Həbsdə olan ilahiyyatçı Mansur Vəlişovun zorakılığa məruz qaldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.
M.Vəlişov hazırda Umbakı Penitensiar Kompleksində saxlanılır. Yaxınları deyir ki, o, ailə üzvləri ilə telefon əlaqəsi zamanı başına gələnləri danışıb.
Şikayətinin ictimailəşdirilməsini istəyən ilahiyyatçı deyib ki, bugünlərdə saxlandığı müəssisənin 10 nəfərə yaxın əməkdaşı onun əllərini və ayaqlarını çarpayıya qandallayaraq huşunu itirənədək döyüblər.
"Yadımda qalan odur ki, mənə dörd qandal vurub, çarpayıya bağlayıb döyməyə başladılar. Boğurdular məni. Ondan sonrası yadımda deyil. Sonra üstümə su töküb ayıldıblar. Səhəri gün də özümdə olmamışam. Bir gün eşidəcəksiniz ki, Mansurun ölüm xəbəri gəldi...", - M.Vəlişov ailə üzvləri ilə telefonla danışarkən belə deyib.
O vurğulayıb ki, sağlamlığında ciddi problemlər var, müalicə müəssisəsinə köçürülməlidir. Lakin buna əhəmiyyət verilmir.
M.Vəlişov əlavə edib ki, Prezident Administrasiyasına, Ombudsman Aparatına yazdığı şikayət məktublarını da müəssisədən buraxmırlar.
İlahiyyatçının zorakılığa məruz qalması və digər məsələlərlə bağlı yaxınlarının dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Penitensiar Xidmət daha öncəki açıqlamalarında məhkumların qanunda nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğunu bəyan edib.
Xatırlatma
M.Vəlişov 2023-cü ilin martında narkotik ittihamı ilə həbs olunub. O, 6 il azadlıqdan məhrum edilib. M.Vəlişov özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu bildirir.
Son üç il ərzində Azərbaycanda yüzlərlə dini inanclı şəxs narkotik ittihamı ilə həbs olunub. Onlar bu ittihamı qəbul etmir, tənqidi fikirlərinə görə şərlənərək cəzalandırıldıqlarını deyirlər. Hökumət təmsilçiləri isə onların konkret faktlara görə həbs olunduqlarını iddia edir.
İnsan haqları təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var ki, onların da bir hissəsi dini inanclı şəxslərdir.