Həbsdə olan müəllim: 'Heç nəyi araşdırmayacaqsınızsa, belə məhkəməyə nə ehtiyac var?!'

Dəyanət Çələbiyev

Sosial mediada Azərbaycan hökumətini, o cümlədən prezidenti tənqid edən ingilis dili müəllimi Dəyanət Çələbiyev 10 aydır ki, Mirsahib Xudaverdizadə adlı şəxsi bıçaqlamaq ittihamı ilə həbsdədir. Özü isə deyir ki, məhkəmədə zərərçəkmiş kimi qarşısına çıxarılan Xudaverdizadəni həbsindən əvvəl nə görüb, nə də bıçaqlayıb.

45 yaşlı müəllimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Zərərçəkmiş aylardır ki, məhkəməyə gəlmirdi. Çələbiyev və vəkili isə buna etiraz bildirərək onun məcburi gətirilməsini tələb edirdi. Oktyabrın 19-da keçirilən budəfəki məhkəmə iclasına Xudaverdizadə gəlib və ifadə verib. O, taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. Hadisənin baş verdiyi əraziyə də sərnişin gətirdiyini deyib: "Mən "20 Yanvar"dan gətirdiyim müştərini düşürəndən sonra təbii ehtiyacımı ödəmək üçün binaların arasında xəlvət yerə çəkildim. Həmin vaxt bu adam (D.Çələbiyev - red.) gəlib mənə ilişdi ki, burada nə gəzirsən? Aramızda mübahisə yarandı, çıxarıb məni bıçaqla vurdu".

D.Çələbiyev isə Xudaverdizadənin yalan danışdığını, aralarında nə mübahisə yaşandığını, nə də bıçaqlanma olduğunu bildirib. Təqsirləndirilən müəllimin sözlərinə görə, tutulduğu gün öz yolu ilə binanın altındakı keçid hissəsində gedərkən qəfildən bir nəfər onu itələyib. Həmin şəxs dərhal yerə yıxılaraq bıçaqlandığını iddia edib. Elə həmin anda da polislər gələrək onu tutublar. Çələbiyev vurğulayıb ki, onu itələyən və ardınca yerə yıxılan adam da hazırda zərərçəkmiş kimi ifadə verən Xudaverdizadə olmayıb: "Bu, orada olmayıb, həyasızcasına yalan danışır. Bunu ilk dəfə istintaqda görmüşəm, bir də burada. Deyir ki, hadisə vaxtı əynimdə qara gödəkcə var idi. Mənim, ümumiyyətlə, qara gödəkcəm olmayıb. Məni şərləyib tutanda da əynimdə yaşıl gödəkcə var idi".

"Bu cür davranışla belələrinin əməllərinə şərik olursunuz"

Zərərçəkmişin söylədiklərinin doğruluğunu araşdırmaq və onun hadisə yerində olub-olmadığını aydınlaşdırmaq üçün vəkil vəsatət qaldırıb. Vəkil Aqil Layıc məhkəmədən xahiş edib ki, Xudaverdizadənin həmin günə aid telefon anten məlumatları alınsın. O zaman bu şəxsin həmin gün dediyi ərazilərdə olub-olmadığı məlum olacaq.

Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatəti təmin etməyib.

Çələbiyev və onun məhkəmə zalında olan yaxınları məhkəmənin bu cür qərarına etiraz ediblər. "Siz də bu cür davranışla belələrinin əməllərinə şərik olursunuz. Heç bir araşdırma aparmayacasınızsa, belə bir məhkəmə keçirməyin, burada danışmağın nə mənası var?!", - deyə D.Çələbiyev hakimlərin qərarına etirazını ifadə edib.

Hakimlər Xudaverdizadədən qarşı tərəflə barışıb-barışmadığını və şikayətçi olub-olmadığını soruşub.

"Barışıq onda olardı ki, hadisədən sonra heç olmasa, xəstəxanada yanıma gələrdi", - deyə zərərçəkmiş cavab verib.

Çələbiyevin iddiasına görə, Xudaverdizadənin əvvəllər cinayət işi olub və ondan məsuliyyətdən azad edilmək qarşılığında bu cür işlərdə istifadə olunur. Onun vəkili bu məsələnin də dəqiqləşdirilməsi üçün sorğu verilməsini, Xudaverdizadə haqqında əvvəllər cinayət işinin olub-olmamasının araşdırılmasını istəyib. Bu vəsatət də təmin olunmayıb.

Bu iş üzrə məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ali Məhkəmə 43 işdə eyni şahidi aşkarlayıb

Xatırlatma

D.Çələbiyev 2025-ci il dekabrın 22-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham verilib. Bu maddələrlə 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

O, həbsindən bir gün öncə - dekabrın 21-də Facebook hesabında uzun illərdir mərkəzində prezident İlham Əliyev və ailə üzvlərinin dayandığı hakimiyyət modelinin ölkəni fəlakətə sürüklədiyini yazmışdı: "Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək isə ipoteka altına qoyuldu".

İctimai fəal bundan əvvəl - 2025-ci ilin mayında inzibati qaydada həbs olunmuşdu. O zaman xırda xuliqanlıq və polisə müqavimət ittihamı ilə ona 30 sutka inzibati həbs cəzası verilmişdi. D.Çələbiyev bu ittihamları qəbul etməmiş, sosial şəbəkələrdə hökumətin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə cəzalandırıldığını söyləmişdi.

Son illər bir çox ictimai-siyasi fəal kiməsə bıçaqla xəsarət yetirmək ittihamı ilə həbs olunub. Onların arasında işçi hüquqlarını qoruyan Afiyəddin Məmmədov, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal), ictimai fəallar Əhməd Məmmədli, Nicat İbrahim, keçmiş diplomat Emin İbrahimov və başqaları var. Bu şəxslərin heç biri özünü təqsirli bilmir və heç kimə xəsarət yetirmədiyini vurğulayır. Onların sözlərinə görə, zərərçəkmiş qismində tanınan şəxslər qəfildən qarşılarına çıxıb, bıçaqlandıqlarını iddia edərək özlərini yerə yıxıblar.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahıya görə, hazırda Azərbaycanda 322 nəfər siyasi məhbus var. Azərbaycan rəsmi qurumları isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir və vurğulayırlar ki, adları bu siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.