Xarici İşlər Nazirliyi (XİN) Fransanın Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" ilə əsaslandırmağını qəbul etmir.
Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin açıqlamasına münasibət bildirərkən deyib.
“Ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir”, - A.Hacızadə vurğulayıb.
Onun dediyinə görə, Fransanın Azərbaycanla bağlı belə "ittihamlar" səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində "mövcud problemləri" nəzərə almaması diqqətdən kənarda qala bilməz.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Paskal Konfavrö sentyabrın 17-də keçirdiyi brifinqdə Azərbaycana səfərin niyə tövsiyə edilmədiyi barədə suala cavab verib.
O bildirib ki, Fransa vətəndaşlarına zəruri səbəb olmadıqca Azərbaycana səfər etməmək tövsiyə olunur. Mətbuat katibi bunu Azərbaycanda özbaşına saxlanılma və ədalətsiz məhkəmə riski ilə əlaqələndirib.
Fransanın sözügedən nazirliyinin sentyabrın 15-də yenilənən Azərbaycan üzrə səyahət tövsiyəsində də ölkənin böyük hissəsinə zəruri səbəb olmadıqca səfər etməmək məsləhət görülür. Nazirlik iddia edir ki, Azərbaycanda olan Fransa vətəndaşları, o cümlədən turistlər, işgüzar səfərdə olan şəxslər həbs, özbaşına saxlanılma və ədalətsiz məhkəmə riski ilə üzləşə bilərlər.
Azərbaycan XİN isə belə xəbərdarlıqları əsaslı hesab etmir.
17.09.2026
'Reuters': Paris Usmanova Aİ sanksiyalarının qaldırılması üçün Bakının təzyiq göstərdiyini deyir
Fransa Avropa İttifaqını (Aİ) rusiyalı-özbək milyarder Alişer Usmanova qarşı sanksiyaları ləğv etməyə çağırır, iki fransalının saxlandığı Azərbaycanın bununla bağlı təzyiq göstərdiyini bildirir. Bunu "Reuters" üç avropalı diplomata istinadən yazıb.
Aİ ölkələri sanksiyaları altı ay uzatmaqla bağlı razılığa gələ bilməyib, Rusiyaya qarşı sanksiya siyahısının yenilənməsi üçün sentyabrın 14-də başa çatan son müddəti daha yeddi gün uzadıblar.
Aİ diplomatlarına görə, Fransa Slovakiyaya qoşularaq Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra Usmanova sanksiyaların ləğvinə çağırıb. Metal və dağ-mədən sənayesi maqnatı olan Usmanov sanksiyaların götürülməsi üçün Avropada bir neçə məhkəmə iddiası qaldırıb.
Fransanın diplomatik mənbələri deyiblər ki, Paris milli təhlükəsizlik mülahizələrinə görə Usmanova qarşı sanksiyaların ləğvini istəyir.
Avropalı diplomatlar deyirlər ki, Paris qapalı görüşlərdə Bakının onu şantaj etdiyini bildirib. Fransanın iddiasına görə, Azərbaycan həbsdə saxladığı iki fransızdan Parisə təzyiq üçün istifadə edir və bu yolla Usmanov məsələsində güzəşt qazanmaq istəyir.
Paris həmin şəxslərdən birinin özbaşına həbsdə saxlandığını bildirir; Fransa vətəndaşı Martin Rayan casusluq ittihamı ilə məhkum edilib.
Bu məsələ barədə ilk dəfə "The Financial Times" yazıb. "Reuters" Azərbaycan prezidenti İlham Əliyevin daha əvvəl də Usmanovun sanksiya siyahısından çıxarılmasına çalışdığını yazır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da vaxtilə Aİ-ni milyarderə qarşı sanksiyaları ləğv etməyə səsləyib.
Diplomatların sözlərinə görə, Fransa Qətər və Qazaxıstanın da Bakının bu addımını dəstəklədiyini düşünür.
Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qətərin xarici işlər nazirlikləri "Reuters"in sorğusunu cavabsız qoyub.
15 sentyabr
FT: Paris Azərbaycandakı vətəndaşlarının azadlığı qarşılığında Usmanovdan sanksiyaların götürülməsini istəyir
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiya siyahısının müddətini bircə həftə – 22 sentyabr iclasınadək uzatmağa razılaşıblar. Bu barədə AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak xəbər verir.
Adətən bu sanksiya proqramının müddəti altı aydan bir uzadılır. "Deutsche Welle"nin mənbələrinə görə, gecikmə Slovakiya və Fransanın rusiyalı iş adamları Alişer Usmanov və Mixail Fridmanın sanksiya siyahılarından çıxarılmasını istəməsi ilə bağlıdır.
Fransalı diplomatlardan biri "EUobserver" nəşrinə deyib ki, Parisin Usmanova qarşı sanksiyaları ləğv etmək istəyi milli təhlükəsizlik məsələsi ilə əlaqədardır. Diplomat vurğulayıb ki, Yelisey sarayı beynəlxalq tərəfdaşların Usmanovla bağlı müraciətlərinə müsbət cavab vermək niyyətindədir.
Parisin Azərbaycanda saxlanan fransızlarla bağlı xahişi
"The Financial Times" yazır ki, Parisin Usmanovu müdafiə etməsi Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını nəzərdə tutan sövdələşmə ilə bağlıdır.
Qəzetin yazdığına görə, Fransanın bu xahişi Aİ-dəki digər diplomatlar arasında təəccüb doğurub. Diplomatlardan biri bu xahişi "heyrətamiz" adlandırıb.
"The Financial Times"ın iki mənbəsi bildirib ki, Lüksemburq Aİ sanksiyalarının ləğv edilməsini dəstəkləməyib. Bununla belə, krallıq bəyan edib ki, Usmanov sanksiya siyahısından çıxarılacağı halda, Fridmanın da çıxarılması vacibdir.
Hələlik nə Fransa, nə də Azərbaycan və Özbəkistan xarici işlər nazirlikləri yayılan bu xəbərlərə rəsmi şərh verib.
Fərdi sanksiyaların müddəti sentyabrın 15-də bitir. Onların uzadılması üçün bütün üzv ölkələrin yekdil razılığı tələb olunur.
Xatırlatma
İki ildən çoxdur Azərbaycanda həbsdə olan Fransa vətəndaşı Martin Rayan bu ilin martında casusluq ittihamı ilə 10 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir.
Ötən ilin sentyabrında isə digər bir Fransa vətəndaşı - Teo Klerk metroda qrafiti çəkdiyinə görə 3 il həbs cəzasına məhkum edilib. Eyni əmələ görə onunla birgə mühakimə olunan digər iki əcnəbi isə yalnız cərimə edilib. O zaman Azərbaycandakı Fransa səfirliyi Klerkin "açıq-aşkar ayrıseçkilik xarakterli özbaşına rəftarın qurbanı" olmasını pisləyib.
Azərbaycan prezidenti İlham Əliyev isə ötən ilin oktyabrında Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığını deyirdi. O elə həmin ay Kopenhagendə fransalı həmkarı Emmanuel Makron ilə görüşmüşdü.