Əliyev və Zelenski Qəbələ razılaşmalarının icrasını müzakirə ediblər

Əliyev Qəbələdə Zelenski ilə görüşüb

Mayın 6-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Prezident Əliyev "X" hesabında bildirib ki, söhbət zamanı ölkələr arasında münasibətlərin müsbət dinamikasından məmnunluq ifadə olunub. Liderlər həmçinin Qəbələ görüşündə müzakirə edilən məsələlərin icrası və ikitərəfli gündəlik ətrafında fikir mübadiləsi aparıblar.

30 aprel

Bakıda sülh danışıqları? Kreml Zelenskinin təklifinə 'yox' dedi

Rusiya hazırda Azərbaycanı Ukrayna ilə danışıqlar üçün meydança qismində nəzərdən keçirmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bakının danışıqlar məkanı kimi seçilməsi təklifi ilə Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycana səfəri zamanı çıxış etmişdi.

25 aprel

Zelenski: 'Rusiya ilə danışıqları Azərbaycanda aparmaq istərdik'

Aprelin 25-də Qəbələdə Azərbaycan prezidenti İlham Əliyev ilə Ukrayna prezidenti Volodimir Zelenskinin əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib, bu səfərin əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər. Energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi, o cümlədən ukraynalı uşaqlara göstərilən xüsusi qayğını yüksək qiymətləndirib və buna görə minnətdarlığını bildirib. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfər edəcəyi qeyd olunub.

Görüşün yekununda liderlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Əliyev vurğulayıb ki, siyasi dialoqla yanaşı, xüsusilə energetika sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Dövlət başçısı SOCAR-ın Ukraynadakı təcrübəsinə əsaslanaraq, yeni layihələr və qarşılıqlı investisiyalar üçün böyük potensialın olduğunu bildirib: "Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb və bu göstəricinin daha da artırılması istiqamətində iş aparılır".

Zelenski və Əliyev mətbuat üçün brifinqdə

Əliyev: Birgə silah istehsalı ilə bağlı geniş imkanlar var

Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb və bu istiqamətdə böyük perspektivlər mövcuddur. "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir. Burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində əməkdaşlıqla bağlı geniş imkanlar var. Bu gün sözügedən məsələlər ətrafında ətraflı müzakirələr apardıq. Biz bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik", - Əliyev bildirib.

V.Zelenski aprelin 25-də müxtəlif sahələri əhatə edən altı sənədin imzalandığını diqqətə çatdırıb. O, təhlükəsizlik və müdafiə sənayesinin əməkdaşlıq sahəsində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb: "Ukrayna müharibə şəraitində öz müqavimət gücünü nümayiş etdirib və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Ekspertlərimiz artıq Azərbaycandadır və həmkarlarına müvafiq dəstək göstərirlər. Biz bu tərəfdaşlığı genişləndirərək birgə istehsal mərhələsinə keçmək niyyətindəyik".

Zelenski, eyni zamanda, sülh istiqamətində göstərilən səylərin müzakirə olunduğunu bildirib. Ukrayna prezidenti bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarlığını ifadə edib: "Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız baş tutdu. Görüşlərin bir qismi Türkiyədə, növbəti mərhələsi isə amerikalı tərəfdaşlarımızın iştirakı ilə Cenevrədə keçirildi. Əgər Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqları Azərbaycanda aparmaq istərdik".

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya genişmiqyaslı hərbi təcavüzə başlayıb. Bundan səkkiz il əvvəl isə Rusiya Ukraynanın Krım yarımadasını işğal etmişdi. Yeni müharibə başlayandan sonra Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və ona humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.