üçün işgəncələrə məruz qaldığını deyib. O bildirib ki, saxlandıqdan dərhal sonra elə maşındaca döyülüb:
“Məni Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları işə gedəndə yoldan oğurladı. Maşında gedə-gedə məni boğurdular, işgəncə verirdilər. 14-cü bölməyə gətirdilər, orada Süleyman Abbasov tələb edirdi ki, narkotiki boynuma götürüm. Orada da döydülər. Boş kağıza qol çəkdirmək istəyirdilər. Oradan Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirdilər”.
Onun sözlərinə görə, ertəsi gün – martın 7-də həbs qərarı üçün onu Sabunçu Rayon Məhkəməsində hakim önünə çıxarıblar. Orada təqsirsiz olduğunu vurğulayaraq, öz vəkilini istəsə də, vəkilini çağırmaqdan imtina ediblər.
“Məhkəmədə öz vəkilimin iştirakına şərait yaratmadılar, mən də üzümü çevirməklə məhkəməyə etirazımı bildirdim. Məni oradan çıxarıb sanitar qovşağa gətirdilər, qapını bağlayıb döyməyə başladılar. Hətta o həddə çatdı ki, başımı unitazın içinə salmağa cəhd elədilər. Dedim ki, ilk imkanda bunları işıqlandıracağam, ondan sonra əl çəkdilər”, - S.Babayev bunları ailə üzvlərinə danışıb.
Onun narkotiklə şərlənməsi, işgəncəyə məruz qalması barədə dediklərinə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Nazirlik daha öncəki açıqlamalarında, bir qayda olaraq, belə ittihamları rədd edir, deyilənləri “saxlanılan şəxslərin özünümüdafiə məqsədiylə uydurması” adlandırır.
Xatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onların bir qismi 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, əksəriyyəti isə sonradan narkotik ittihamıyla həbs olunub. Onların heç biri özünü təqsirli bilmir.
Samir Babayev də bundan öncə iki dəfə inzibati qaydada, bir dəfə isə uzunmüddətli həbsdə olub. 2022-ci ildə dini inanclı fəalların narkotik ittihamıyla kütləvi həbsi zamanı o da tutulmuşdu. S.Babayev ona verilən 3 illik cəzanı 2025-ci ilin dekabrında çəkib azadlığa çıxmışdı.
O, əvvəlki həbslərini Müsəlman Birliyi Hərəkatının üzvü olması ilə əlaqələndirmişdi. Budəfəki həbsindən öncə isə sosial şəbəkədə İranın mərhum ali dini lideri Ayətulla Əli Xameneinin vəfatı ilə bağlı paylaşımlar edib. Ə.Xamenei fevralın 28-də İrana ABŞ və İsrailin hava zərbələri ilə öldürülüb.
Hökumət təmsilçiləri ölkədə heç kimin dini inancına görə təqib olunmadığını, həbsdəkilərin konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.
Hüquq müdafiəçiləri isə narkotik ittihamıyla həbsdə olan dini inanclı şəxsləri siyasi məhbus siyahısına daxil ediblər.