Azərbaycan Polşaya nota verib

Azərbaycan Xarici İşlər Nazirliyi

Avqustun 28-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in məlumatına görə, avqustun 26-da Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində “Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə qarşı qərəzli, qeyri-obyektiv və qəbuledilməz iddiaların” yer alması, habelə veriliş zamanı aparıcının “təxribat xarakterli” davranışı ilə bağlı kəskin etiraz bildirilib. Bununla əlaqədar qarşı tərəfə etiraz notası təqdim edilib.

Vurğulandığına görə, Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi vaxtda həqiqəti təhrif edən məlumatların yayılmasının sual doğurduğu diqqətə çatdırılıb.

Hələlik, bu açıqlamaya Polşanın Azərbaycandakı səfirliyindən və bu ölkənin başqa aidiyyatı qurumlarından münasibət almaq mümkün olmayıb.

Sözügedən veriliş “Azərbaycanda sülh repressiyalarla müşahidə olunur” başlığı ilə təqdim olunub. Verilişdə qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda getdikcə daha nüfuzlu gücə çevrilir, ancaq “Human Rights Watch” insan haqları təşkilatı ölkə daxilində repressiyaların daha da gücləndiyini bildirir. “Abzas Media”, “Meydan TV” və “Toplum TV” jurnalistləri həbs olunub, uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Siyasi opponentlər, fəallar və tədqiqatçılar da cinayət təqibinə məruz qalırlar. Bu kampaniya getdikcə Azərbaycanın sərhədlərindən kənara da yayılır, xaricdə yaşayan tənqidçilər qiyabi məhkum edilirlər.

Bir sıra yerli hüquq müdafiəçilərinə görə də, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.Onlardan 20 civarında şəxsin jurnalist olduğu bildirilir.Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalara və fasiləli döyüşlərə səbəb olub. Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.