Keçid linkləri

2026, 24 Sentyabr, cümə axşamı, Bakı vaxtı 01:57

Prezident Fransa vətəndaşını və daha 19 məhkumu əfv etdi

Martin Rayan Bakı məhkəməsində
Martin Rayan Bakı məhkəməsində

Prezident İlham Əliyev bir qrup məhbusun əfv edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 nəfər və azadlığı məhdudlaşdırılan bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub. Onların arasında bir neçə xarici ölkə vətəndaşı, o cümlədən Fransa vətəndaşı Rayan Martin Riçard da var.

2023-cü ilin dekabrından Azərbaycanda həbsdə saxlanılan M.Rayan bu ilin martında casusluq ittihamı ilə 10 il həbs cəzası almışdı. O, özünü təqsirli bilmir və ittihamları rədd edir.

Ötən ilin sentyabrında isə digər bir Fransa vətəndaşı - Teo Klerk metroda qrafiti çəkdiyinə görə 3 il həbs cəzasına məhkum edilib.

Bugünlərdə "Reuters" üç avropalı diplomata istinadən yazırdı ki, Fransa Avropa İttifaqını (Aİ) rusiyalı-özbək milyarder Alişer Usmanova qarşı sanksiyaları ləğv etməyə çağırır, iki fransalının saxlandığı Azərbaycanın bununla bağlı təzyiq göstərdiyini bildirir.

Azərbaycan rəsmiləri "Reuters"də yazılanlara münasibət bildirməmişdilər.

Nəhayət, uzun müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiyaları daha üç il uzatmağa razılaşdılar. Eyni zamanda, rusiyalı iş adamları A.Usmanov və M.Fridman sanksiya siyahısından çıxarıldılar.

Aİ Ukraynaya qarşı hərbi təcavüzünə görə Rusiyaya sanksiyalar tətbiq edir.

Parisdən Bakıya müsbət mesaj

Fransa Martin Rayanın əfv edilməsi qərarını alqışlayır.

Ölkənin Avropa və Xarici İşlər Nazirliyi (XİN) Fransa vətəndaşının azad olunmasını münasibətlərin normallaşması yolunda irəliyə doğru addım kimi qiymətləndirib.

"Bu, Fransanın alqışladığı humanitar bir jestdir", — qurumun açıqlamasında vurğulanıb.

Xatırlatma

Prezident bundan əvvəl sonuncu əfv sərəncamını 2025-ci ilin mayında vermişdi. Həmin vaxt da əfv olunan 220 nəfərin arasında hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi heç kim yox idi.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

XS
SM
MD
LG