Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti qurumları bəyanat yayaraq həm ölkədəki insan haqlarının durumu, həm də Avropa Şurası ilə münasibətlərə diqqət çəkiblər.
Müəlliflər hesab edirlər ki, Azərbaycanla münasibətlərdə Avropa Şurasının fundamental prinsipləri əsas götürülməlidir.
Sənəddə deyilir: "Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurası institutlarını, üzv dövlətləri Azərbaycan hökumətinin üzvlük öhdəliklərini sistemli şəkildə pozmasına və təşkilatdan çıxmaq hədələrinə qarşı prinsipial cavab verməyə çağırırıq".
Müəlliflər əlavə edirlər ki, 2022-ci ildən etibarən intensivləşmiş repressiyalar Azərbaycanda misli görünməmiş insan hüquqları böhranına yol açıb: "Avropa Şurasının məlumatlarına görə, Azərbaycan təşkilata üzv dövlətlər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etməmə göstəricisinə görə birincidir. Məhkəmə qərarlarının 68 faizi hələ də icra olunmayıb".
Bəyanatın sonunda müəlliflər Avropa Şurasından gözləntilərini ifadə ediblər. Sənəddə ölkədəki insan hüquqları böhranı və AİHM qərarlarının icra edilməməsi ilə bağlı hökumətdən rəsmi izahat istənilməsi tövsiyə olunur. Habelə, Azərbaycandakı siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması, insan hüquqları pozuntularının sənədləşdirilməsi və gələcəkdə hesabatlılığın təmin edilməsi üçün əlaqələndirilmiş institusional addımların atılması istənilir.
Son illər Azərbaycan və Avropa Şurası arasında yaşananlar
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) 2024-cü il yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Buna səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi göstərilirdi. Cavab addımı olaraq rəsmi Bakı bu qərara səs verən AŞPA deputatlarının ölkəyə gəlişinə qadağa qoyub və o vaxtdan bəri Azərbaycandan Assambleyaya nümayəndə heyəti göndərilməyib.
Üstəlik, son illər Azərbaycanda Avropa Məhkəməsinin (AİHM) kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez şikayətlər səslənir. Rəsmi Bakı bu tənqidlərə konkret münasibət bildirməsə də, ötən ildən etibarən AİHM qərarları daha kəskin müzakirə mövzusuna çevrilib. Məsələn, prezident İlham Əliyev ADA Universitetində keçirilən forumdakı çıxışında bu məsələyə toxunaraq demişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu, bizim mövqeyimizdir".
Sizin brauzer HTML5-i dəstəkləmir
AŞPA prezidenti Bakıya ön şərt qoydu: 'Tanınmış siyasi məhbusları azad edin'
Avropa Şurasının şərtləri
AŞPA prezidenti Petra Bayr AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın quruma qayıtma şərtlərini açıqlayıb: "Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı "qara siyahı"dan bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin, o cümlədən iki həmməruzəçidən birinin Azərbaycana girişi qadağandır".
Bayr həmçinin əlavə edib ki, rəsmi Bakı bu prosesdə səmimidirsə, ən azından tanınmış bəzi siyasi məhbusları azadlığa buraxmalıdır.
Amma bundan az sonra prezident Əliyev də dedi ki, "Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək".
Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub, insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəliklər götürüb. Bununla belə, ölkə hələ də qurumun monitorinqi altındadır.