Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 13:57

Lukaşenko daha 15 məhbusu azad edib

Aleksandr Lukaşenko Donald Trampın xüsusi elçisi Con Koulu qəbul edib.
Aleksandr Lukaşenko Donald Trampın xüsusi elçisi Con Koulu qəbul edib.

Sentyabrın 24-də Belarus prezidenti Aleksandr Lukaşenko daha 15 məhbusu əfv edib. Bu qərar ötən həftə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi ilə danışıqlardan sonra verilib.

Trampın təmsilçisi Con Koul bir ildən çoxdur Lukaşenko ilə danışıqlar aparır. Bu müddətdə müxalifət xadimləri, fəallar, jurnalistlər, vəkillər daxil olmaqla yüzlərlə məhbus azad edilib, Vaşinqton isə bəzi sanksiyaları qaldırıb.

“Vyasna” hüquq müdafiə təşkilatının məlumatına görə, ölkədə hələ də 883 siyasi məhbus var. Onlar ekstremist fəaliyyət, nifrətə təhrik və prezidentin təhqir edilməsi kimi ittihamlarla məhkum olunublar.

Lukaşenko administrasiyası bildirir ki, yeni əfv olunan 15 nəfərin 10-u qadındır, 13-ü isə “ekstremist xarakterli cinayətlər törədib”. Administrasiya onların əfv xahişi ilə müraciət etdiklərini, peşman olduqlarını bildirib.

C.Koul ötən həftə 25 nəfərin azadlığa buraxılmasına nail olub. AzadlıqRadiosuna müsahibəsində demişdi ki, yaxın gələcəkdə daha 100-dən çox insan azad edilə bilər.

“Reuters” təhlilçilərə istinadla yazır ki, Lukaşenko danışıqlarda daha sərt mövqe tutur. Səbəb isə ABŞ-nin bəzi sanksiyaları, xüsusilə Belarus üçün mühüm ixrac gəliri mənbəyi olan kalium gübrəsinə məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, Avropa İttifaqının eyni addımı atmamasıdır.

Lukaşenko həmçinin, onun sözlərinə görə, “Citibank”da bloklanmış 43-44 milyon dollarlıq Belarus vəsaitinin sərbəst buraxılmasını tələb edib. Koul ötən həftə bu məsələ ilə məşğul olacağına söz verib. “Citibank” məsələni şərh etməkdən imtina edib.

16 sentyabr

Tramp elçi göndərdi, Lukaşenko 25 məhbusu buraxdı

Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-nin xüsusi elçisi Con Koul arasında danışıqlardan sonra daha bir qrup siyasi məhbusun əfv prosesi başlanıb. Məlumatı sentyabrın 16-da "Vyasna" insan haqları təşkilatı yayıb.

Təşkilatın məlumatına görə, bəzi məhbusların yaxınlarına çərşənbə günü səhər doğmalarını cəzaçəkmə müəssisələrindən götürə biləcəkləri deyilib.

Belarusun rəsmi "BelTA" dövlət agentliyi xüsusi elçi C.Koula istinadən iki ölkə münasibətlərində 'böyük irəliləyiş' əldə olunduğunu yazır.

25 məhbus qarşılığında iki şirkətə sanksiyalar qaldırılır

Belarusun 25 siyasi məhbusu azad etməsi qarşılığında ABŞ bu ölkənin "Lakokraska" və "Bellesbumprom" şirkətlərinə sanksiyaları aradan qaldıracaq.

Azadlığa buraxılan siyasi məhbuslar arasında keçmiş müstəntiq Yevgeni Yuşkeviç, "BelaPAN" informasiya agentliyinin keçmiş direktoru Dmitri Novojilov, qurumun direktor müavini olmuş Andrey Aleksandrov və onun xanımı İrina Zlobina, jurnalist Kirill Poznyak, tanınmış fəallar və musiqiçilər var.

Sentyabrın 15-nə olan məlumata görə, hüquq müdafiəçiləri Belarusda 912 nəfəri siyasi məhbus kimi tanıyıb. Onların hesabatlarına əsasən, ölkədə repressiyalar davam edir: insanlar hələ də siyasi motivli işlər üzrə saxlanılır və mühakimə olunurlar. Bununla belə, son bir ildə ölkədə siyasi məhbusların sayı azalıb. ABŞ ilə razılaşmalar çərçivəsində bir neçə yüz nəfər azad edilib, Lukaşenko isə onlarla məhbusun əfvinə dair qərarlar imzalayıb.

Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya bundan əvvəl siyasi məhbusların azadlığa buraxılmasını alqışladığını bildirib. Amma o vurğulayıb ki, insanlar harada yaşayacaqlarına özləri qərar verməlidirlər, onların öz iradələri əleyhinə xaricə göndərilməsi yolverilməzdir.

Lukaşenko ABŞ elçisinə: 'Bizdə siyasi məhbus yoxdur...', 'pulları geri verin'

ABŞ rəsmiləri "Citibank"dan Belarus hökumətinin dondurulmuş pullarını qaytarmağı xahiş ediblər. Bu barədə Donald Trampın xüsusi elçisi Con Koul Minskdə Aleksandr Lukaşenko ilə görüşündə bildirib. Onların söhbətinin açıq hissəsinin videosu Lukaşenko administrasiyasına yaxın olan "Pul Pervoqo" Telegram-kanalında yayımlanıb.

"Bu pulların üzərindəki qadağa götürülməli və geri qaytarılmalıdır. Biz artıq banka həmin vəsaitlərin qaytarılması üçün müraciət etmişik. Hazırda bunun hansı yolla ediləcəyi üzərində işləyirik. Bankdan konkret cavab alan kimi sizə dərhal məlumat verəcəyik", – diplomat bildirib.

Lukaşenko cavabında bildirib ki, Belarus rəhbərliyi ABŞ ilə istənilən məsələnin müzakirəsinə açıqdır, amma bunun üçün tərəflər "əldə olunmuş razılaşmalara qeyd-şərtsiz əməl etməlidirlər".

Sentyabrın 11-də Lukaşenko bəyan edib ki, "Citibank"da Belarusa məxsus 43 və ya 44 milyon dollar "batıb qalıb". "Varlı Amerikanın əlində ilişib qalıb. Zəhmət olmasa, bu pulları bizə qaytarın. Pulları geri verin! Bu, ABŞ üçün rüsvayçılıqdır. Ondan sonra sizinlə daha ciddi məsələlər barədə danışarıq", – o deyib.

Kris Paniko və Con Koul Minskdə ABŞ-Belarus danışıqlarında
Kris Paniko və Con Koul Minskdə ABŞ-Belarus danışıqlarında

C.Koul ilə görüşdə siyasi məhbusların buraxılmasının danışılacağı gözlənilirdi. Lakin Lukaşenko sentyabrın 15-də bildirib ki, ölkə qanunlarında belə bir maddə yoxdur, ona görə də "Belarusda heç bir siyasi məhbus yoxdur".

"Bizdən qaçıb Qərbə gedənlər bu söhbəti bərk şişirdirlər. Məndə olan məlumata görə, deyəsən, sizi də buna inandırıblar: guya biz kimisə buraxırıq, amma dərhal yerinə iki qat daha çox adam həbs edirik. Sizə açıq deyirəm, bu, tamamilə yalandır. Bizim buraxılan adamların yerinə həbsxanalara yenilərini doldurmaq kimi bir məqsədimiz yoxdur. Bizim belə bir dərdimiz yoxdur", –Lukaşenko əlavə edib.

"Pul Pervoqo" Telegram kanalı Koul və Lukaşenko arasındakı danışıqların üç saat davam etdiyini bildirir. Belaruslu siyasi məhbusların yeni qrupunun azad olunması ilə bağlı hər hansı konkret qərarın qəbul edilib-edilmədiyi hazırda məlum deyil.

Xatırlatma

Koulun Belarus rəhbərliyi ilə əvvəlki görüşləri sayəsində yüzlərlə siyasi məhbus azadlığa buraxılıb. Bunun əvəzində isə ABŞ Belarusa tətbiq etdiyi bəzi sanksiyaları yumşaldıb. Avqustun sonlarında C.Koul daha iki-üç yüz siyasi məhbusu həbsdən çıxarmaq üçün yenidən Belarusa getməyə hazırlaşdığını demişdi.

Koulun sözlərinə görə, o, müxalifətçilərlə razılaşıb ki, Belarus rəhbərliyini tənqid edərkən daha ehtiyatlı olsunlar, çünki "orada hələ 800-900 nəfər qalıb və əgər Lukaşenkonu bərk qəzəbləndirsəniz, hər şey pozular".

​
XS
SM
MD
LG