Azərbaycan və Ermənistan ticarəti genişləndirir. Təhlilçilər bunun sülh quruculuğuna dəstək verəcəyini, Ermənistanın blokadasını yüngülləşdirəcəyini, Rusiyanın regiondakı rolunu tədricən zəiflədə biləcəyini deyirlər.
Bakı Yerevana enerji məhsulları ixrac edir, Qazaxıstan və Rusiyadan buğda üçün tranzit marşrutuna çevrilib.
Ermənistan rəsmiləri Azərbaycana ixrac olunacaq sənaye və kənd təsərrüfatı məhsullarının siyahısını yekunlaşdırmaq üzrə olduqlarını deyirlər.
"Ermənistanla Azərbaycanın bu davranışının Moskvanın Qafqazda təsirini azaltması ilə razıyam, amma burada Rusiya faktorunun nə dərəcədə rol oynadığını bilmirəm", – Beynəlxalq Böhran Qrupundan Coşua Kuçera AzadlıqRadiosuna deyib.
Təhlilçinin fikrincə, Rusiya amili ikinci dərəcəlidir: "Onların prioriteti münaqişənin həllidir, Rusiya, başqa bir ölkə ilə əlaqələri ikinci dərəcəlidir".
30 ildən çox münaqişə vəziyyətində olan iki ölkə ötən il Vaşinqtonda sülh sazişini paraflayıb. Bakı 2023-cü ildə Qarabağ üzərində tam suverenliyini bərpa edib. Münaqişə dövründə Ermənistan qismən blokada şəraitində olub, ən böyük ticarət tərəfdaşı Rusiya ilə ticarəti, əsasən, Gürcüstandan keçib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Paşinyan Naxçıvana alternativ yol təklif edir
Sərhədlər açıla bilərmi
Hazırda həm Bakı, həm də Yerevanın Moskva ilə əlaqələri ürəkaçan deyil.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurub. Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin sonunda AZAL təyyarəsinin vurulmasından sonra Moskvanı sərt tənqid edib.
Hər iki lider ABŞ-nin təşəbbüsü olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) dəstəkləyir. Bu yol Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistandan keçməklə birləşdirməlidir.
Hazırda Azərbaycandan Ermənistana məhsullar Gürcüstandan keçir. Yerevanda Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan iki ölkə arasında birbaşa ticarətin açılacağını istisna etmir: "Sonuncu dəfə Azərbaycandan vətəndaş cəmiyyəti fəalları şimaldakı Tavuş rayonundan sərhədi keçməklə gəlmişdilər. Yolun açılacağını gözləyə bilərik".
Amma bunun baş verməsindən ötrü "Bu keçidin delimitasiyası və demarkasiyası tamamlanmalıdır", - bunu isə Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
'TRIPP İranın qisasının əsas hədəfinə çevrilə bilər'
Rusiyanın bazarda dominantlığını azaltmaq
Ötən il Ermənistanın xarici ticarətinin 35.5 faizi Rusiyanın payına düşüb.
Ötən ilin dekabrında Azərbaycan Ermənistana 22 vaqon benzin göndərib. Amma ötən il Ermənistanın idxal etdiyi 490 min ton benzin və digər yanacağın üçdə ikisi Rusiyadan gəlib.
"Azərbaycandan istənilən həcmdə neft məhsulu, qaz Rusiyanın bazarda dominantlığını azaltmaq yönündə proqresdir", – Giraqosyan söyləyir. O, Yerevanın Azərbaycan ərazisindən keçməklə Türkmənistandan, elə Azərbaycanın özündən də qaz idxal edə biləcəyini bildirir.
Tərəflər yekun sülh sazişi imzalamadığından sülh kövrək olaraq qalır. Bakı Ermənistan konstitusiyasında Qarabağa ərazi iddiaları olduğunu deyir, dəyişdirilməsini tələb edir.
Giraqosyanın fikrincə, Qarabağ münaqişəsinin bitməsi ilə Rusiya prosesdən kənarlaşdırıldı. Axı Moskva hər iki tərəfə təzyiq göstərə bilirdi. Amma təhlilçi bu dəyişikliyin müvəqqəti olduğunu deyir.
"Ukraynada atəşkəsdən sonra qəzəbli, qisas hissi ilə alışıb yanan Putinin Rusiyanın itirilmiş nüfuzunu bərpa etməyə çalışacağını gözləyirəm. Ermənistanla Azərbaycanı bir-birinə bu ortaq təhdid yaxınlaşdırır", – o vurğulayır.