ABŞ-nin xüsusi elçisi Con Koul son 22 ayda Belarus həbsxanalarından yüzlərlə məhbusun buraxılmasına nail olub. Onlardan 25-i bu həftə azadlığa çıxıb.
İnsan haqları qrupları yüzlərlə insanın həbsdə qaldığını bildirir, Vaşinqtonun yanaşmasını sual altına alırlar. Onların fikrincə, haqsız yerə həbs olunmuş mülki şəxslər Qərbin sanksiyalarının yumşaldılması qarşılığında azad edilir. 2020-ci il seçkisində avtoritar lider Aleksandr Lukaşenkonun qalib elan olunması kütləvi etirazlara səbəb olub. Müxalifət və bir çox Qərb ölkəsi seçkilərin saxtalaşdırıldığını bildirib. Etirazlar amansızlıqla yatırılandan sonra Qərb Minskə sərt sanksiyalar tətbiq edib.
Martda 250 siyasi məhbus buraxılmışdı, bu dəfə isə cəmi 25. AzadlıqRadiosunun rus xidmətinin bu sayın niyə azalması ilə bağlı sualına elçi belə cavab verib: "Ümumilikdə 800-900 məhbus azadlığa buraxılıb. Bəzən 150, bəzən isə 14 nəfər azad edilə bilər. Hazırda nə qədər insanın azad olunmasına nail ola bilirəmsə, bir o qədərini çıxarıram. Son danışıqlarım hələ də davam edir. Fikrimcə, yaxın gələcəkdə daha 100-dən çox insanın azad edilməsinə nail ola bilərik. Güman ki, bunu təxminən bir aya edəcəyik".
Banklarla danışmalıdırlar
"Bunun gerçəkləşməsi üçün hansı məsələlər həll olunmalıdır" sualına cavabında Koul deyir ki, əvvəllər məhbusların azad edilməsi qarşılığında bəzi sanksiyaları ləğv ediblər. İndi isə əsas məsələ ABŞ bankları və şirkətlərinin bu sanksiya yumşalmalarından tam xəbərdar olmasına və qaydaları düzgün anlamasına əmin olmaqdır: "Buna görə də geri qayıdıb bəzi məsələləri aydınlaşdırmalıyıq. ABŞ şirkətlərinin, banklarının və digər qurumlarının bu qərarları tam başa düşmədiyindən xəbərsiz idik. Bu problemi həll edəndən sonra yenidən Belarusa qayıdacağıq".
Koul Minskdə Lukaşenko ilə görüşündə demişdi ki, ABŞ rəsmiləri "Citibank"dan Belarus hökumətinin dondurulmuş pullarını qaytarmağı xahiş ediblər. Onun sözlərinə görə, hazırda bunun hansı yolla ediləcəyi üzərində işləyirlər.
Mühacirətdə olan Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya iddia edir ki, Lukaşenko sanksiyaların ləğvinə nail olmaq üçün məhbusları "satır". Sanksiyaların ləğvi ilə bağlı belə razılaşmalar Lukaşenkonu mübadilə üçün əlində nəsə olsun deyə, daha çox siyasi məhbus həbs etməyə həvəsləndirmirmi? C.Koul bundan əmin olmadığını və hazırda həbsdə olanların sayı ilə bağlı müxtəlif rəqəmlərin səsləndiyini bildirib.
"Buna görə də real rəqəmin neçə olduğunu dəqiq bilmirəm. Amma Lukaşenko məhbusları sanksiyaların yumşaldılmasına dəyişirsə, buna heç bir etirazım yoxdur. Çünki azadlığa qovuşan həmin insanların gözlərinə baxan, azadlığın onlar üçün nə demək olduğunu görən mənəm. Mənim üçün bu, kənarda duran kimlərinsə irəli sürdüyü siyasi arqumentlərdən qat-qat vacibdir", – o əlavə edib.
Xüsusi elçi Birləşmiş Ştatların gələcəkdə Belarusla daha geniş iqtisadi əlaqələr qurmaq istəyə biləcəyini istisna etməyib.
"Onlara "dovşan" deməyimi istəyirsə, "dovşan" da deyərəm"
Lukaşenkonun bu insanları siyasi məhbus saymamasına gəlincə, Koul onları sadəcə "məhbus" adlandırdığını söyləyib: "Əgər həmin insanları azad etmək üçün onlara "dovşan" deməyimi istəyirsə, "dovşan" da deyərəm, mənim üçün fərqi yoxdur. O, onların siyasi məhbus olmadığına inanırsa, qoy elə bilsin. Mən sadəcə onların insan olduğunu bilirəm. Buna görə də sözlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Başqaları üçün vacib ola bilər, amma mənim üçün yox".
C.Koul Belarusun dünyanın qalan hissəsi ilə yaxşı əlaqələr qurmağa çalışdığını və prosesin bu yöndə getdiyini bildirib. Lakin o vurğulayıb ki, Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə müttəfiq olması bu məsələni çətinləşdirir.
"Həm biz, həm də onlar irəliləyişə nail oluruq. Buna görə də düzgün istiqamətdə getdiyimizi düşünürəm. Bu, bir gecədə baş verə bilməz, çünki real bir prosesdir. Belarusun ən böyük müttəfiqi Rusiyadır, Belarus da Rusiyanın azsaylı müttəfiqlərindən biridir. Ona görə də bu məsələni onlar özləri həll etməlidirlər, mən yox. Fikrimcə, Birləşmiş Ştatlar gələcəkdə Belarusla daha geniş iqtisadi əlaqələr qurmaq istərdi. Məncə, Qərb də bu münasibətlərin normal məcraya qayıtmasının tərəfdarıdır. Hazırda vəziyyət belə deyil, ona görə də əlaqələr tədricən inkişaf etməlidir", – xüsusi elçi bildirib.