Həbsdə olan ictimai fəal Nicat İbrahimin cəzası ağırlaşdırılıb. Nərimanov rayon Məhkəməsi onun saxlanma rejiminin sərtləşdirilməsi barədə qərar çıxarıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Pərvin İbrahimli məlumat verib.
Hakim Gültəkin Əsədovanın çıxardığı qərara əsasən, N.İbrahim 6 aylıq qapalı həbsxana rejiminə köçürüləcək. Bu qərar ictimai fəalın hazırda saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin məhkəməyə təqdimatı əsasında çıxarılıb. Təqdimatda onun 3 illik həbsxana rejiminə köçürülməsi istənilib. İddia olunub ki, N.İbrahim saxlandığı müəssisədə daxili nizam-intizam qaydalarını dəfələrlə pozub, dava-dalaş salıb və s.
Həyat yoldaşı isə baş verənləri N.İbrahimə qarşı "illərdir davam edən təqib və təzyiqlərin ardı" adlandırır: "Yenidən şərləyib həbs etməklə kifayətlənmədilər, orada da rahat buraxmırlar. İmkan vermirlər ki, verilən cəzanı rahat çəksin. Nə istəyirlər, bilmirik. Öyrədilmiş adamları göndərirlər üstünə, dava-dalaş salırlar, akt tərtib edirlər. Məhkəməyə təqdimat verməmişdən əvvəl uzun müddət karsa salıb saxlayanda bildik ki, nəsə planları var".
P.İbrahimli əlavə edib ki, ərinin cəzasının ağırlaşdırılması ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
Həbsxana rejimi
Ümumi və ya ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar müəssisənin ərazisində gəzə bilərlər, ümumi yataqxana tipli yerlərdə saxlanılırlar. Ciddi rejimdə saxlanılanların ayda bir dəfə, ümumi rejimdə saxlanılanların isə həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ var.
Həbsxana rejimində isə qaydalar daha sərtdir. Məhkumlar həbsxanada ümumi kameralarda saxlanılırlar. Onların il ərzində dörd qısamüddətli və iki uzunmüddətli görüş hüququ var. Gün ərzində cəmi bir saat gəzinti hüququna malikdirlər.
Bu səbəbdən həbsxana növlü cəzaçəkmə müəssisəsi ən ağır cəza rejimi hesab olunur. Ömürlük azadlıqdan məhrum edilənlər bu rejimdə saxlanılırlar. Bəzi hallarda, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxslərə hökm çıxarılanda, təyin edilmiş cəzanın bir hissəsinin həbsxana rejimində çəkilməsinə qərar verilir.
Xatırlatma
Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda ittiham olunan ictimai fəal 6 il 6 ay azadlıqdan məhrum edilib.
İctimai fəal heç kimi bıçaqlamadığını, dayandığı yerdə tanımadığı birinin hücumuna məruz qaldığını, həmin şəxsin özünü yerə ataraq qışqırdığını, ardından polislərin gəldiyini bildirib.
N.İbrahim həbsindən bir həftə öncə ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini bildirdiyi üçün cəzalandırılıb.
İctimai fəal 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi. O, bir neçə il əvvəl ağzını tikərək aclıq aksiyası keçirməklə polisə etirazını da ifadə etmişdi.
Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onlar özlərini təqsirli bilmir, ümumiyyətlə, heç kimi bıçaqlamadıqlarını, şərlənərək həbs olunduqlarını bildirirlər.
Eyni zamanda, cəzaçəkmə müəssisələrində saxlanılan fəalların bir çoxunun cəza rejimi sonradan ağırlaşdırılır, onlar müxtəlif müddətlərə həbsxana növlü qapalı müəssisələrə göndərilirlər. İctimai-siyasi fəallar bunu həbsdə əlavə təzyiq kimi dəyərləndirirlər.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.
Rəsmilər isə ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs olunmadığını iddia edir. Onlar bildirir ki, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.